Ordumuzun şəxsi heyəti 44 günlük Vətən müharibəsində əsl rəşadət və şücaət göstərdi. Onların igidliyi həmişə nümunə göstəriləcək. "N" hərbi hissəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə fədakarlıqla iştirak edən, xalqımıza Zəfər sevinci yaşadan hərbçilərimiz haqqında iftixarla söhbət açdıq. Belə hərbçilərimizdən biri də Eynur Əliyevdir. Onun həyat və xidmət yolu haqqında qeydlər apardım.
Yeniyetməlik yaşlarından hərbi həyata maraq göstərən, ölkəmizin həyatında baş verən hadisələrə, torpaqlarımızın işğal edilməsinə biganə qala bilməyən Eynur Vaqif oğlu Əliyev də bütün peşələrdən şərəfli olan zabit peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyub.
1986-cı ildə Bakı şəhərində anadan olan Eynur, Binəqədi rayonundakı 99 saylı məktəbdə təhsil alıb. Məktəbdə keçirilən vətənpərvərlik tədbirlərində fəal iştirak edib. Müəllimlərinin etimadını həmişə doğruldub. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Arzuladığı məktəbin kursantı olması sevincini yaşayıb. Liseydə də fərqlənən kursantlardan olub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib. Seçdiyi peşənin sirlərini təcrübəli zabitlərdən, müəllimlərdən öyrənməyə, bilik və bacarığını artırmağa çalışıb. 2009-cu ildə Ali Hərbi məktəbi bitirərək artilleriya ixtisasına yiyələnib. "Leytenant" hərbi rütbəsinin verildiyi günü isə həyatının ən əlamətdar günü kimi qiymətləndirir. Çünki silahdaşları ilə Vətənə, xalqa fədakarlıqla xidmət edəcəklərini Ermənistan ordusu tərəfindən işğal edilmiş torpaqlarımızın xilaskarları sırasında olacaqlarına bir daha əminliklərini ifadə ediblər. Onu "N" hərbi hissəsinə taqım komandiri vəzifəsinə təyin ediblər. İlk gündən komandirlik etdiyi şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksək olması üçün səy və bacarığını əsirgəməyib. Vətənpərvərlik mövzusunda maarifləndirici söhbətlərə üstünlük verib. Qədim və zəngin tariximiz, Milli Qəhrəmanlarımız haqqında söhbətlər aparıb.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Həmin döyüşlərdə ordumuz tərəfindən düşmənin xeyli canlı qüvvəsi, texnikası, silah-sursatı məhv edildi. İşğal altında olan torpaqlarımızın bir hissəsi azad olundu. Beləliklə də, düşmən ordusu şanlı ordumuzun gücünü, qüdrətini gördü. Müzəffər Ali Baş Komandan tərəfindən artilleriyaçıların xidmətləri də yüksək qiymətləndirildi.
Mənfur düşmən işğalda saxladığı torpaqlardan çıxmamaq üçün çirkin niyyətlərə, təxribatlara əl atırdı. 2020-ci ilin 27 sentyabrında düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan əks-hücum əmri verdi. Ordumuz düşmən ordusuna qarşı döyüş əməliyyatlarına başladı. Qısa müddətdə yenilməz ordumuzun hissələri düşmənin ərazilərimizdə qurduqları sədləri, səngərləri, maneələri darmadağın edərək, rayon və şəhərlərimizi azad etməyə başladı. Rəşadətli döyüşçülərimiz böyük igidliklə ərazilərimizi azad etdilər. Əks-hücum əməliyyatında mayor Eynur Əliyevin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də qarşıya qoyulan bütün tapşırıqları yüksək bacarıqla yerinə yetirdi. Tariximizə əbədi olaraq Zəfər salnaməsi yazıldı. Bu tarixi Zəfəri yazanlar sırasında olmasından həmişə qürur hissi keçirən mayor Eynur Əliyevin xidmətləri də Müzəffər Ali Baş Komandan tərəfindən mükafatlandırıldı. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olundu.
Böyük Qələbəmizlə başa çatan döyüşlərdən sonra mayor Eynur Əliyev ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirərək, xidmətini "N" hərbi hissəsində davam etdirdi. Əsas məqsəd və məramının şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin daim yüksək olduğunu bildirən təcrübəli zabit şəhidlərimizin canı bahasına təmin olunan suverenliyimizin və ərazi bütövlüyümüzün keşiyində hər zaman mətin dayandıqlarını qətiyyətlə vurğulayaraq dedi ki, Qələbədən sonra daha məsuliyyətlə xidmət edirik.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"