Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2024 15:12

Bilik və təcrübə döyüş hazırlığı deməkdir

Ordu quruculuğu prosesi ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, ordunun möhkəmləndirilməsi baxımından Vətənin müdafiə qüdrətinin yüksəldilməsini, silahlanmanı və s. əhatələyir. İstər bu qoşun növündə, istərsə də bu və ya digər hərbi hissələrdə keçirilən müxtəlif miqyaslı təlimlər bu prosesin tərkib hissələrindəndir. Şəxsi heyətin döyüş hazırlığı müdafiə nazirinin təsdiq etdiyi plana əsasən digər məzmunlu təlimlər kimi döyüş atışlı taktiki təlimlərlə də möhkəmləndirilir.
“N” hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirildi. Mayor Elman Əsgərov bildirdi ki, təlimdə iştirak edən bölmələrin şəxsi heyəti nəzəri bilikləri təcrübə ilə - təlimlərlə möhkəmləndirirlər ki, bu da mahiyyət baxımından döyüş hazırlığının yüksəldilməsi deməkdir.
İkinci Qarabağ müharibəsində digər qoşun növləri kimi, artilleriyaçıların da döyüşləri mövqe qələbələrinə görə Böyük Qələbənin qazanılmasında əhəmiyyətli oldu.
Mayor Elman Əsgərov bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib, Vətən müharibəsində də, sonrakı döyüş əməliyyatlarında da. Hər döyüş həm tarixdə yaşadılır, həm də xatirələrdə. Bu döyüşlər haqqında təəssüratlar bölmənin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində tarixi dəyərə malik olur. Torpaqlarımızın işğaldan necə azad olunduğunu öyrənən hərbi qulluqçular torpaqlarımızı məsuliyyətlə, dövlətə, dövlətçiliyə sədaqətlə qoruyurlar. Zabitlərdən Ramil Şərifov, Süleyman Ağayev, Emin Eminov, Zaur Quliyev və başqaları döyüş və mənəvi-psixoloji hazırlığın həmişə yüksək səviyyədə saxlanılması üçün müvafiq təlimatlardan, sənədlərdən sərfəli istifadə edirlər.
Top komandiri Sabir Quliyev hərbi xidmətə Bakı şəhərindən çağırılıb. Gənc əsgər hazırlıq kursunda artilleriyaçı ixtisasını öyrənib. Çöl təlimlərində öyrənməklə biliklərini təkmilləşdirib. Qoşunlarda xidmətə peşəkar artilleriyaçı kimi gəlib. İndi hərbi hissənin nümunəvi əsgərlərindəndir. Bacarığını, səriştəsini, əsgərlər arasında nüfuzunu nəzərə alıb onu top komandiri təyin ediblər. "Topun istismarına, sazlığına da, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına da, qarşılıqlı münasibətlərin səmimiliyinə də məsuliyyətlə yanaşıram. Belə öyrədiblər, belə öyrənmişəm. Ona görə də heyətimiz bölmənin nümunəvi heyətlərindəndir. Döyüş atışlı taktiki təlimlərdə də məsuliyyətlə iştirak edirik. Səriştəmizi bu təlimdə də artırdıq. Vətənin müdafiəsində dayanmağın qürurunu biz də böyük duyğusallıqla yaşayırıq. Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə hazırıq...", - əsgər Sabir Quliyevin dediklərini mənəvi-psixoloji hazırlığın döyüş hazırlığının timsalında mənəvi zənginliyin səviyyəsi bilirik.
Zabit Ramil Şərifov mayor Elman Əsgərovun fikrinə qüvvət kimi deyir ki, Vətən müharibəsi xalqın müharibəsi idi. Bu müharibədə ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə qətiyyətlə, mərdliklə döyüşdü, düşmənin ciddi müqavimətini qırdı, tarixi Zəfər qazandı. Bu möhtəşəm qələbənin qazanılmasında artilleriyaçılar da qətiyyətlə döyüşdülər, düşmənin komanda və dayaq məntəqələrini dağıtdılar, döyüş texnikalarını sıradan çıxartdılar, döyüşənlərimizə vaxtında və gərəkli artilleriya dəstəyi verdilər. Biz əsgərlərimizə bu haqda da danışırıq. İnanırıq ki, kifayət qədər nəzəri biliyə və təcrübi vərdişlərə malik olan top heyətimiz yüksək döyüş hazırlığına malikdir, yüksək mənəvi-psixoloji hazırlığı ilə Vətəni sədaqətlə qoruyurlar...
Zabitin dediklərini top heyətinin məsuliyyətli xidməti bilirik...
Top heyəti qoşunlarda xidmətə nizamnamələrin tələblərinə əməl etməklə müəyyən hərbi bilikləri mənimsəmiş gənc əsgər kimi gəlib. Hərbi xidmətdə artilleriyaya aid əlavə bilikləri, təcrübəni, peşəkarlığı komandirlərindən, təcrübəli əsgərlərindən öyrəniblər. Baş tuşlayıcı Tural Əlizadə hərbi xidmətə Lerik rayonundan çağırılıb. O da ilkin hazırlıqdan sonra Hərbi And içib, xidmətə göndərilib. "İlk təlimlərdə zabitin dediyi "Siz şərti düşmənin görünməyən hədəflərini sıradan çıxaracaqsınız...", kəlmələri mənim bu hərbi ixtisasa marağımı daha da artırdı. İndi qürurlanıram ki, artilleriyaçıyam. Onlar da qürurlanacaq, Vətəni onlar da qürurla qoruyacaqlar...", - deyir. Təkcə öz adından deyil, top heyətinin adından deyir; döyüş atışlı taktiki təlimdə bu bölmə, bu top heyəti də fərqlənib.
Top heyətinin üzvləri - Riyad Rəhimli, Murad Əhmədli və Tərlan Abbasov bu fikirləri bundan sonrakı hərbi xidmətlərinə zəmanət bilirlər. Əsgər Oruc Musayev dedi ki, biz əvvəlki təlimlərdə olduğu kimi, bu təlimə də ciddi hazırlaşmışdıq. Sevinirik ki, təlimin nəticələrinə görə heyətimizə təşəkkür elan edildi. Bundan sonrakı təlimlərdə də daha yaxşı iştirak edəcək, bölməmizin xidməti uğurlar qazanmasına çalışacağıq...
Döyüş atışlı taktiki təlim təsdiqlədi ki, batareyalar təlimlərə məsuliyyətlə hazırlaşırlar. Bu təlim gələcək uğurlu təlimlər üçün istinad olacaq...

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"