Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2024 12:36

“Hərbi xidmət Vətənə sevgidir”

"N" hərbi hissəsində qürurla, başı buludlara dəyən dağların qoynunda, Vətənimizin müdafiəsinin müqəddəs yükünü çiyinlərində daşıyan əsgərlərimizin görüşünə tələsirik. Yüzlərlə metr yüksəklikdə yerləşən bölmələrimizə yaxınlaşdıqca dağların sərt küləyi üzümüzə vurur. Bu, əsgərlərimizin çətin iqlim şəraitinə baxmayaraq, Vətənin müdafiəsində qətiyyətlə dayandıqlarının, həm də Vətənə olan sevginin və sədaqətin simvoludur. Əsgərlərə yaxınlaşdıqca onların qəlbində yanan vətənpərvərlik atəşinin nə qədər böyük və sarsılmaz olduğunu duyuruq. Məhz həmin hərbi qulluqçuların hər addımı, hər nəfəsi Vətənin  ərazi bütövlüyü üçündür. Bu müqəddəs torpaqların keşiyində dayanan əsgərlər dağların vüqarını öz xarakterlərinə hopdurub, Vətən sevgisini hər daşda, hər qayada yaşadırlar.
Gizir Vüqar Nağıyev şəxsi heyəti təlimatlandırır. Komandir təhlükəsizlik qaydalarına ciddi riayət olunması, xidmətin mütəşəkkil təşkili və qarşıya qoyulan tapşırıqların dəqiq və vaxtında icrası ilə bağlı ətraflı məlumatları şəxsi heyətə çatdırır. Hər bir əsgərin  yüksək intizama və hazırlıq səviyyəsinə malik olduğunu görürük.
 Məlum olur ki, şəxsi heyət döyüş hazırlığını yüksək səviyyədə saxlamaq, müxtəlif şəraitlərdə düşmən təxribatlarının qarşısını almaq üçün nəzəri biliklərini və praktiki bacarıqlarını daim təkmilləşdirir. Hər bir əsgər öz vəzifəsini dəqiq bilir və əmr gəldikdə tərəddüd etmədən onu icra etməyə hazırdır. Bu ruh yüksəkliyi və hazırlıq Vətənə sonsuz sevginin bariz göstəricisidir.
Əsgər Nicat Bayramov Vətən keşiyində dayanmağın nə qədər böyük şərəf olduğunu ürək dolusu ifadə edir. O, hər gün sərt hava şəraitində və çətin relyefdə xidmət etməyin təkcə vəzifə deyil, həm də milli ruh və mənəvi borc olduğunu da vurğulayır. Əsgər Nicat Bayramov Vətənin hər qarış torpağını qorumağın ən mühüm vəzifə olduğunu deyir: “Vətənin müdafiəsində dayanmaq yalnız silah tutmaq deyil, həm də dövlətin suverenliyinin və əmin-amanlığının keşiyində durmaq deməkdir”.
Əsgər Manaf İmanov Vətəni qorumağın onun üçün də ən böyük həyat amalı olduğunu vurğulayır: "Vətənin keşiyində dayanmaq, mənim üçün hər şeydən önəmlidir. Vətənin təhlükəsizliyini qorumaq şərəfdir. Əsgər üçün Vətənin hər bir qarışı müqəddəsdir, bu torpağın hər daşı, hər qayası Vətəndir. Əcdadlarımızın qəhrəmanlıq yolunu davam etdirmək, bu şərəfli mirası gələcək nəsillərə ötürmək bizim borcumuzdur".
Əsgər Fuad Hüseynovun hər bir kəlməsi qətiyyət və vətənpərvərliklə doludur. "Mən əslən Ağdamdanam. Bu torpaqlar mənim ailəmin, ata-babalarımın yurdudur. Vaxtilə gözəlliklər içində olan Ağdam düşmən işğalı altında olarkən viran qalıb. Hazırda orada bərpa-quruculuq işləri aparılır. Qarabağın hər qarış torpağı müqəddəsdir. Hər dəfə burada silahı əlimə aldıqda işğaldan qurtuluş döyüşlərini xatırlayırıq. Mən və əsgər yoldaşlarım Vətən sevgisinin gücü ilə doğma torpağımızın keşiyində dayanırıq".
