Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:25

Laçın Şəhəri Günün mübarək, əziz xalqım!

Azərbaycanın igidlər oylağı, qəhrəmanlar yurdu Laçın şəhərinin erməni işğalından azad olunmasından dörd ilə yaxın bir müddət keçir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızı xoş müjdəli xəbərlə sevindirdi: "Bu gün avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur.
1930-cu il avqustun 8-də yaradılan Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olan böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. İşğal nəticəsində elm, təhsil, mədəniyyət, səhiyyə mərkəzləri və ocaqları, ticarət, rabitə, idarə və müəssisələr işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizmi nəticəsində dağıdıldı.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozdu. Laçın rayonunda coğrafi adlar dəyişdirildi. Rayonun təbii ehtiyatları talan edildi. Burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq, xarici ölkələrdən erməni əsilli qaçqınlar yerləşdirildi.
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Böyük Zəfər 30 ilə yaxın işğala son qoydu. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik bacarığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və tarixi ərazilərimizdən çıxmağa məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan tərəfindən boşaldıldı. Onu da qeyd edək ki, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdu. 2022-ci il avqustun 26-sı isə Laçın Azərbaycanın hərbi və diplomatik qələbəsinin nəticəsi kimi tarixləşdi.
30 ilə yaxın bir dövrdə erməni vandalizminə məruz qalan Laçın bu gün özünün  yeni  tarixi  mərhələsinə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Səfər çərçivəsində dövlətimizin rəhbəri Güləbird Su-Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, rayonda həyata keçirilən  layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı ötən il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin  müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Bəli, bu gün Laçında həyat, doğrudan da, qaynayır. Laçın öz doğma insanlarını yenidən qoynuna alır. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri görənləri heyran edir. Laçın şəhərinin abadlaşan küçələrini gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurd yerlərinə qayıtmış laçınlıların qürur dolu baxışlarının və  simalarında sevinc, xoşbəxt ifadələrinin şahidi oluruq. Artıq həyatlarının yeni dövrünə qədəm qoyan laçınlıların doğma ocaqlarından, həyət-bacalarından gülüş səsləri eşidilir. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.  26 Avqust - Laçın Şəhəri Günün mübarək, əziz xalqım!

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"