Zabit peşəsi adi bir peşə deyil, hər bir addımında böyük məsuliyyət, fədakarlıq və Vətən sevgisini daşıyan müqəddəs bir yoldur. Zabit olmaq silahı təkcə çiynində deyil, vicdanında daşımaqdır. Hər bir zabitin ürəyində səmanın mavi dərgahı qədər geniş olan bir Vətən sevdası yatır. Onlar ölkənin hər bir qarış torpağını qorumaq üçün canlarından keçməyə hazırdırlar. Bu peşənin aliliyi zabitlərin fədakarlığında və onların xalq qarşısındakı andlarında öz əksini tapır. Belə zabitlərdən biri də baş leytenant Vüsal Hüseynovdur. Vüsal hələ uşaq yaşlarından doğma Vətəninə xidmət etməklə bağlı böyük arzularla yaşayıb. Hələ uşaqlıqdan Vüsalın qəlbində bir yurd sevgisi, Vətənə xidmət etmək istəyi olub. Böyüdükcə bu ülvi hissləri də böyüyüb, onun həyat yoluna, peşə seçiminə təsir edib. O, Vətəni uğrunda silah tutmağa, ona layiqli bir hərbi qulluqçu olaraq xidmət etməyə qərar verib. V.Hüseynov 1996-cı il iyulun 10-da Bakı şəhərində doğulub. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndindən olan Vüsal orta məktəbi bitirdikdən sonra 2014-2018-ci illərdə Neft Akademiyasında ali təhsil alıb. Bu təhsil müddəti onun üçün yalnız peşəkar bilik qazanmaq deyil, həm də özünü formalaşdırma dövrü olub. O, bu dövrdə də qəlbindəki hərbi sevdaya sadiq qalıb, hərbçi olmaq arzusundan geri dönməyib.
Nəhayət, Vüsal 2020-ci ilin sentyabrında uşaqlıqdan arzusunda olduğu hərbçi peşəsinə yiyələnmək üçün "Ehtiyat zabit hazırlığı” kursuna qəbul olub. Kursu bitirdikdən sonra Hərbi Hava Qüvvələrinə məxsus "N" hərbi hissəsində xidmətə başlayıb. Hərbi xidmətə bağlılığı, dəqiqliyi və məsuliyyəti onun bir zabit kimi formalaşmasında daim köməklik göstərib. O, bu gün də Vətən sevgisini hərbi xidmətinin hər bir anında nümayiş etdirməyə, zabit peşəsinin məsuliyyətini daima qürurla daşımağa çalışır.
Hazırda qüdrətli Azərbaycan Ordusunun sıralarında xidmət edən Vüsal öz hədəflərinə doğru irəliləyərək, Vətənə olan borcunu şərəflə yerinə yetirməkdə davam edir.
V.Hüseynovla söhbətimizdə hər zaman doğma Vətəninə bağlı olduğunu dilə gətirdi: "Ordu həyatında vətənpərvərlik günün ayrılmaz hissəsidir, hər bir hərəkətimiz bu hisslə doludur. Biz ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı olan qalib ordumuzun sıralarında xidmət edirik və bu hər bir hərbi qulluqçuya güc və inam verir", - zabit dedi.
Şübhəsiz ki, dünyanın aparıcı ölkələrinin orduları ilə bir sırada dayanan Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, intizamı, maddi-texniki təchizatı hazırda yüksək səviyyədədir. Bu gün Azərbaycan qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik güclü ölkələrdən biridir. Azərbaycan Ordusunun sıralarında vətənpərvər, peşəkar hərbçilərin sayı artdıqca, doğma Vətənimizin gələcəyi daha da parlaqlaşır. Vüsal kimi, Azərbaycan Ordusunda xidmət edən yüzlərlə vətənpərvər gənclərimizin varlığı xalqımızın güvənc yeridir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"