Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:32

Hərbi xidmətdə intizam sıradan başlanır

Ordu sıralarına daxil olan hər bir əsgər sıra hazırlığını mükəmməl şəkildə mənimsəməli, nəzəri və praktiki cəhətdən dərindən öyrənməlidir. Çünki intizam sıradan başlanır. Bəli, o sırada ki, mətin addımlarla irəliləyən minlərlə Vətən övladı Azərbaycanımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə atıldı, torpaqlarımızın azadlığı naminə canından keçərək, şəhidlik zirvəsinə ucaldı. Onlar suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda mübarizəyə hər an hazır olduqlarını dayandıqları sıralarda bildirmişdilər. O sırada ki, qəhrəman Əhmədlər, Mübarizlər, Muradlar, Samidlər, Orxanlar qürurla addımlamışdılar, yağı düşmənə qarşı Vətənimizin müdafiəsinə qalxmışdılar. Bu gün o sıra müqəddəsdir. Onların müqəddəs ənənələri davam edir. Sıralar hər zaman yenilənir…
"N" hərbi hissəsinin ərazisinə daxil olduqda Hərbi And içərək ordu sıralarına yenicə qəbul olunmuş gənc əsgərlərimizin əzmli addım səslərini eşitdik. Qürurverici anlar yaşadıq. Onlar növbəti sıra hazırlığının fənn və üsullarını, nəzəri, həmçinin praktiki elementlərini icra edirdilər. Əsgərlər ayaqlarını eyni vaxtda yerə vurur və bundan yaranan səs dalğası ətrafı bürüyürdü. Verilən komandalar cəld yerinə yetirilir, nizamlı şəkildə sağa-sola, geriyə dönmə hərəkətləri praktiki olaraq icra olunurdu.
Müşahidələrimiz onu göstərdi ki, əsgərlərimizin bütün hazırlıqları kimi, sıra hazırlıqlarında da müxtəlif məzmunlu dərsləri çox səmərəli keçir. Onlar mövcud əyani vasitələrdən, tədris imkanlarından yetərincə bəhrələnirlər. Dərs prosesində hərbi rəhbərdən sıra hazırlığı ilə bağlı bütün mövzuları incəliklərinə qədər hərtərəfli öyrənirlər. Buradan aydın olur ki, əsas məqsəd şəxsi heyətdə döyüş vərdişlərini aşılamaq və mənəvi-psixoloji ruh yüksəkliyi yaratmaqdır.  
Yaxşı bilirik ki, hərbi xidmətin ən mühüm və vacib şərtlərindən biri intizamdır. Öyrənirik ki, hər gün yeni mövzunu əhatə edəcək dərsə başlayan hərbi rəhbər əvvəlcə bu sıralarda vaxtilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın qürurla, əzmlə dayandıqlarından və sıranın müqəddəsliyindən danışır. Ümumiyyətlə, sıra hazırlığı dərslərində şəxsi heyətə silahsız və silahla sıra hərəkətləri, yerişini, bölmə və hissələrin piyada, eyni zamanda, nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydaları öyrədilir. Bugünkü keçirilən dərsin mövzusu əsgəri salamlaşma, rəisə yaxınlaşma, hərəkətdə dönmələr və digər sıra elementlərinin praktiki olaraq yerinə yetirilməsidir. Müşahidələrimiz onu da təsdiqlədi ki, sırada dayanan şəxsi heyət verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir.
Sıra hazırlığının elementlərini uğurla yerinə yetirən əsgərlərdən Orxan Ələkbərov, Pərviz Məmmədov, İlkin Nəcəfalıyev, Cavad Məmmədli və başqaları ilə söhbətimiz zamanı aydın oldu ki, onların hər birinin qəlbində sonsuz Vətən sevgisi var. Hərbi xidmətin bütün sirlərinə dərindən yiyələnməklə, vəzifə borclarını layiqincə yerinə yetirməklə doğma Vətənimiz Azərbaycanın keşiyində əzmlə, fəxrlə dayanacaqlar. Onlar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızı düşmən işğalından azad edən, üçrəngli bayrağımızı o ərazilərimizdə dalğalandıran qalib Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçməkdən qürurludurlar.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"