Bu gün şanlı ordumuzun sıralarında minlərlə gənc xidmət edərək, ölkəmizin müdafiəsini möhkəmləndirir. Gənclərimiz yiyələndiyi peşəyə, hərbi mundirə sədaqətlə xidmət edirlər. Hərbi peşəyə yiyələnmək insandan Vətən sevgisi ilə yanaşı, dərin praktiki və nəzəri biliklər tələb edir. Belə mənəvi keyfiyyətlərə malik olan komandirlər təcrübələrini tabeliyində olanlara aşılayır, onları bacarıqlı əsgərlər kimi formalaşdırırlar. Hərbi xidmət həyatına yeni qədəm qoyan əsgərlərimizin döyüşçü vərdişlərinin formalaşması, ixtisas biliklərinin dərindən mənimsənilməsi birbaşa peşəkar komandirlərimizin nəzarəti altında həyata keçirilir.
Salyan rayonunda dünyaya göz açan Azər Mikayılov 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb, "leytenant" rütbəsi ilə xidmətə başlayıb.
- Gənc yaşlarımdan hərbi peşəyə və hərbi mundirə olan sevgim həyat yolumu bu istiqamətdə qurmağımı şərtləndirdi. Böyüklərimin xeyir-duası ilə hərbçi peşəsini seçdim. Hərbi təhsili aldıqdan sonra zabit olaraq xidmətə başladım. Tabeliyimdə olan əsgərlərin nümunəvi xidmətlər və üstün keyfiyyətlərlə seçilməsi üçün böyük səylə çalışmışam. Bu gün şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlamaq üçün yuxarı komandanlıq tərəfindən qarşıya qoyulan tapşırıqları uğurla icra edirəm. Tabeliyində olanın döyüş ruhunun, Vətən sevgisinin yüksək olması hər bir komandirin vəzifə borcudur. Bölməmizin şəxsi heyəti xidmətinə və vəzifə borcuna ciddi yanaşır. Vətəni qorumağın ən ali vəzifə olduğunu dərk edən şəxsi heyət üzərinə düşən məsuliyyəti anlayır, övladlıq borcunu layiqincə ödəmək üçün xidmətini yüksək səviyyədə aparır. Əsgəri döyüşə hərtərəfli hazır etmək hər bir komandirin başlıca qayəsidir. Təbii ki, vətənpərvərlik hissi yüksək olan əsgərlərlə çiyin-çiyinə xidmət etmək mənim üçün də qürurvericidir. Həm də şəxsi heyətin uğurları hər bir komandir üçün başucalığıdır, - deyə zabit bildirdi.
Vətəni qorumağa borclusan. Vətəni Ana ilə bir tuturlar, çünki hər ikisinə olan sevgi ən ülvi hiss, ən ali bağlılıqdır. Minlərlə soydaşımız Ana Vətən üçün sinəsini sipər edib. Vətən elə Ana, Ana isə Vətəndir. Bu iki məfhumu bir-birindən ayırmaq mümkün deyil. Hərbçi peşəsi vətənpərvərlik peşəsidir. Hər sahədə çalışmaq gözəldir, amma vəzifəsi Vətəni qorumaq olan hərb peşəsi ən ali peşədir. Əsgərlərin də hərbi mühitə alışması üçün əlimdən gələni edirəm. Əsgər komandirinin güzgüsüdür. Bunun üçün də zabit şəxsi heyət üçün nümunə olmalıdır. Əsgərlərin qayğıları ilə mütəmadi maraqlanıb, onların bacarıqlı hərbçi, vətənpərvər gənclər kimi formalaşması üçün əlimdən gələni əsirgəmirəm.
Azərbaycan əsgəri son illər ərzində bütün dünyaya Vətən sevgisi anlayışını dərk etdirməyi bacardı. Bütün dünya gördü ki, Azərbaycan əsgərinin Vətənə bağlılıq hissinin qarşısında heç bir işğalçı qüvvə tab gətirə bilməz. Vətən sevgisi ən ali hissdir" - deyən gənc zabitin fikirləri bizi bir daha əmin etdi ki, vətənpərvər zabitlərimiz əsgərlərimizdə Vətən sevgisinin yüksək səviyyədə saxlanılmasına çalışırlar. Əsgərlərin xidmət müddətində komandirlərinin həm şəxsi keyfiyyətlərini, həm də döyüşçü bacarıqlarını öyrənməsi bizim gələcəyə olan inamımızın artmasının başlıca səbəbidir. Öz sələflərinin açdığı yolda bu gün mətin addımlarla irəliləyən gənc zabitlərimiz əsgərlərimizin də yoluna aydınlıq saçan işıq zərrələridir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"