Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:21

Bir oğul böyütdün, düşmənə çəpər

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”.

Unus Ordubad rayonunun ucqar kəndlərindən biridir. Dörd bir tərəfdən əzəmətli dağlarla əhatə olunub. Sanki düşmən çəpəri imiş kimi...
1997-ci il yanvarın 24-də Quliyevlər ailəsində bir oğul övladı dünyaya göz açır. Ailənin tək oğul övladına Nihat adı verilir. Nihat ilk təhsilinə 2003-cü ildə Ordubad şəhərindəki şəhid Rahim Babayev adına 2 nömrəli tam orta məktəbdə başlayır. İntizamı, biliyi ilə yoldaşları arasında seçilən Nihat Quluzadənin şəkli məktəbin şərəf lövhəsinə vurulur. Kompüter bilikləri ilə yanaşı, idmana və musiqiyə də böyük həvəsi var idi. Valideynləri, müəllimləri onunla fəxr edir və sakit, səssiz görünən Nihata xəyalında hər kəs bir don biçir: kimisi onu həkim, kimisi hüquqşünas, kimisi idmançı görür. Lakin kimsənin ağlına da gəlməzdi ki, bu dərin səssizliyin alt qatlarında bir güc yatır.
Nihatın Unusdakı ata ocağındayıq. Divar boyu vurulan şəkillər dil açıb danışır. Saçları qar kimi ağarmış Məstan ana isə susub. Gözünü Nihatın əksindən ayırmadan, nəhayət, dillənir: "Özündən böyük bacısı var. Nihat evin tək oğul övladı olduğuna görə onun hər zaman yanımda olmasını arzulayırdım. Sən demə, Nihat artıq öz yolunu seçibmiş. Dayısı, bibisi oğlanları hərbçi idilər. Oxuduğu məktəbin hərbi rəhbəri Hüseyn Hacıyevin də, düşünürük ki, böyük təsiri oldu. Yeniyetmə ikən bu müqəddəs yola qədəm qoydu. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "motoatıcı taqım komandiri" ixtisası üzrə təhsilini davam etdirdi. 2018-ci ildə təhsilini başa vurdu. Seçdiyi peşə, geyindiyi forma ilə o qədər qürurlanırdı ki...".
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bütün qəlbi ilə, ruhu ilə Nihatı da səfərbər etdi. Suqovuşandan başlayan döyüş yolu Laçından, Kəlbəcərdən keçir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postu azad edərkən düşmənin snayper atəşi nəticəsində yaralanır. Buna baxmayaraq, döyüşü davam etdirir. Valideynləri müharibə bitdikdən sonra Nihatın döyüşlərdə iştirakından və yaralanmasından xəbər tuturlar.
Nihat haqqında danışanda atası Qasım kişinin necə qürur duyduğunu hiss etməmək mümkün deyil. "Nihat xidməti ilə bağlı bizimlə kəlmə kəsməzdi. Təbiətən də sakit adam idi. Biz Nihatı müharibədən  sonra kəşf etdik", - dedi.
Düşmənin məğlubiyyəti ilə  nəticələnən müharibədən sonra Nihat 2021-ci ilin fevralında Naxçıvana gəlir. Hava limanında onu tək valideynləri deyil, qohum, qonşu, dostları qarşılayırlar. Kənd camaatı ayaqda alqışlayır. 30 illik torpaq həsrətinə son verib üçrəngli bayrağı o torpaqlarda dalğalandıranlardan biri - Nihat Quluzadə gəlmişdi. Kənd bayram libasına bürünmüşdü. Unusda hələ belə bayram yaşanmamışdı. Hər kəs Quliyevlər ailəsini təbrikə gəlirdi. Nihat Quluzadə bir kəndin yox, ölkənin fəxri idi.
Xidmətinə davam edən baş leytenant N.Quluzadə "Komando başlanğıc kursu"nu bitirir. Xidməti dövründə dəfələrlə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlarla təltif olunur.
Məğlubiyyətini heç cür həzm edə bilməyən düşmən hərbi təxribatlar törətməkdə davam edirdi. Azərbaycan Ordusu peşəkarlıq göstərərək düşmən qüvvələri doğma torpaqlardan təmizləyirdi. Beləliklə, 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Antiterror əməliyyatı zamanı şəhidlik məqamına yüksələnlərdən biri də baş leytenant N.Quluzadədir.
Atası Qasım Quliyev: "Sonuncu dəfə evə 2023-cü ilin martında doğum günümə qəfil gəlişilə mənə sürpriz etmişdi. Sentyabrda yaxın qohumun toyu olacaqdı. Hamı Nihatın gəlişini gözləyirdi. Elə son gəlişi də qəfil oldu. 2020-ci ildə qəlbində daşıdığı üçrəngli bayrağa bu dəfə bükülüb gəlmişdi. Son danışığımız elə həmin gün olmuşdu. Yenə də bizə heç nə demədi. Sözü o oldu ki, zəng çatmasa, nigaran qalmayın. Sentyabrın 21-i Unus kənd qəbiristanlığında dəfn edildi. Canını, ürəyini qoyduğu, hər qarışını sevdiyi torpağa qovuşdu. İndi onun məzarı ziyarətgaha çevrilib. Orta məktəb zamanı şərəf lövhəsinə şəkli vurulan N.Quluzadə igidliyi ilə adını Azərbaycanın zəfər tarixinə yazdırdı. Mən oğlumla qürur duyuram".
Baş leytenant Nihat Quluzadə 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Məstan ananın oğul həsrətindən ağaran saçları uca dağların zirvəsindəki qara bənzəyir. Bəmbəyazdır. O bəyazlıqda mərd, qürurlu, cəfakeş Azərbaycan qadınının siması canlanır. O sima daha neçə-neçə rəssamın tablosuna köçəcək, əbədiləşəcək - "Qəhrəman oğulun qəhrəman anası" adı ilə.
Bir oğul böyütdün, düşmənə çəpər, öyünməyə haqqın var, Məstan ana. Nihat tək sənin oğlun deyil, bütöv Azərbaycanın oğludur. Müqəddəs yolun yolçusu artıq ən müqəddəs zirvədədir. Əlimizin yetmədiyi, lakin sevgimizin, ehtiramımızın, sayğımızın yetdiyi zirvədə...

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının
baş redaktoru