Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2024 18:40

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasəti

Suallar:
1. Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasətinin formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə və tarixi ədalətin bərpası uğrunda mübarizə.

Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasətinin formalaşması tarixi


Yerləşdiyi coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə "Avrasiyanın dayaq nöqtəsi" kimi xarakterizə olunan, eyni zamanda, tarixən geosiyasi maraqların toqquşduğu bölgə olan Cənubi Qafqaza əsrlər boyu imperialist güclər sahib olmağı hədəfləmiş və bu yolda təhlükəli silah kimi başlıca rol oynayan ermənilərdən istifadə etmişlər. Ermənilər ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regiondan kənar qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satmış, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar, yeni-yeni ərazilər, əlavə imtiyazlar almışdır.
"Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin 200 ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni ideoloqlarının uydurduğu "dənizdən-dənizə Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Rusiya imperiyası XVIII əsrin sonlarından Azərbaycanın Xəzəryanı torpaqlarını nəzarətə götürməyə başladı. XIX əsrin əvvəllərində Rusiya imperiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başlamışdır. Rusiya imperiyası tərəfindən ermənilərin XIX əsrin ilk qərinəsində Şimali Azərbaycan torpaqlarına köçürülməsini iki mərhələyə ayırmaq olar: 1801-1828-ci il Türkmənçay müqaviləsinədək olan dövr və Türkmənçay müqaviləsindən sonrakı ilk illər.
1801-1828-ci illərdə Çar Rusiyası tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi, əzəli Azərbaycan torpaqlarını erməniləşdirilməsi siyasəti ərazilərimizin ələ keçirilməsi prosesi ilə paralel getmişdir. Rusiya imperiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını ələ keçirdi. 1805-ci il mayın 14-də Qarabağ, 21-də isə Şəki xanlıqları ilə onların Rusiya imperiyasının himayəsinə keçməsi haqqında Kürəkçay müqavilələri imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə belə bir müqavilə imzalandı. 1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü ildə Talış xanlığı ilhaq edildi. Rusiya imperiyası, eyni zamanda, Qacarlar dövləti ilə (1804-1813) aparılan müharibənin sonunda bağlanan Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan torpaqları Çar Rusiyasının tərkibinə keçdi. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov Gəncə, Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarına ermənilərin köçürülməsində xüsusi fəallıq göstərirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha da geniş miqyas aldı.
1804-1813-cü illərdə Rusiya imperiyası - Qacarlar və elə həmin dövrdə gedən Rusiya imperiyası - Osmanlı müharibəsi (1806-1812) Rusiyanın Azərbaycan torpaqlarının tam ələ keçirilməsi planlarına son vermədi. 1826-cı ildə Rusiya imperiyası Qacarlar dövləti ilə yeni müharibəyə (1826-1828) başladı. Qeyd edilən müharibə Türkmənçay müqaviləsi ilə nəticələndi və həmin müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da (210 min kv.km. ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya) Rusiya imperiyasının nəzarətinə keçdi. Osmanlı dövləti ilə Rusiya imperiyası arasında aparılan 1828-1929-cu illər müharibəsinin sonunda isə Ədirnə sülh müqaviləsi bağlanıldı və Osmanlı dövlətindən də ermənilərin Azərbaycana kütləvi köçürülməsi başlanıldı.
Nəticədə Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü. Şimali Azərbaycan əraziləri süni bölgülərə məruz qalaraq, Rusiya imperiyası tərkibində müxtəlif inzibati hissələrə parçalandı. Ermənistanın 1988-ci ildən etibarən əsassız iddia irəli sürdüyü keçmiş "Dağlıq Qarabağ" ərazisi o vaxt Yelizavetpol quberniyasına daxil idi. Müstəmləkə siyasətini həyata keçirən çarizmin istifadə etdiyi üsullardan biri digər xalqların (erməni, rus və s.) regionuna köçürülərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi idi. Yerləşdirmədə üstünlük ermənilərə verildi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından, Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqlarının psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan itaətkar ermənilər bu işə digərlərindən daha münasib idilər. 1828-1830-cu illərdə Cənubi Qafqaza Qacarlar (İran) dövlətindən 40 min və Osmanlı imperiyasından (Türkiyə) 90 minə yaxın erməni Yelizavetpol və İrəvan quberniyasında ən yaxşı torpaqlarda quberniyanın dağlıq hissəsi (keçmiş "Dağlıq Qarabağ") və Göyçə gölünün sahillərində məskunlaşdırıldı.
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin ikinci yarısında oldu. Osmanlı dövlətinin ərazisində hökumət əleyhinə baş verən qiyam yatırıldıqdan sonra "Daşnaksütyun" və digər erməni təşkilatları tərəfindən 35-60 min terrorçu erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşma nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 100 min erməni yaşayırdısa, 1886-cı ildə onların sayı 259 min nəfərə çatdırıldı. Ermənilərin yerləşdirilməsi ilə Cənubi Qafqazda etnik-milli ziddiyyətlərin, münaqişələrin və axıdılan qanların toxumu səpildi. "Hnçak" (Zəng), "Daşnaksütyun" (İttifaq) və s. terror təşkilat və komitələri quruldu. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında tarixdə heç bir zaman olmayan "Böyük Ermənistan" ideyası ermənilər üçün uyduruldu. Mövqeləri möhkəmlənən ermənilər yerli xalqlara düşmən münasibəti bəsləyərək onları sıxışdırmağa başladılar. Sosial-iqtisadi, siyasi, milli və dini ziddiyyətlər yarandı.
Rusiya imperiyasının himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin Qacarlar (İran) və Osmanlı (Türkiyə) dövlətlərindən Rusiyanın tərkibinə daxil edilmiş torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, ermənilərə olan münasibətlərin qanunauyğun nəticəsi idi. Bu münasibətlərin əsasını yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə və tarixi ədalətin bərpası uğrunda mübarizə

Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı. Ermənilərin yerli əhaliyə nifrəti böhranlı anlarda açıq düşmənçiliyə çevrildi. 1905-1907-ci illər Rusiyada baş vermiş inqilabın gedişində çarizmin təhriki ilə erməni-azərbaycanlı qırğınları (İrəvanda) törədildi. "Daşnaksütyun"un yaratdığı xüsusi silahl dəstələr Bakıda, Qarabağda və digər ərazilərdə azərbaycanlıları soyqırıma məruz qoydular.
Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi və törətdikləri kütləvi qırğınlarda növbəti mərhələ Birinci Dünya müharibəsi illəri oldu. Çarizm müharibə illərində "Türkiyədə yaşayan qardaşlarının azad edilməsi" şüarı altında erməni silahlı dəstələrini Osmanlı ərazisi, Cənubi Azərbaycan və Cənubi Qafqazda formalaşdıraraq Rusiya ordusunun cərgələrini doldurdu. Bu dəstələr Anadoluda və Cənubi Azərbaycanda dinc türk əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Müharibə illərində (1915) Türkiyədən gətirilmiş 100 min, İrandan 120 min erməninin Cənubi Qafqaza məskunlaşdırılması yenə də azərbaycanlılara məxsus torpaqlarda həyata keçirildi. Onlar əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ildə İrandan və Türkiyədən Eçmiadzinə köçürülən ermənilərin sayı 60 mindən çox idi. Həmin illərdə İrəvan quberniyasına 120 min, Şuşa və Cavanşir qəzalarına 25 min erməni yerləşdirildi.
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində, milliyyətcə erməni olan Stepan Şaumyanın başçılıq etdiyi bolşevik hakimiyyəti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Erməni millətçiləri həmin vaxt etiraf edirdilər ki, Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində, həmin ordu Erməni Milli Şurasına tabe idi. Belə vəziyyətdən istifadə edərək Bakı Soveti və Daşnaksütyundan ibarət olan erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu dəhşətli soyqırımı nəticəsində 1918-ci il ərzində 40 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Rusiya imperiyasının süqutunun ardınca İrəvan quberniyasının ərazisində erməni dövləti yaradılmış, Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş və nəticədə onun ərazisi 9 min kv. km.-dən 29,8 min kv. km.-ə çatdırılmışdır.
Ermənistan ərazisində ata-baba torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlılara muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə keçmiş qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açılmış oldu və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyuldu.
Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci illərdə olduğu kimi, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.
Nəhayət, son sıxışdırma və təcavüz dalğası XX əsrin sonlarında başladı. 1988-1994-cü illərdə erməni millətçilərinin məskunlaşdıqları ərazilərdə "Böyük Ermənistan" yaratmaq istəkləri Azərbaycan xalqının əzəli torpaqlarından qovulmasına və kütləvi insan itkilərinə məruz qalması ilə nəticələdi. Əsrin əvvəllərində olduğu kimi, sonlarında da ermənilərin azərbaycanlılara qarşı ən qanlı cinayətlərdən birini, azərbaycanlıların kütləvi soyqırımını - Xocalı faciəsini törətdilər. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Bağanis-Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımından bir neçə gün əvvəl isə fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalı haqqında demişdir: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".
Qüdrətli Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqı 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək illərin həsrətini sonlandırdı, düşmənə sarsıdıcı zərbə vurdu. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonra 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç bir güllə atmadan qaytarılması prosesi yekunlaşdı.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı birləşmələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirərək onları diz çökdürməklə yanaşı, Azərbaycan xalqının son 200 il ərzində qarşılaşdığı və təkcə azərbaycanlılara deyil, bütün bölgəyə təhlükə yaradan, miqyasından dəfələrlə böyük bir problemi həll etdi və Ulu Öndər Heydər Əliyevin illər öncə dediyi sözləri təsdiqlədi.
İşğala məruz qalmış torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Qalibiyyət rəmzi kimi! Azərbaycan Ordusunun qüdrəti kimi! Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağının dalğalanması bütün azərbaycanlıların, Azərbaycanın dövlətçiliyinə sayğısı olan dövlətlərin vətəndaşlarının hamısının qürurudu, şəhidlərin ruhuna gözaydınlığıdı...

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi