Bu gün hər birimiz rəşadətli və qalib ordumuzla fəxr edirik. Azərbaycan xalqı 30 ilə yaxın müddətdən sonra torpaqlarımızı azad edən, ona Böyük Qələbə sevinci yaşadan ordusu ilə hər zaman qürur duyur. Ordu mənsubları Vətəni qorumaq kimi şərəfli vəzifələri yerinə yetirirlər. Bu vəzifənin müqəddəsliyini dərk edən hər kəs daim ordusuna inanıb, güvənib. Ordu xalqın, xalq ordunun dayağı olub. 44 günlük Vətən müharibəsindən əvvəl də, sonra da xalqımızın dəstəyi hər zaman ordumuzun yanında olub. Bir sözlə, Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır.
Bu sarsılmazlığın göstəricisi kimi müxtəlif dövlət qurumlarının, özəl təşkilatların əməkdaşları, millət vəkilləri, orta və ali təhsil ocaqlarının nümayəndələri tez-tez hərbi hissələrə səfər edir, əsgərlər ilə bir arada olurlar. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Həmçinin əsgərlərimiz də bu qayğıdan, onlarla görüşə gələn insanlardan eşitdikləri xoş sözlərdən, ordumuza bəslənən güvəncdən ilham alaraq, daha yüksək əhval-ruhiyyədə xidmət aparırlar.
Ordumuza mənəvi dəstəyini heç zaman əsirgəməyən təşkilatlardan biri də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir (BHİK). Komitə üzvləri hər il dəfələrlə xeyirxah təşəbbüslər irəli sürərək, ordumuzun şəxsi heyətinə mənəvi dəstəyini əsirgəmirlər. Onlar tez-tez hərbi hissələrimizə baş çəkir, şəxsi heyətlə görüşlər keçirir, Vətən müdafiəçilərinə müxtəlif hədiyyələr və bayram sovqatları aparırlar.
Növbəti belə görüş Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayevin rəhbərliyi ilə komitənin bir qrup üzvü Müdafiə Nazirliyinin hərbi hissələrində oldu. Səfər çərçivəsində komitə üzvləri hərbi hospitalda və "N" hərbi hissəsində oldular. Həmin yerlərdə çalışan mülki işçilərlə görüşüb, onların sosial-məişət şəraitləri ilə yaxından tanış oldular. Hospitalın müayinə, əməliyyat və digər tibb otaqlarını gəzərək buranın müasir tibbi avadanlıqlarla təchiz olunduğunu gördülər. Həmçinin hərbi hissələrdə yeməkxana, istirahət və digər məişət otaqlarının da yüksək təminatının şahidi oldular. “N” hərbi hissəsində şəxsi heyətlə görüşüb səmimi söhbət edən komitə üzvləri məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə hərbi hissəyə 2 ədəd yüksək gərginlikli elektrik generatoru hədiyyə etdilər. Həmçinin xidmətdə fərqlənənlərə hədiyyələr də təqdim etdilər.
Şəxsi heyət qarşısında çıxış edən BHİK-in sədri K.Rzayev dedi ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü rəşadətli Azərbaycan Ordusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biridir. "Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Böyük Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Sizin cəsarətiniz, mərdliyiniz, döyüş meydanında göstərdiyiniz igidliklər xalqımıza tarixi zəfər sevincini yaşatdı. Siz şanslı gənclərsiniz ki, qalib ordunun əsgərlərisiniz. Hərbi qulluqçularla görüşmək bizim üçün həm sevincli, həm də qürurludur. Elimizin igidləri, Vətənimizin müdafiəçiləri ilə səmimi söhbət etməkdən fərəhlənirik. Ordumuzun gücünün, qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun şahidi olmaq hər birimizi çox sevindirir. Dövlətimizlə, ordumuzla, əsgərimizlə daima fəxr edirik. Azərbaycan xalqı sizə sonsuz güvənir. Əmindir ki, ərazi bütövlüyümüzün keşiyində inamla dayanırsınız. Çətin və şərəfli vəzifələrinizdə hər birinizə uğurlar arzulayıram", - deyə komitə sədri bildirdi.
Görüşlərdə hərbi qulluqçular da çıxış edərək BHİK-in sədrinə və kollektivinə təşəkkürlərini çatdırdılar. "Xalqımızın güvəncindən, bizə olan sevgisindən və rəğbətindən hər birimiz ruhlanırıq. Şərəfli peşəmizlə bir daha qürur duyuruq. Sizə və sizin timsalınızda xalqımızın hər bir nümayəndəsinə minnətdarıq. Belə görüşlər bir daha sübut edir ki, xalq-ordu birliyimiz möhkəmdir və qırılmazdır. Mütəmadi olaraq bizə göstərdiyiniz mənəvi dəstəyə görə, sizə və kollektivinizə minnətdarlığımızı bildiririk".
Həmçinin səfər çərçivəsində hərbi hissələrdə çalışan mülki işçilərlə ilk dəfə BHİK-in təsis yığıncağı keçirildi. Tədbirdə komitənin fəaliyyəti haqqında üzvlərə ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı. Daha sonra yığıncaqda səsvermə keçirilərək hərbi hissələr üzrə sədr və müavinlər seçildi.
"Azərbaycan Ordusu"