Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2024 18:40

Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Antiterror əməliyyatının uğurla başa çatmasının 1-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov müsahibə verib.
-    Cənab polkovnik, 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatından artıq bir il ötür. Əməliyyatdan danışarkən hansı məqamları qeyd etmək istərdiniz?
-    Sualınıza cavab verməzdən öncə bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların ailə üzvləri və yaxınlarına səbir, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə Allahdan şəfa diləyirəm.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə faktoru göstərmək olar.
Bildiyiniz kimi, 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalansa da, Ermənistan silahlı birləşmələri Qarabağdan tam həcmdə çıxarılmadı və qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazilərimizdən çıxarılması ilə bağlı Ermənistan tərəfindən heç bir tədbir görülmədi. Əksinə, erməni silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirildi, qanunsuz yollarla ərazilərimizdə hərbi daşımalar edilməsi cəhdləri səngimədi. Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz ərazilərdə təkmilləşdirilmə məqsədilə fəal mühəndis-istehkam işlərinin həyata keçirildiyi, silah və texnika cəhətdən mövqelərin gücləndirilməsi, kəşfiyyat-diversiya qruplarının fəaliyyətinin aktivliyi, terror-təxribat məqsədilə minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların yenidən minalanması hadisələri mütəmadi olaraq kəşfiyyat və müşahidə vasitələrimiz tərəfindən müəyyən edilirdi.
Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən Qarabağ İqtisadi rayonunda 500-dən artıq döyüş mövqeyinin, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyinin hazırlandığı müəyyən edilmişdi. Bundan əlavə, Yer-Hava raket sistemləri üçün 12 HHM start mövqeyinin, 30-a yaxın radioelektron mübarizə (REM) sisteminin və 6 radiolokasiya sisteminin koordinatları, həmçinin 15-18 minlik şəxsi heyəti olan hərbi qruplaşmanın mövcudluğu da tərəfimizdən müəyyən edilmişdi. Eyni zamanda 70-dən artıq polimer tipli yeraltı sığınacaq, 17 silah-sursat (RAS) və yanacaq (YSM) anbarı, bir neçə mina anbarının quraşdırıldığı, həmçinin bəziləri dərinləşdirilmiş olmaqla 45 daimi dislokasiya və komanda məntəqəsinin yeri tərəfimizdən tam dəqiqləş¬dirilmişdi. Xüsusi vurğulamaq istərdim ki, anbarlardan bir neçəsi antiterror əməliyyatı zamanı ordumuzun dəqiq zərbəsi nəticəsində sıradan çıxarılmış, digərləri isə bölmələrimiz tərəfindən ələ keçirilmişdi. Həmçinin erməni hərbçiləri tərəfindən əksər hərbi obyektlərin mülki infrastruktura uyğun maskalanması barədə  əlimizdə dəqiq informasiya var idi.
Onu da qeyd etməliyəm ki, Vətən müharibəsindən sonra Ermənistandan Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət, yanacaq və minaların daşınması üçün Şuşa şəhərindən yan keçən alternativ torpaq yolu çəkilmişdi. Bir çoxu 2021-ci ildə, yəni Vətən müharibəsindən sonra Ermənistanda istehsal edilmiş minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxın ərazilər, meşəliklər və magistral yollarda, həmçinin təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə basdırılmışdı.
Bundan əlavə Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən erməni əsilli Azərbaycan sakinlərinin məskunlaşdığı yaşayış məntəqələrində döyüş texnikalarının yerləşdirilməsi, həmin yaşayış məntəqələrinin ətrafında uzunmüddətli atəş mövqelərinin qurulması və bölmələrimizin atəşə məruz qalması, hədə-qorxu gəlməklə erməni əsilli mülki sakinlərin silahlanmaya məcbur edilməsi və Ordumuzun bölmələrinə qarşı silahlı təxribatlara təhrik edilməsi barədə məlumat əldə edilmişdi.
Qarabağ iqtisadi zonasında fəaliyyət göstərən mühüm strateji infrastruktur obyektlərinin, su anbarlarının, körpülərin, iaşə və istehsal obyektlərinin partladılması məqsədilə təxribat-diversiya planları, dağlarda, meşələrdə və strateji yüksəkliklərdə qeyri-qanuni erməni silahlı dəstələrinin gizlənməsi və tərtiblənərək mövqelər qurması, həmçinin azad edilmiş ərazilərə qayıdan azərbaycanlı ailələrin, həmçinin tikinti-quruculuq işlərində çalışan mütəxəssislərin qeyri-qanuni erməni silahlı dəstələrinin təxribat-diversiya aktlarına və artilleriya atəşinə məruz qalacağı barədə də kifayət qədər məlumatlar var idi.
480 kilometrə qədər təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq müşahidə kamerasının quraşdırıldığı Ordumuzun kəşfiyyat vasitələri tərəfindən müəyyən olunmuşdu.
Narahatlıq doğuran daha bir məsələ isə Ermənistan silahlı birləşmələrinin qalıqlarının qaldığı ərazilərdə "Voma", "Yerkrapah" "Artsiv-30-Ararat" terror təşkilatları və "İşığın ordusu", “Qırmızı beretlilər 5165", “Erməni qartalları”, “Aramo 114" könüllü dəstələrinin  11 təlim və tədris mərkəzində döyüş hazırlığı və atış çalışmalarına cəlb edilməsi idi.
Yəni biz düşmənin hər bir addımından xəbərdar idik və münasib məqamı gözləyirdik. İmkan, şərait yarandı, vaxt yetişdi və Ali Baş Komandan tərəfindən tapşırıq verildi. Cənab Ali Baş Komandan nəyin nə vaxt ediləcəyini yaxşı bilirdi. Silahlı Qüvvələrimiz isə dövlət başçısının tapşırığını uğurla, inamla və qısa zamanda yerinə yetirdi.  
-    Cənab polkovnik, Vətən Müharibəsindən antiterror əməliyyatına qədər ötən dövrə nəzər salaq... Biz həmişə olduğu kimi, səbirli davrandıq, amma Ermənistan tərəfi təxribatlardan əl çəkmədi. Məhz bu təxribatlar antiterror əməliyyatını şərtləndirdi. Ordumuzun uğurlu antiterror əməliyyatı Azərbaycan ərazisində separatizmin kökünü kəsdi...
-    Antiterror əməliyyatını zəruri edən bəzi xronoloji məqamlara toxunmaq istərdim. 2022-ci il martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri bölmələrimizə qarşı daha bir təxribat törətməyə cəhd göstərdi. Tərəfimizdən görülən tədbirlər nəticəsində silahlı dəstələrin üzvləri geri çəkilməyə məcbur edildi. Erməni silahlılarının aktivləşməsi Ağdam şəhəri və rayonu ərazisində infrastrukturun bərpası işlərini həyata keçirən şirkətlərin mülki işçilərinin həyatı üçün ciddi təhlükə yaradırdı. Mümkün təxribatların qarşısını almaq məqsədilə bölmələrimiz qısa müddətdə Fərrux kəndi və ətrafındakı hakim yüksəklikləri nəzarətə götürərək orada döyüş mövqeləri qurdu. Lakin bir müddət sonra bizim mövqelərimiz atəşə məruz qaldı. Dərhal görülmüş tədbirlər nəticəsində erməni silahlılarının atəş nöqtələri susduruldu və bölmələrimiz yeni mövqelərdə möhkəmləndi. Fərrux dağının ətəyindəki geniş vadi nəzarətə götürülərək Cinli, Çullu, Əlimədətli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyi, habelə Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət təmin edildi. Bölmələrimiz Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini su ilə təmin edə biləcək Xaçınçay su anbarını mühafizə altına aldı. Əməliyyat nəticəsində 14,84 km2 ərazi nəzarətə götürüldü. Fərrux istiqamətində qurulmuş yeni mövqelər əvvəlkilərdən 500 metr və daha artıq hündürlükdə yerləşməklə, bölmələrimizə düşmən üzərində üstünlük qazandırdı. Ancaq qeyri-qanuni erməni silahlıları növbəti təxribata əl atdılar.
2022-ci ilin avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmaq məqsədilə Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti terror-təxribat əməli törətdi. Azərbaycan Ordusu bölmələrinin bu təxribata cavab olaraq keçirdiyi “Qisas” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə rayonunun Yuxarı Ortakənd yaşayış məntəqəsindəki hərbi hissəsinə havadan zərbə endirildi. Nəticədə onların canlı qüvvəsi, artilleriya qurğuları, avtomobil texnikası və çoxlu sayda döyüş sursatı məhv edildi.
Əməliyyat zamanı Qarabağın qərb hissəsi boyu 100 kilometr məsafədə yerləşən erməni silahlı dəstələrinin döyüş mövqeləri dağıdıldı, təhlükəsizliyin təmin edilməsi məqsədilə Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Buzluq, Üçdik, Qırxqız, Sarıbaba və digər əhəmiyyətli yüksəkliklər nəzarətə götürüldü, bölmələrimiz həmin hakim yüksəkliklərdə tərtiblənərək yeni döyüş mövqeləri qurdu və orada möhkəmləndi. Çayqovuşan, Ağdaban, Çərəktar və digər yaşayış məntəqələri vizual müşahidəyə və atıcı silahlardan atəş məsafəsində nəzarətə götürüldü. Bununla da Qarabağın qərb hissəsindən dərinliyə doğru düşmən mövqelərini yarma və dövrələmə imkanı əldə edildi, taktiki və operativ baxımdan düşmən üzərində müşahidə və atəş üstünlüyü qazanıldı.
Bildiyiniz kimi, 2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimədi. Ermənistan tərəfindən Azərbaycan Respublikasının vaxtilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq, 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları və ekofəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində dinc etiraz aksiyası başladı. Bundan sonra qeyri-qanuni erməni silahlı dəstələri Xankəndi-Şuşa-Laçın əsas yolu yandan keçməklə bəzi dağlıq və torpaq ərazilərdən bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin mövcud cığırların genişləndirilməsi işlərinə başladı. Bu fəaliyyətlərə yerli mülki sakinlər də cəlb edilirdi. Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirilməsi məqsədilə 2023-cü ilin əvvəllərindən başlayaraq bu yollardan istifadə etməklə Ermənistandan canlı qüvvə, silah, sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması daha da intensivləşdi. Müşahidələrimizə əsasən, hərbi yük daşımaları xüsusilə gecə vaxtı və dumanlı hava şəraitində həyata keçirilirdi.
2023-cü ilin martın 5-də səhər saatlarında Ermənistandan hərbi ləvazimatların, silah, sursat və şəxsi heyətin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə operativ məlumatlar daxil oldu. Məlumatın dəqiqləşdirilməsi məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitəsinin bölmələrimiz tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərildi. Lakin bu tələbə tabe olmayan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri hərbi qulluqçularımıza atəş açdı və baş vermiş insident nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar oldu.
Yaranmış vəziyyət nəzərə alınaraq, Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni istifadənin, həmçinin Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və mümkün təxribatların qarşısının alınması məqsədilə tərəfimizdən zəruri nəzarət tədbirləri həyata keçirildi. Kornidzor-Dığ yolunda marşrutun dəyişilməsi ilə əlaqədar Ermənistanla şərti sərhəddə taktiki üstünlüyə nail olmaq məqsədilə Ordumuzun bölmələri qarşı tərəfi qabaqlayaraq sərhədboyu vacib ərazini, ümumilikdə 6,2 km2 sahəni nəzarətə götürdü.
Azərbaycan Ordusu tərəfindən Kərkicahan-Xəlfəli-Turşsu yolunun nəzarət altına alınmasına və ekofəallar tərəfindən Xankəndi-Laçın yolunun bağlanmasına baxmayaraq qeyri-qanuni erməni silahlı dəstələri alternativ yollardan istifadə edərək Həkəri çayı üzərindəki körpüdən keçməklə Ermənistandan Qarabağa silah-sursat və minaların daşınmasını davam etdirdi.
Ermənistanın hərbi rəhbərliyinin göstərişi ilə vəziyyəti daha da gərginləşdirmək məqsədilə 2023-cü ilin aprelin 22-si saat 17:00 radələrində Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda növbəti təxribat törədildi. Kənd ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələri daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən yolun hərəkət hissəsinə qəsdən basdırılmış tank əleyhinə minaya düşərək partladı. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralandı, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşdü. Bundan başqa, yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri piyada əleyhinə minaya düşərək xəsarət aldı.
Qarabağ iqtisadi rayonunda, Xankəndi-Turşsu arasındakı səhra yolları ilə qanunsuz yüklərin daşınmasının qarşısının alınması məqsədilə Mirzələr yaşayış məntəqəsinin cənubundakı əhəmiyyətli ərazi qisimləri və yollar 24-25 mart tarixlərində Ordumuz tərəfindən atəş açılmadan nəzarətə götürüldü, 9 yeni döyüş mövqeyi quruldu. Keçirilmiş əməliyyat nəticəsində Qarabağ iqtisadi rayonunun 17,62 km2 ərazisi, o cümlədən Allahqulular və Zamanpəyəsi yaşayış məntəqələri Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Kornidzor-Dığ yolunda marşrutun dəyişilməsi ilə əlaqədar Ermənistanla şərti sərhəddə taktiki üstünlüyə nail olmaq məqsədilə 29-30 mart tarixlərində bölmələrimiz qarşı tərəfi qabaqlayaraq sərhədboyu hakim ərazi qisimlərində tərtibləndi və 6,2 km2 ərazini nəzarətə götürərək 15 yeni döyüş mövqeyi qurdu.
2023-cü ilin aprelin 22-dən 23-nə keçən gecə Dövlət Sərhəd Xidməti Azərbaycan Ordusunun bölmələri ilə birgə Həkəri çayı üzərindəki körpüdə Sərhəd Buraxılış Məntəqəsini qurdu. Bununla da Həkəri çayı üzərindən bütün hərəkət və daşımaların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməsi təmin edildi. Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar vəziyyətin gərginləşəcəyi təqdirdə mümkün təxribatların qarşısının alınması və Laçın dəhlizinin tam nəzarətə götürülməsi məqsədilə Ordumuzun bölmələri Laçın dəhlizinin hər iki tərəfində gizli şəkildə tərtiblənərək qəfil yarana biləcək tapşırıqların icrasına hazır vəziyyətdə qalmaqla Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təhlükəsizliyini təmin etmişdilər.
Sərhəd Buraxılış Məntəqəsinin qurulması nəticəsində ölkəmiz bütün sərhədlərində suveren hüquqlarını bərpa etdi. Ermənistandan Qarabağa bütün növ qanunsuz hərbi yük daşımalarının qarşısı alındı. Beləliklə, 2023-cü il aprelin 23-də növbəti tarixi hadisə baş verdi. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi başa çatdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə və digər qanunsuz əməllərinə birdəfəlik son qoyuldu.
Həkəri çayı üzərindəki körpüdə Sərhəd Buraxılış Məntəqəsi qurulduqdan sonra Ermənistan tərəfi bölgədə reallığı əks etdirməyən humanitar fəlakət təbliğatına başladı. Ermənistan və onun havadarları guya humanitar böhran adı altında beynəlxalq səviyyədə Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyasına başladılar. Eyni zamanda “humanitar yüklər” daşıyan maşınların sərhədlərimizə doğru gətirilmə prosesi başladı. Lakin ölkəmizin qəti iradə nümayiş etdirməsi, Ağdam yolunun açılması və humanitar yardımların bu alternativ yol vasitəsilə həyata keçirilməsi tələbini qoyması, diplomatik korpusun nümayəndələrinin həmin ərazilərə səfərlərinin təşkili Ermənistanın bu təbliğatının ifşasına böyük dəstək oldu. Əslində isə Ermənistan tərəfi humanitar yardım adı altında Qarabağ iqtisadi zonasında olan Ermənistan silahlı qüvvələrinin qalıqlarına, eləcə də qeyri-qanuni erməni silahlı dəstələrinə silah-sursat, yanacaq, ərzaq və digər hərbi ləvazimatlar daşımağa cəhd göstərirdi. Ermənistan tərəfinin humanitar yardım daşımaq adı altında əraziyə daxil olmaq istəyən yük maşınlarının yoxlanılmasına qəti surətdə etiraz etməsi bunu bir daha təsdiq edir. Daha bir fakt olaraq Azərbaycanın təklif etdiyi humanitar yardımdan uydurma humanitar fəlakətə məruz qalmış erməni əsilli sakinlərin yardımlardan imtina etməsini də göstərmək olar. 2023-cü ilin ikinci yarısından başlayaraq, xüsusilə avqust-sentyabr ayları ərzində Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin Ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutması, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə döyüş mövqelərini şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin, eləcə də mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalaması kimi əməllər tərəfimizdən müşahidə edilirdi.
2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Paşinyan hökumətinin qondarma rejimə təbrik göndərməsi separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırması cəhdləri və Vardanyanın həmin ərazidə Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri, həmçinin qeyri-qanuni silahlı dəstələrə maddi dəstək verməsi də Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi.
Beləliklə özündə kapitulyasiya aktını ehtiva edən Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdir.
Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı.
Ali Baş Komandanın göstərişi ilə Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digər legitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı.
Qanunsuz silahlı qruplaşmaların tərk-silah edilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu.
- Əməliyyatın bəzi təfərrüatlarının açıqlanması oxucular üçün, əminik ki, maraqlı olar...
- Bildiyiniz kimi, əməliyyat 19 sentyabr 2023-cü il saat 13:10-da başladı (saat 13:22-də artıq əməliyyatın başlaması barədə müdafiə nazirliyi rəsmi məlumat verdi) və 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, cəmi 23 saat 50 dəqiqəyə, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir.
Qeyd etməliyəm ki, bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi.
Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.
Vətən müharibəsində və digər əməliyyatlarda olduğu kimi, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandanın əsas göstərişi bu idi ki, qarşıya qoyulmuş tapşırıqlar şəxsi heyət arasında minimum itki ilə yerinə yetirilsin. Bu məqsədlə əməliyyat başlanan kimi Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılmışdı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurlar əldə etmiş və qısa zaman ərzində düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirmişdi.   
Bir faktı da qeyd etməliyəm. Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilmişdi. Vətən müharibəsindəki təcrübəmizdən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edirdi. Bu da həm sürətli hərəkəti təmin edir, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradırdı. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına almışdı. Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra etmişdilər.
Demək olar ki, əməliyyatın müqəddəratı tam bizim xeyrimizə uğurla həll olunmuşdu. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı təslim olmaq barədə müraciət etmək məcburiyyətində qaldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirmiş və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etmişdi.
- Antiterror əməliyyatı regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi, Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, daha ölkəmizlə ultimatum dilində danışmaq olmaz…
- Bilirsiniz, antiterror əməliyyatının nəticələrindən danışarkən, bir məqamı xüsusi olaraq bir daha qeyd etmək istəyirəm. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, separatizmin kökü kəsildi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması mümkün oldu, ölkəmizin suverenliyi tam təmin edilməklə bütün ölkə ərazisində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olundu.
Mətbuata və geniş ictimaiyyətə indiyədək məlum olmayan bəzi faktları vurğulamaq istərdim. Cəmi bir gün ərzində 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki verdi.
Bəzi statistik məlumatlara da nəzər salınması zənnimcə yerinə düşər. 19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü.
Əməliyyatın xüsusiyyətlərindən söhbət açarkən qeyd etməliyəm ki, Ordumuzun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi.
Vətən müharibəsində və digər əməliyyatlar zamanı olduğu kimi antiterror əməliyyatı zamanı hərbi polis bölmələri tərəfindən ərazilərdə komendant və patrul xidmətinin təşkili, zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi avtomobil texnikalarının müşayiət edilməsi və hərəkətinin istiqamətləndirilməsi, hərbi maşın karvanlarının təhlükəsizliyinin təmin olunması, qoşunların hərəkət etdiyi ərazilərdə təhlükəsizliyin və nizam-intizamın təmin olunmasına nəzarət, mühüm əhəmiyyətli obyektlərin, milli-mədəni irsə aid abidələrin mühafizəyə götürülməsi, düşmən bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsi, həmçinin erməni əsilli mülkü sakinlərin döyüşlər gedən ərazilərdən uzaq tutulması və qorunması üzrə qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirilmişdir.
Geniş cəbhədə və iti sürətli keçirilən  əməliyyat zamanı düşmənə çox güclü atəş və REM təsiri göstərildi ki, bunun nəticəsində də bölmələrimizin qısa müddətdə ön döyüş mövqelərini düşməndən təmizləyərək sürətlə dərinliyə irəliləməsi təmin olundu. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və nail olduğumuz uzlaşma sayəsində qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirildi. Bu gün tam səmimiyyətlə deyə bilərik ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zaman ərzində təmin olunmasında zabit, gizir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazandığımız təcrübə böyük rol oynadı.
 - Cənab polkovnik, Qarabağ iqtisadi zonasında qalmış Ermənistan silahlı birləşmələrinin qalıqlarını və qeyri-qanuni erməni silahlı dəstələrini qısa müddətdə təslim olmağa məcbur edən amillərdən danışarkən hansı məqamları xüsusi olaraq vurğulamaq  istərdiniz?
- İlk olaraq qeyd edim ki, əvvəlki təcrübədən fərqli olaraq əməliyyatın günorta saatlarında və əlverişsiz hava şəraitində başlaması qəfilliyi təmin etdi. Həmçinin qoşunlarımızın sürətlə irəliləyərək Qarabağ iqtisadi zonasında əsas kommunikasiya yollarını, xüsusilə də Ağdərə-Xankəndi və Xocavənd-Xankəndi yollarını nəzarətə götürməsi düşməni manevr imkanlarından məhrum etdi, Xankəndi şəhərinin həm qərbdən, həm də şərqdən dövrələnərək mühasirəyə alınması düşmənin müqavimət gücünü azaltdı və əzmini tam qırdı. Antiterror əməliyyatını fərqləndirən, mən deyərdim ki, unikal edən faktorlardan biri də odur ki, kütləvi atəş zərbəsi zamanı qanunsuz silahlı qruplaşmalara məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqelərinə həm eyni anda, həm də qarşılıqlı əlaqə şəraitində güclü atəş zərbəsinin endirilməsi düşməndə şok effekti yaratdı.
Əməliyyat zamanı arsenalımızda olan yüksək dəqiqliyə malik ən müasir silahların və REM vasitələrinin effektiv tətbiqini də xüsusi qeyd etmək istərdim. İlk növbədə düşmənin hava hücumundan müdafiə və REM vasitələrinin, idarəetmə orqanlarının və bütünlükdə idarəetmə sisteminin sıradan çıxarılması müqavimət göstərməyə çalışan qüvvələrin idarəetməsini iflic vəziyyətinə saldı ki, bu da bölmələrimizin sürətlə irəliləməsini və operativliyi təmin etdi.
Sadə dillə desək, düşmənə gözünü açmağa, başını qaldırmağa imkan vermədik. Bölmələrimizin eyni vaxtda, güclü və dəqiq atəş dəstəyi ilə 13 istiqamətdə irəliləməsi Ermənistan silahlı birləşmələrinin qalıqlarının komandanlığını və separatçı rejimin rəhbərliyini çaşdırdı və qərarsızlıqlarına səbəb oldu. İdarəetməni itirən, əlavə güc və qüvvə cəlb etməyə imkan tapmayan düşmən qüvvələri isə döyüş ruhu yüksək olan Azərbaycan Ordusunun bölmələri tərəfindən ya zərərəsizləşdirildi, ya da silah-texnikasını ataraq qaçmağa məcbur edildi. Sonrakı hadisələrdən isə ictimaiyyət məlumatlıdır.