Əsgər Eltun Abbaslı da Vətənin müdafiəsində dayanan oğullarımızdandır. Əsgərimizin məğrurluğu duruşundan, baxışından, danışığından hiss olunur. Eltunun üzündəki qətiyyət onun Azərbaycan əsgəri adını şərəflə yaşatdığının təsdiqidir. O bildirdi ki, Vətənin müdafiəsində dayanan hər əsgər kimi, mənim də tək bir məqsədim var - Vətəni qorumaq. Bu müqəddəs vəzifənin ona verdiyi gücü və qüruru hiss etdirən Eltun, hər bir əsgərin döyüş mövqeyində bu ruhla dayandığını vurğulayır.
Əsgər İlkin Zeynalov səmimi sözləri ilə Vətənə sonsuz sevgi ilə xidmət etdiklərini bildirdi:
- Bizim üçün Vətəni qorumaq həyatın mənasıdır. Bu torpaqlar bizim kimliyimizdir, ruhumuzdur. Hər bir əsgər bilir ki, onun üzərinə düşən bu müqəddəs vəzifə, Azərbaycanın təhlükəsizliyi üçün vacibdir.
Əsgər İlham Həsənov da ürəkdolusu və vətənpərvərliklə danışır, İlham əsgər yoldaşları ilə birlikdə hərbi xidmətin hər gününün onun üçün həm qürur, həm də məsuliyyət olduğunu deyir. O, döyüş meydanında birlik və həmrəyliyin ən böyük güc olduğunu xüsusi qeyd edir: "Biz bir-birimizin yanında dayanaraq, çiyin-çiyinə bu müqəddəs missiyanı icra edirik. Hər bir əsgərin ürəyində eyni arzu var - Vətənin təhlükəsizliyi, xalqın sülh, əmin-amanlıqla yaşaması. Biz bu uğurda heç bir çətinlikdən çəkinmirik, bilirik ki, arxamızda bizə güvənən xalqımız var".
Əsgər Murad Abbaslı hərbi  peşəyə olan marağının formalaşmasında təcrübəli komandirlərinin böyük rolunu xüsusi vurğulayır. Muradın dediklərindən zabitlərin aşıladığı biliklərin necə əhəmiyyətli olduğunu dərindən hiss etmək mümkündür:
"Hazırlıqlı əsgər kimi formalaşmağımda ən böyük təsiri təcrübəli komandirlərim göstərdi", - deyə Murad qürurla danışır. "Onların bilikləri, peşəkarlığı və xidmətdəki nümunəvi davranışları mənə hərb sənətinin nə qədər vacib və şərəfli olduğunu anlamaqda kömək etdi".
Murad komandirlərinin ona yalnız hərbi texnikalar və taktikalar haqqında deyil, həm də liderlik və əsgərlik ruhunun önəmi barədə çox şey öyrətdiyini də qeyd edir: "Komandirlərim hər bir əsgərin potensialını üzə çıxarmaq, onların güclü tərəflərini inkişaf etdirmək və çətin vəziyyətlərdə necə doğru qərar vermək lazım olduğunu göstərirdilər. Onların öyrətdikləri dəyərli məsləhətləri mənim də əsgər kimi püxtələşməyimi təmin etdi".
"N" hərbi hissəsində hərbi qulluqçuların xidməti bir daha təsdiqləyir ki, Azərbaycan Ordusunda vətənpərvərlik və əzmkarlıq ruhunda əsl igidlər formalaşdırılır. Əsgərlər üçün hərbi xidmət Vətənə böyük sevgidir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"