Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:18

“Azad olunan doğma torpaqlarımızda xidmət etmək fəxrdir”

Vətənə dərin məhəbbət hissi, onun mənafeyini müdafiə etmək və ölkənin rifahı üçün hər zaman çalışmaq istəyi vətənpərvərlik adlanır. Bu, həm də xalqının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmaq, Vətənin beynəlxalq arenada nailiyyətlərini qorumaq və artırmaq istəyində də ifadə olunur. Ölkənin, xalqın gələcəyi üçün məsuliyyəti, ümumi rifahı naminə şəxsi mənafeyini qurban vermək və çətin anlarda, istər hərbi münaqişələr, istərsə də daxili çağırışlar zamanı müdafiə etmək istəyini ehtiva edən anlayışdır vətənpərvərlik.
Vətənpərvərlik milli kimliyin mühüm tərkib hissəsidir, öz xalqına və dövlətinə mənsubluq hissinin pik nöqtəsidir. Bu, təkcə emosional bağlılıq deyil, həm də cəmiyyətin həyatında iştirak etmək, onun dəyər və normalarını qorumaq istəyi ilə ifadə olunan fəal vətəndaş mövqeyidir. Bu hiss gənc nəslin tərbiyəsində, o cümlədən onlarda Vətəni, onun gələcəyi üçün məsuliyyət hissi yaratmaqda əsas rol oynayır.
Hərbi münaqişələr, siyasi qeyri-sabitlik, iqtisadi böhranlar və informasiya müharibələri kimi qlobal çağırışlar qarşısında vətənpərvərlik insanları dövlətin suverenliyini və müstəqilliyini qorumaq ideyası ətrafında birləşməyə kömək edir.
Vətənpərvərliyin ən bariz nümunələrindən olan Azərbaycan Ordusunun igid hərbçiləri ilə söhbət zamanı bu məhfumu daha dərindən anlamış olduq.
"N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Mehdiyev bu barədə öz fikirlərini bizimlə bölüşdü. Əldə silah, ürəkdə Vətən sevdası ilə doğma torpaqlarımızın müdafiəsində dayanan cəsur əsgərimiz bildirdi ki, Azərbaycanın mürəkkəb geosiyasi tarixində, çoxəsrlik müstəqillik və suverenlik uğrunda mübarizə şəraitində vətənpərvərlik hissləri xalqımızın özünəməxsusluğunu qoruyub saxlamağa kömək edən ən mühüm amil rolunu oynamışdır. Mədəni irsin qorunub saxlanılması, milli kimliyin formalaşması və müstəqillik uğrunda mübarizədə birlik yaranmasının əsas səbəbi oldu. "Mənim üçün vətənpərvərlik sadəcə bir söz deyil, həyat tərzidir. Vətənə sevgi onun tarixinə, adət-ənənələrinə hörmətdir. Mənim üçün vətənpərvər olmaq Azərbaycan Ordusunun sıralarında xidmət etmək, xalqımızı, torpaqlarımızı təhlükədən qorumaq deməkdir. Komandir və silahdaşlarımızın qəhrəmancasına vuruşaraq, işğaldan azad etdikləri ərazilərdə xidmət etmək, döyüş növbətçiliyi aparmaq böyük fəxrdir. Ordumuz Azərbaycanın sipəri, müstəqilliyimiz və dinc gələcəyimizin qarantıdır", - deyə əsgər C.Mehdiyev bildirdi.
Cəlilabad rayonundan xidmətə çağırılan Ravi Ağamalıyev əsgər yoldaşının sözləri ilə həmfikir olduğunu bildirərək, hərbi xidmətin vətənpərvərliyin sözdə deyil, əməldə ifadəsi olduğunu dedi. "Vəzifəsindən və rütbəsindən asılı olmayaraq hərbi qulluqçu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazır olmalıdır. Hərbi Anda sədaqətli olmaq, intizamımızı daim yüksək səviyyədə saxlamaq və döyüş hazırlığımızın inkişafı üçün çalışmaq Vətən qarşısında olan borcumuzdur. Amalımız qalib Azərbaycan Ordusunun əsgəri adını daim uca tutmaqdır".
Vətənpərvərlik bizə çətinlikləri dəf etmək üçün güc verir. Hər bir Vətən qoruyucusu anlayır ki, xidmətə gedən xalqını, doğma torpağını qoruyur. Deyilən sözlər haqqında düşünərək qərara gəlmək olar ki, ordu həyatında vətənpərvərlik hər sırada, hər addımda hiss olunur.

İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"