"Oğul düşmən çəpəridir" deyib atalarımız. Tarix boyu Vətənin başı üzərini qara buludlar alanda, silaha sarılan oğullar qəhrəmanlığı və igidliyi ilə düşmənə göz dağı olublar. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində 30 ilə yaxın davam edən işğalı sonlandırdı Azərbaycan əsgəri. Onlar Azərbaycanın qəhrəmanlıq tarixində yeni səhifə açdılar. Bu gün Hərbi Andı qəbul edib qalib Azərbaycan Ordusunun sıralarına daxil olan əsgərlərimiz düşmən işğalından azad olunmuş ərazilərimizdə xidmət edir, döyüş tapşırıqlarını şərəflə və layiqincə yerinə yetirirlər.
Vətənə sədaqət andı içən "N" hərbi hissəsinin bir qrup gənc əsgəri ilə görüşüb, onların təəssüratlarını qələmə aldıq.
Əsgər Orxan Ələkbərov:
- Rəşadətli ordumuzun əsgəri adını daşımaqdan çox qürurluyam. Vətənin hər bir oğlu əsgər formasını geyinib, onun keşiyində dayanmağa borcludur. Bu torpaq, bu Vətən şəhidlərimizin bizə əmanətidir. Onların əmanətlərini göz bəbəyimiz kimi qorumalıyıq. Şəhidlərimizin qanı, canı bahasına xalqımız azad, xoşbəxt, firavan və suverenliyini tam bərpa etmiş bir ölkədə yaşayır. Onların şərəfli döyüş yolu hər birimizə nümunədir. Vətəni necə sevməyi, onu necə qorumağı, müdafiəsində dayanmağı şəhidlərimizin həyat hekayəsini vərəqlədikcə öyrənirik. Onların adlarını yaddaşımıza həkk edir, qəlbimizdə yaşadırıq.
Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Binəqədi rayonu 83 saylı məktəb-liseydə almışam. Azərbaycan Texniki Universitetinin həm bakalavr, həm də magistr pillələrini bitirmişəm. Təhsil aldığım universitetin məzunları var ki, keçmiş tələbə yoldaşlarım, indi isə əsgər yoldaşlarımdır. Burada çoxlu dostlar qazanmışam. Deyirlər, əsgərlik vaxtı qazandığın dostluq unudulmur. Hər birimizin ən böyük arzusu Vətənimizə övladlıq borcumuzu layiqincə yerinə yetirib, alnıaçıq, başıuca valideynlərimizin, doğmalarımızın yanına dönməkdir.
Əsgər Pərviz Məmmədov:
- Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar elmlər təmayüllü liseydə oxumuşam. Sonra yüksək nəticələrlə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Magistratura təhsilimi dayandırıb hərbi xidmətə gəlmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra təhsilimi davam etdirəcəyəm. Artıq ilkin hərbi vərdişlərə yiyələnmişəm. Hərbi Andı qəbul edərək Azərbaycan Ordusu sıralarına daxil olmuşuq. Bütün hazırlıqlarımız yüksək səviyyədə davam edir. Komandirlərimizin öyrətdikləri ixtisas dərslərini dərindən mənimsəməyə çalışırıq. Atıcı silahların taktiki-texniki xüsusiyyətlərini böyük həvəslə öyrənirik. Komandirlərimiz arasında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında iştirak edənlər də var. Onlar bizə döyüş və atəş hazırlığı dərslərini həm nəzəri, həm də praktiki cəhətdən öyrədirlər. Vətənimizin müdafiəsində dayanmaq üçün gərək hazırlıqlı, bacarıqlı əsgər olasan. Komandirlərimizin bizə aşıladığı hərbi bilikləri mükəmməl şəkildə öyrənməliyik.
Əsgər İlkin Nəcəfalıyev:
- Qorxubilməz qəhrəman Mübarizlərin, Aqşinlərin, Orxanların döyüş yolundan dərs almışıq. Bizdən öncə gələnlər də qəhrəmanlarımızın döyüş yolunu öyrənmişdilər, biz də öyrənirik, gələcək nəsillər də öyrənəcəklər. Torpaqlarımızın bütövlüyü naminə canından keçən hər bir şəhidimizin adı illər, əsrlər keçsə də, xalqımızın yaddaşından silinməyəcək. Əslən Zəngəzur mahalındanıq. Atam Qarakilsə rayonunun Sofulu kəndindəndir. O yerləri görməsəm də, təbiətinin gözəllikləri, zəngin coğrafiyası haqqında böyüklərin danışdıqlarını dinləmişəm, xatirələrini eşitmişəm. Bakı şəhəri Suraxanı rayonunda doğulub böyümüşəm. Suraxanı rayon 280 saylı orta məktəbdə oxumuşam. Orta məktəbi əla qiymətlərlə başa vurub Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Əmim Birinci Qarabağ müharibəsi əlilidir. Vətənpərvər bir ailədə tərbiyə almışam. Zamanı gələndə "mən də hərbi xidmətə gedib, əsgər forması geyinəcəm", - demişəm.
Əsgər Cavad Məmmədli:
- Vətənə, torpağa, bayrağımıza bağlılıq hər bir gəncin həyatının amalıdır. Bayrağını sevən gənc xalqını, dövlətini, ordusunu sevəcək. Hərbi formanı geyinib Vətənin müdafiəsində dayanacaq, torpağını qoruyacaq. Əsgər yoldaşlarımla hərbi vərdişlərimizi, hazırlıqlarımızı böyük həvəslə artırırıq. Çalışırıq ki, komandirlərimizin bütün tapşırıqlarını vaxtında yerinə yetirək. Bakı şəhərində yerləşən Avropa Azərbaycan Məktəbindən məzun olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetində həm bakalavr, həm də magistr pillələrini ingilis dilində bitirmişəm. Arzum xidmətimi başa vurduqdan sonra bir vətəndaş olaraq, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində çalışmaqdır.
Əminliklə deyə bilərik ki, "N" hərbi hissəsində təəssüratlarını qələmə aldığımız gənc əsgərlər ölkəmizin əsl vətəndaşı kimi xalqımızın rifahı, xoşbəxt gələcəyi naminə Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edəcəklər.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"