Qızmar yay günlərindən birində yolumuz dağlarda Vətənin müdafiəsində dayanan oğullarımızın yanınadır. Rahat yolumuz enişli-yoxuşlu yolla əvəzlənir, lakin təcrübəli sürücünün məharəti və bacarığı sayəsində çətin relyefləri də rahatlıqla aşırıq. Yol boyu ətraf mühitin, ana təbiətin əsrarəngiz gözəlliyi yolun uzunluğunu və çətinliyini bizə hiss etdirmir. Dağa qalxdıqca havanın istiliyi öz yerini sərin mehə verir. Havadakı sərinlik qəlbimizə də sərinlik gətirir. Əsgərlərimizin xidmət etdiyi müqəddəs ünvana çatırıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Mehman İsmayılovla görüşürük. Post başçısı özü ilə bağlı qısa məlumat verir və ucqar yüksəkliklərdə cəsur əsgərlərlə birgə Vətənin keşiyində durmağın verdiyi qürurdan danışır. "1990-cı ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşam. İlkin təhsilimi də məhz burada almışam. Uşaqlıqdan Vətənə bağlılığı ailəmdən öyrənməyə başlamışam. Vətənimin havasını ruhumun qidası bilmişəm. Bu gün bu yüksəkliklərdə ata-babalarımızın ayaq izi olan tarixi ərazilərimizdə xidmət etmək hər birimiz üçün fəxrdir. Xalqımızın dəstəyini hiss edir və soydaşlarımızın əmin-amanlığını təmin etmək üçün məsuliyyətli xidmət aparırıq. Bütün dünya ordumuzun gücünü, Azərbaycan əsgərinin hünər və şücaətini yaxşı bilir. Bir sözlə, xalq ordusuna güvənir, arxayın doğma ocağında yaşayır, yaradır. Mövzu Vətəndirsə, əsgərlərimiz üçün relyefin çətinliyi, iqlimin əlverişsizliyi və vaxt-vədənin fərqinin önəmi yoxdur. Xalqımızın əmniyyətini, torpaqlarımızın bütövlüyünü qorumaq üçün Vətən müdafiəçilərimiz xidmətini məsuliyyətlə təşkil edirlər. Bölməmizin əsgərləri yüksək hərbi intizama və döyüş ruhuna sahibdirlər. Onlar üçün ən vacib Vətən məfhumudur, üzərində gəzdiyi torpağın müqəddəsliyidir. Vətəni mətinliklə qorumaq, xalqa sədaqətlə xidmət etmək ürəyi Vətən sevgisi ilə dolu olan hər bir əsgərin müqəddəs amalıdır", - deyə çavuş M.İsmayılov bildirir.
Əsgər Namiq Əzimovla söhbətimiz zamanı işlətdiyi bir fikir qəlbimi riqqətə gətirir. "Vətəni qorumaq bu gün bizlərə həvalə olunub. Bundan müqəddəs vəzifə yoxdur. Vətən bütövlüyünü qorumaq, xalqın sülh şəraitində yaşamasını təmin etməkdən ali nə xidmət ola bilər?! Fərqli evlərdən xidmətə gəlsək də, burada bizim məqsədimiz birdir, Vətəndir. Burada təkcə özünü və ailəni deyil, bütün Vətəni qoruyursan. Bizi bir-birimizə bağlayan da Vətəndir və hamımız bir amal üçün çalışır, Vətənimizi qətiyyətlə müdafiə edirik".
"Vətəninə və xalqına sadiq olan əsgər olaraq demək istəyirəm ki, əcdadlarımızdan bizə miras qalan torpaqlarımız bu gün inamla qorunur", - deyən əsgər Yalçın Qələndərov söhbətə davam edir. "Çünki bizə etibar olunmuş bu torpaqların hər qarışı uğrunda ata-babalarımız qan töküblər, can veriblər. Bizim də üzərimizə düşən əsas vəzifə etibar olunan müqəddəs missiyanın öhdəsindən ləyaqətlə və layiqincə gəlməkdir. Üzərimizə düşən məsuliyyətin fərqindəyik, xidmətimizi böyük ruh yüksəkliyi ilə təşkil edirik".
Döyüş növbətçiliyi aparan əsgər Əlibala Əliyev vətənpərvərliyin Vətənə sevginin, xalqa, dövlətə bağlılığın birləşməli olduğunu qeyd edərək söhbətə başlayır. "Həmçinin vətənpərvərlik Vətənin müdafiəsini etibarlı, inamlı və qətiyyətli təşkil etməkdir. Bu ülvi hisslər bizə babalarımızdan qalan mirasdır. Onlar üzərində böyüyüb boya-başa çatdığımız torpaqların hər qarışı uğrunda canlarını sipər ediblər. Biz də öz növbəmizdə sələflərimizin yolunu uğurla davam etdirməli, bunun üçün də döyüş hazırlığımızı, döyüş ruhumuzu daim artırmalı, komandirlərimizin tövsiyələrini dinləməliyik, tapşırıqlarını layiqincə icra etməliyik", - əsgər Ə.Əliyev deyir.
Müşahidədə dayanan əsgər Rəsul Mövsümzadə xalq-ordu birliyi sayəsində dövlətin qüdrətinin artmasını xüsusi qeyd edərək deyir: "Zirvələr hər zaman bayrağımızın dalğalandığı yer olacaq. Torpağımızın hər qarışı mənə əzizdir, çünki Vətənimə bağlıyam. Vətənimlə bağlı olan hər şey mənim üçün əzizdir. Qalib ordunun hərbi mundirini daşıdığım üçün qürurluyam. Qalib ordu mundiri ilə Vətəni layiqincə qorumaq həm vətəndaşlıq, həm də övladlıq borcumuzdur".
Əsgər Tapdıq Muradov xalqın öz qəhrəmanları ilə tanındığını qeyd edir. "Azərbaycan xalqının qəhrəman oğulları tarix boyu olub, bundan sonra da olacaq. İgidlərimiz olduğu müddətdə də Vətən bütövlüyümüz layiqincə qorunacaq. Bunun müqəddəs andını biz içmişik. Söz vermişəm ki, Vətənimə layiqli əsgər olacam, bunun üçün əlimdən gələni etməyə daim hazıram. Qəlbimizdə Vətən sevgisi olduğu müddətcə heç kim bu sevgini nursuz qoya bilməz. Çünki vətənpərvərliyin nuru məhz Vətən sevgisi, xalq sevgisidir".
Hərbi xidmətə Bakı şəhərindən çağırılan əsgər Nizami Eyyubzadə döyüş növbətçiliyindən qayıdır, onun da fikirlərini qələmə alıram. "2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı zamanı qalib ordumuz yeni hərbi tarix yazdı və yazılan tarixlə xalqımıza misilsiz zəfəri yaşatmış oldu. Bu gün hər birimiz istər döyüş ruhu, istərsə də Vətənə və xalqa sədaqətlə xidmətimizi təşkil edir, bizə olan etimadı layiqincə doğrultmaq üçün xidmətimizə məsuliyyətlə yanaşırıq", - Nizami Eyyubzadə bildirir.
Bu gün əsgərəm, əsgər olmaq, əsgər adını daşımaq şərəflərin ən alisidir. Doğulub böyüdüyümüz Vətən torpağı bizə əzizdir. Əbəs yerə Ana Vətən deyilmir. Ona da canınla və qanınla bağlı olursan. Təcrübəli komandirlərimizlə birlikdə xidmət etmək qürurvericidir. Komandirlərimə və əsgər yoldaşlarıma minnətdaram ki, döyüşçü olaraq formalaşmağım məhz onların dəstəyi sayəsində mümkün olub. Orduda keçən günlərim ömrümün ən yaddaqalan dövrüdür. Burada yaxşı dostlar qazanmışam, həyat təcrübəsi keçmişəm. Hərbi xidmət mənə polad iradə, cəsurluq və digər güclü xarakterlər qazandırıb.
Son müsahibim Əlibala Məmmədovdur. "Vətən sevgisi və döyüş qabiliyyəti yüksək olan əsgər məğlubedilməzdir, hər zaman qalibdir. Hərbi xidmətdə keçən günlərin önəmi bizim üçün böyükdür. Xidmətə çağırıldığım ilk gündən qarşıma məqsəd qoymuşam: Yüksək hərbi intizama malik əsgər olacaq, komandirlərimin tapşırıqlarını cəld və dəqiq yerinə yetirəcək, içdiyim anda həmişə sadiq qalacaq, Vətən torpağını göz bəbəyim kimi qoruyacağam. Məqsədlərimə çatmağımda komandir və əsgər yoldaşlarımın böyük əməyi var. Onların hər birinə minnətdaram".
Dağlarda xidmət edən dağ vüqarlı oğullarımızla həmsöhbət olmağımız qəlbimizdə xoş ovqat yaradır. Vətən qarşısında övladlıq və vətəndaşlıq borcunu ödəməyin məsuliyyətini dərk edən gənclərimizin ürəyi hər zaman olduğu kimi, bu gün də Vətən eşqi ilə döyünür. Bu da bizi bir daha əmin edir ki, zirvələrimiz etibarlı əllərdədir. Vətəni müdafiə edən oğullarımızın hər birinə xidmətlərində uğurlar arzulayaraq sağollaşırıq.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"