Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:31

Vətənpərvərlik tədbirləri davam edir

Cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi xidmətdə olan hərbi qulluqçuların vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, onların döyüş əzminin artırılması və milli-mənəvi dəyərlərin geniş təbliği məqsədilə keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir işğaldan azad olunmuş ərazidə yerləşən "N" hərbi hissəsində və hərbi hospitalda keçirildi.Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla  yad edildi, Dövlət Himni səsləndirildi.
Mərkəzin təbliğat-təşviqat qrupunun üzvləri Nəzakət Məmmədova və Naibə Qurbanova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi, Vətənimizin bu gününə və nurlu gələcəyinə hesablanmış quruculuq strategiyasından, onun tarixi əhəmiyyətindən bəhs etdilər. Bildirdilər ki, Vətənin, xalqın, dövlətin gələcəyini həmişə uzaqgörənliklə düşünən tarixi şəxsiyyət Heydər Əliyev ölkəmizdə iqtisadi-siyasi, mədəni, elmi, hərbi sahələrdə əsaslı dönüş yaradaraq, xalqımızın həyat səviyyəsinin həmişə yüksəldilməsinə xidmət edən mütərəqqi islahatların həyata keçirilməsinin təməlini qoydu. Böyük quruculuq, inkişaf, tərəqqi siyasəti Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha geniş miqyasda müasir dövrün tələbləri səviyyəsində davam etdirilir. Ölkəmizin hər yerində quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə xüsusi diqqət göstərilir. Bütün beynəlxalq qurumlarda, təşkilatlarda Azərbaycan uğurla təmsil olunur. Ölkəmiz dünyamiqyaslı tədbirlərin keçirildiyi məkana çevrilib. Bu da dövlət rəhbərliyinə, xalqımıza, Vətənimizə göstərilən böyük etimaddır.
Sonra mərkəzin əməkdaşları cəmiyyətlə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən "Əsgərə məktub" layihəsi haqqında danışdılar. Qeyd olundu ki, layihə istər geniş ictimaiyyət, istərsə də hərbi qulluqçular tərəfindən həmişə böyük rəğbətlə qarşılanır. Müxtəlif bölgələrdən əsgərlərə ünvanlanan məktublar onlarda xoş əhval-ruhiyyə yaradır. Vətən qoruyucuları valideynlərinə qürur dolu məktublar ünvanlayırlar.
Əsgərlər arasında vətənpərvərlik mövzusunda keçirilən viktorinalar, disputlar, müxtəlif oyunlar da maraqla qarşılandı. Fərqlənənlərə "Xarıbülbül" və "Bayraq" döş nişanları təqdim olundu. "Vətən uğrunda" ansamblının üzvü Təbriz İsmayılovun qədim musiqi alətimiz olan sazda ifa etdiyi "Cəngi", "Misri" və digər havalar tədbir iştirakçılarına xoş təsir bağışladı. Sonda əsgərlərimiz hər zaman Vətənə, xalqa sədaqətli olacaqlarını, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini göz bəbəkləri kimi qoruyacaqlarını bildirdilər.

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"