Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:16

Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir

Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir. Bu şərəfli yol yalnız cəsarət, güc tələb etməklə qalmır, həm də doğma torpağa sadiqlik və dərin məhəbbət tələb edir. Kapitan Rəsul Əkrəm oğlu Hüseynov da öz taleyini bu missiyaya bağlayan, çətin və şərəfli vəzifələrini layiqincə yerinə yetirən zabitlərdəndir. