29 avqust öz cəsarəti və peşəsinə sədaqəti ilə xalqımızın tarixində silinməz iz qoymuş bir insanın həyat və qəhrəmanlığını xatırladan bir tarix, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür. Bu tarix, bir növ, haqq-ədalət və müstəqilliyimiz uğrunda qorxmadan mübarizə aparanların xatirəsi və qürur rəmzidir.
Çingiz Mustafayev istedadlı jurnalist və cəsur hərbi müxbir kimi Azərbaycan tarixinə əvəzsiz töhfələr verib. O, Xocalı qətliamı kimi faciəli hadisələrlə bağlı həqiqətləri üzə çıxardı, öz hekayəsini danışa bilməyənlərin səsinə çevrildi. Qorxmazlığı və fədakarlığı ilə dünyaya müharibənin əsl üzünü, dinc əhalinin faciəsini göstərdi. Çingiz Mustafayev kimi qəhrəmanların xatirəsini yaşatmaq bizim borcumuzdur. Ölkəmizin suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün şəhidlərimizin xatirəsini yeni nəsillərə ötürməklə onların şücaətini daim uca tutmalıyıq.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollamışdı. Daha sonra Azərbaycan Tibb Universitetinin tibb fakültəsinə daxil olsa da, zaman keçdikcə onun çağırışının jurnalistika sahəsində olduğunu anladı.
Qarabağ münaqişəsi başlayanda Çingiz Mustafayev fəal vətəndaş mövqeyi tutaraq özünü cəbhə xəttində baş verən hadisələri işıqlandırmağa həsr etmək qərarına gəldi. O, Qarabağ müharibəsinin işıqlandırılmasında böyük rol oynayıb, şəxsən cəbhə xəttində çalışan azsaylı jurnalistlərdən biri olub. Onun reportajları doğruluğu, emosional zənginliyi və yüksək peşəkarlığı ilə seçilirdi. Çingiz Mustafayev real hərbi əməliyyatların və faciələrin nəticələrini əks etdirən unikal sənədli filmi ilə tanınıb. Onun lentə aldığı kadrlar təkcə Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Bu kadrlar dünyaya müharibənin dəhşətini göstərən ən mühüm sənədli dəlil oldu. Bu materiallar beynəlxalq ictimaiyyət üçün əvəzolunmaz məlumat mənbəyinə çevrildi və regiondakı ağır vəziyyətə diqqət çəkdi.
Çingiz Mustafayev 1992-ci il iyunun 15-də çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə "Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borclarını yerinə yetirərkən igidlik və şücaət göstərdiklərinə görə" Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
"Mənim kameram mənim dünyaya səsimdir və ondan istifadə etməliyəm ki, dünya burada nə baş verdiyini bilsin". Bu sözlər həqiqəti tamaşaçıya çatdırmağı özünə missiya hesab edən bir jurnalist kimi Çingiz Mustafayevin həyat, yaşam fəlsəfəsini əks etdirir.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"