- Cənab polkovnik, Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı mətbuatla işiniz və ictimaiyyətə təqdim edilən informasiyalar, yəni kommunikasiya fəaliyyəti barədə də danışmağınız oxucular üçün maraqlı olardı.
- Antiterror əməliyyatı zaman həyata keçirilən informasiya təminatı tədbirlərinə də toxunmaq istərdim. Bu məqsədlə əməliyyatdan öncə və əməliyyat zamanı kiber vasitələrin, eləcə də radio, televiziya, səsgücləndiricilər və mobil nömrələrinə göndərilən sms-lər vasitəsilə Qarabağ iqtisadi zonasında məskunlaşmış erməni əsilli mülki əhaliyə çağırışlar edildi, onlara bütün humanitar yardımların göstəriləcəyi, o cümlədən zəruri ərzaq, yemək, su və bütün tibbi yardımların veriləcəyi barədə məlumatlar çatdırıldı. Onlara silaha əl atmamaq, hərbi obyektlərdən uzaq olmaq, eləcə də əməliyyatın keçirildiyi ərazilərə gəlməmək barədə çoxsaylı xəbərdarlıqlar edildi, erməni və rus dillərində müxtəlif vasitələrlə vərəqələr paylanıldı.
Xüsusi olaraq qeyd etməliyəm ki, əməliyyatın gedişi ilə bağlı ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar dərhal media vasitəsilə operativ şəkildə yayımlandı. Əməliyyatın gedişatında, 23 saat 50 dəqiqə ərzində yerli və beynəlxalq ictimaiyyətin operativ məlumatlandırılması, o cümlədən hərbi əməliyyatlar zamanı şəffaflığın təmin edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin yerinə yetirdiyi haqq işinin düzgün təqdim edilməsi və dezinformasiyaların dəf edilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən 11 brifinq, 46 press-reliz, 51 sosial media paylaşımı, 3 sorğunun cavablandırılması və 20 video kontent olmaqla, ümumilikdə 131 kommunikasiya fəaliyyəti icra edilmişdir. Əməliyyatdan sonra həyata keçirilən proseslərlə də bağlı mütəmadi olaraq geniş ictimaiyyətin 3 dildə məlumatlandırılması təmin olunmuş, ümumilikdə antiterror əməliyyatı ilə bağlı hadisələrin, icra olunan fəaliyyətlərin, yerinə yetirilən döyüş tapşırıqlarının dəqiq və ardıcıl xronologiyası da hazırlanmışdır. Hesab edirəm ki, torpaqlarımızın azad edilməsi, haqq-ədalətin bərpası və suverenliyimizin tam təmin olunması ilə bağlı dövlətimizin həyata keçirdiyi böyük işlər haqqında doğru-düzgün məlumatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi də böyük tarixi və tərbiyəvi əhəmiyyət kəsb edir.   
Sonda fəxr hissi ilə qeyd etmək istəyirəm ki, həmişə olduğu kimi, Şanlı Ordumuzun əldə etdiyi uğurlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi və antiterror əməliyyatında iştirak edən şəxsi heyət yüksək dövlət təltiflərinə layiq görüldü. Bu diqqət və qayğıya görə bütün şəxsi heyət dövlətimizin başçısına dərin minnətdarlıq ifadə edir. Cənab Prezidentin bu qayğıkeş münasibəti bizi daha məsuliyyətlə xidmət etməyə və Vətənimizin keşiyində daima ayıq-sayıq dayanmağa, hər bir əmrin icrasına hazır olmağa ruhlandırır.
− Cənab polkovnik, antiterror əməliyyatında qələbəmizin birinci ildönümü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini ürəkdən təbrik edir, xidmətdə uğurlar arzulayırıq. Maraqlı və səmimi müsahibəyə görə təşəkkür edirik.   
− Çox sağ olun!

Müsahibəni hazırladılar:

İsa İsmayılov

Hərbi jurnalist

Nadiyə Qafarova

tərcüməçi-publisist