Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2024 18:46

Təlimlər şəxsi heyətin fərdi bacarıqlarını daha da təkmilləşdirir

Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan müasir ordu quruculuğunun uğurla icrası dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən bu gün də davam etdirilir.
Regionun ən güclüsü, yenilməz və qalib ordumuzun döyüş hazırlığının daha da möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin şəxsi heyətə dərindən aşılanması, komandirlərin hərbi biliklərinin, idarəçilik qabiliyyətlərinin, əsgərlərin fərdi bacarıqlarının, eləcə də döyüş ruhunun daha da artırılması məqsədilə bölmələrimizdə döyüş hazırlığı dərslərinin, təlimlərin mütəmadi keçirilməsi prioritet məsələ olduğu üçün, təlimlərdə şəxsi heyətin nəzəri bilikləri sınaqdan keçirilir, onlar öyrəndiklərini təlim meydanında praktiki icra edərək bacarıqlarını möhkəmləndirirlər. Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən təlimlərdə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi döyüş əməliyyatlarında qazanılan qələbənin təminatçısı olur. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə həyata keçirilən digər uğurlu əməliyyatlarda bunun əyani şahidi olduq. Təlim meydanlarında döyüş hazırlığını, müasir silah və texnikadan istifadə bacarıqlarını möhkəmləndirən şəxsi heyət bu əməliyyatları zəfərlə başa çatdırdı.
Beləliklə, şəxsi heyət günün vaxtından, ərazinin iqlimi və relyefindən asılı olmayaraq həm döyüş bacarığını artırır, həm də gündəlik xidməti fəaliyyətini arzuolunan şəraitdə təşkil edir. Təcrübəli komandirlərimiz də öz növbəsində əsgərlərlə öz bilik və bacarıqlarını bölüşür, onların mənəvi-psixoloji vəziyyətini daim nəzarətdə saxlayırlar.
İşğaldan azad olunmuş, şanlı üçrəngli bayrağımızın dalğalandığı tarixi torpaqlarımızdan birində yerləşən Quru Qoşunlarının "N" hərbi hissəsinin minaatan bölməsinin çöl dərsində iştirak etdik. Minaatan heyəti məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elnur Bəkirovun komandalarını qəbul edir, verilən tapşırıqları cəldlik və dəqiqliklə yerinə yetirirdi. Bölmədəki döyüş ruhu şəxsi heyətin sinxron olaraq - hər kəs öz tapşırığına uyğun - komandaların peşəkarlıqla icrasından aydın hiss olunurdu. Məşğələ başa çatdıqdan sonra məşğələ rəhbəri ilə həmsöhbət olduq. Elnur ordu rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara əsasən, məşğələlərin təşkil olunduğunu qeyd edərək söhbətə başladı. "Döyüş hazırlığının tərkib hissəsi olaraq şəxsi heyət həm sinif, həm də çöl dərslərində müvafiq olaraq öz ixtisasının nəzəri və praktiki üsullarını daha dərindən mənimsəmək üçün məşq edir. Daha sonra şəxsi heyətin mənimsədiyi bilik və bacarıqlar sınaqdan keçirilir. Gördüyünüz kimi, bölməmizin hərbi qulluqçuları normativi tələb olunan vaxt ərzində, dəqiqliklə yerinə yetirdilər. Heyətin hər bir üzvünün döyüş qabiliyyəti həm qrup şəklində, həm də fərdi şəkildə yoxlanılır. Uzun müddətdir ordu sıralarında xidmət edirəm və xidmət müddətində müxtəlif təcrübəli komandir və igid əsgərlərlə yollarım kəsişib. 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə peşəkar komandirlər və şəxsi heyətimizlə birlikdə düşmənin müxtəlif hərbi təyinatlı nöqtələrinə zərbələr endirmişik. Qələbədə az da olsa payım varsa, çox xoşbəxtəm. Həmin günlər tarixi günlər idi, qürurlu günlər idi. Şəhidlərimizin qisası alındı. Bu gün tarixi torpaqlarımızda xidmət etməkdən və əsgərlərimizə hərbi bilik və bacarıqları aşılamaqdan qürurluyam", - deyən çavuş E.Bəkirov söhbətini başa vurdu.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teyyub Yaqubov bildirdi ki, minaatan qurğunun istifadəsi zamanı hər bir heyət üzvü öz vəzifəsini bilməli və vaxtının hər saniyəsini düzgün istifadə etməlidir. "Bunun üçün də normativlər dəqiq və vaxtında icrası vacib şərtdir. Şəxsi heyət həm qrup şəklində, həm də fərdi şəkildə komandaları icra etməyi bacarmalıdır. Dərs və məşğələlərdə "döyüşə" və "səfərə" komandalarının icrası, hədəfin təyin edilməsi, atəş mövqeyinin seçilməsi və dəyişdirilməsi üzrə müxtəlif normativlər icra olunur. Günün müxtəlif vaxtlarına uyğun olaraq dərslər keçirilir".
Daha sonra minaatan heyət nəfərləri ilə həmsöhbət olduq. Əsgər Rəvan Mənsumzadə təcrübəli komandirlər sayəsində ixtisasının incəliklərini mənimsədiyini qeyd etdi. "Peşəkar komandirlərimizdən ixtisasımızın və minaatan qurğunun incəliklərini öyrənmişik. Onların sayəsində verilən komandaların icrasını rahatlıqla yerinə yetiririk. Bizim layiqli vətəndaş kimi formalaşmağımızda komandirlərimizin böyük rolu var", - əsgər R.Mənsumzadə dedi.
Xidmətinin başa çatmasına sayılı günlər qalmış əsgər Vüsal Şamxalovdan bu kollektivdən ayrılmanın ona nə hiss bəxş etdiyini soruşduq. "Təbii ki, hər şeyin əvvəli və sonu olan kimi, xidmətin də başlama və bitmə nöqtəsi olur. Təcrübəli komandirlərim və sadiq əsgər yoldaşlarımdan ayrıldığım üçün məyusam. Lakin xidmətim müddətində öz hərbi intizamımla, bilik və bacarığımla müsbətə doğru fərqlənməyi bacararaq komandirimə və ailəmə başucalığı gətirərək xidmətimi başa vuracağım üçün sevincliyəm. Silahdaşlarımla yoldaşlığımız bundan sonra da davam edəcək, çünki hərbi xidmətdə qazanılan dostluq ən sadiq dostluqdur".
Əsgər yoldaşından fərqli olaraq hələ xidmətinin çox hissəsi qarşıda olan heyət üzvü Sərvan Cəfərzadənin də fikirlərini qələmə aldıq. "Bu ixtisasa yiyələnərkən, çətinlik çəkəcəyimi düşünmüşdüm. Lakin bölməmizdə təcrübəli komandirlərimizin və əsgər yoldaşlarımın köməyi və dəstəyi ilə bu ixtisasın həm nəzəri, həm də praktiki hissəsini öyrənməyi bacardım və bu gün də öz üzərimdə çalışmaqda davam edirəm".
Bölmədə yaradılan yüksək səviyyəli şəraitdən danışan əsgər Məcid İsmayılov minaatan heyət nəfəri olmağın yüksək fiziki və mənəvi-psixoloji hazırlıq tələb etdiyini qeyd etdi. "İdman şəhərciyində, ideoloji otaqlarda, kitabxanada günün nizam qaydalarına uyğun olaraq, fəaliyyətlərimizi təşkil edirik. İdman fiziki gücümüzə, ictimai-siyasi hazırlıq, asudə vaxt, kitabxana guşəsi mənəvi gücümüzə müsbət təsir göstərir. Özümüzü həm fiziki, həm də psixoloji olaraq həm xidmətə, həm də tapşırıqların icrasına hazır hiss edirik. Komandirlərimizin nəzarəti altında xidmətimizi lazımi səviyyədə təşkil edirik. Onlar bizə doğma münasibət və qayğı göstərir, qayğılarımızla maraqlanırlar. Bölməmizdə əsl ailə mühiti yaranıb ki, buna görə də  komandirlərimizə borcluyuq".
İzlədiyimiz dərs prosesi, əsgərlərimizin qətiyyətli sözləri bir daha ordumuzun gücünün, şəxsi heyətin vətənpərvərliyinin təsdiqi oldu. Bir daha əmin olduq ki, Azərbaycan əsgərinin döyüş hazırlığı və Vətən sevgisi hər zaman yüksəkdir.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"