Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:26

Vətən sevgisi Ana laylasından başlayır

Gənc nəslə milli mənlik şüurunun aşılanması, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması, onun öz soykökünə, adət-ənənələrinə bağlı ruhda tərbiyə olunması zəruri şərtlərdən biri kimi hər zaman dövlətimizin aidiyyəti qurumlarının qarşısında duran aktual mövzulardan olub. Bəllidir ki, vətənpərvərlik hissi bir fərdin özünü dərk dövründən sonra formalaşan anlayış olduğundan, bu proses əvvəlcə ailədən başlayır. İnsan yaşı artdıqca Vətən sevgisi, vətəndaşlıq məsuliyyəti məfhumlarını daha dərindən dərk edir. Vətən sevgisi ananın qucağında övladına söylədiyi layladan başlayır. Uşaq yaşlarında övlad öz dilini, dinini, tarixini və mədəniyyətini sevərək öyrənməlidir ki, bu mövzuda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Vətənə xidmət isə bu vətənpərvərlik hissinin formalaşıb başa çatdığı son ünvandır ki, burada müqəddəs amala xidmət edərək ana Vətən anlayışını qəlbinə və beyninə həkk edirsən. Burada isə komandirlər Vətən anlayışının nəzəri və praktiki tərəflərini əsgərlərə öyrədirlər. Hərbi And Vətən sevgisinin andıdır. Vətənin mənafeyini, onun varlığını hər şeydən uca tutmağın, yeri gələrsə bu yolda düşməni məhv etməyin və öz canından keçmənin ümdəliyini hər kəs qəlbən və zehnən anlayır. Bir sözlə, uşaqlıqdan Vətəninə bağlı olan şəxs neçə yaşında olursa-olsun əsl vətəndaş, layiqli övladdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsinə həyatı əhəmiyyətli məsələ kimi baxırdı. Buna görə də gənclər siyasətinin vacibliyini bilən uzaqgörən dahi şəxsiyyət Azərbaycan gəncliyinin milli vətənpərvər ruhda tərbiyə edilməsinin önəmini çıxışlarında dəfələrlə qeyd etmişdi. Çünki xalqın dayağı onun ordusudursa, ordunun da mühüm hissəsi onun əsgəridir, gənc Vətən müdafiəçiləridir. Necə ki, ötən əsrin sonlarında Ulu Öndərin başlatdığı gənclər siyasətinin nəticəsi idi ki, gənc Vətən müdafiəçilərimiz öz zamanında Horadiz əməliyyatı, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsini və postmüharibə dövründə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyatları şanlı Zəfərlə taclandırdılar.
Azərbaycan əsgəri hər zaman Vətəninə bağlı, xalqına layiq, Ali Baş Komandanına sadiq olmaqla vətənpərvərlik anlayışını bütün dünyaya təsdiq etməyi bacarıb. Məhz gənc igid oğullarımız xalq-ordu birliyindən yaranan “Dəmir yumruq”la düşməni məhv edərək, tarixi ərazilərimizdəki separatizmin və işğalın kökünü kəsdilər. 44 günlük Vətən müharibəsi gənclərimizin iştirakı ilə yazılan şanlı tariximizin ən mötəbər hadisələrindən biri oldu. Çünki Vətəninə, xalqına bağlı olan hər bir şəxsin qəlbində qubara çevrilən işğal məsələsi şərəf və ləyaqət davamıza çevrilmişdi. Hər bir gənc Vətən müdafiəçisi bu haqq savaşımızın iştirakçısı olmaq arzusundaydı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayonlarda yerləşən bölmə və şöbələrinin qarşısında görülməmiş qələbəliklər bunun sübutu idi. Yaşından, vəzifəsindən, millətindən asılı olmayaraq hər kəs havası və suyu ilə böyümüş doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması yolunda - Vətən uğrunda haqq savaşına qoşulmaq üçün ayaqlanmışdı. Hər bir Vətən övladının gözündə minlərlə şəhidimizin, amansızca qətlə yetirilmiş soydaşlarımızın qisasından yaranan alov közərirdi. Yaşından, vəzifəsindən, milliyyətindən asılı olmayaraq, qəlbi Azərbaycana bağlı olan hər kəs bu haqq savaşının iştirakçısı olmaq, tarixi yurd yerlərimizi mənfur düşməndən azad etmək üçün can atırdı. Hər kəsin ürəyi Azərbaycan əsgəri ilə bir döyünürdü. Şəhid xəbərləri hər kəsi üzürdü, torpağı öz qanıyla vətənləşdirən oğullarımızın işğaldan azad etdiyi ərazilərimiz bizim təsəllimiz, orada dalğalanan üçrəngli bayrağımız hər kəsin qibləgahı, and yeri idi. Şəhidlərimiz öz canlarını tərəddüd etmədən Vətən, xalq və haqq yolunda fəda etdilər. Onlar valideynləri ilə yanaşı, bu Vətənin də igid oğlu olaraq tarixdə iz qoydular. Məhz o qəhrəman gənclərimizin sayəsində indiki məktəblilərimiz Vətən torpaqlarının işğal təqvimləri ilə yanaşı, azad olunma təqvimləri və Zəfər tariximizin xronologiyasını öyrənirlər. Bir sözlə, şəhidlərimizin ruhu xalqımız tərəfindən hər zaman yüksək ehtiramla yad edilir və gənc nəslin üzərinə düşən əsas vəzifə də onların yarımçıq qalan ömür yollarını uğurla davam etdirməyi bacarmasıdır.
Bu gün hər birimiz gələcəyimizin memarı olan gənclərimizə böyük ümid bəsləyir, onların bundan sonra da xalqına və dövlətinə sadiq ruhda böyüyəcəyinə inanırıq. Çünki ot kökü üstə bitər. Tarix boyu yadelli hücumlarına məruz qalan odlar yurdumuz tarixin ən çiçəklənən dövrünü yaşamaqdadır. Son yüz illik tarixdə tayı-bərabəri olmayan Zəfəri xalqımıza bəxş etməyi bacaran şanlı ordumuzun təməlini gənc Vətən müdafiəçisi oğullarımız təşkil edir. Onlar vaxtından-vədəsindən, hava şəraitindən, relyefindən asılı olmayaraq Vətəni göz bəbəyi kimi qoruyurlar. Üzərlərinə düşən vəzifənin müqəddəsliyini, şanlı ordunun tərkibində olmanın verdiyi qüruru anlayan hərbi qulluqçularımızın onlara göstərilən etimadı bundan sonra da layiqincə və ləyaqətlə doğruldacağına qəti şübhəmiz yoxdur. Çünki Azərbaycan xalqı öz gənc nəslinə inanır, Azərbaycan gənci isə öz xalqından ilham və güc alır.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"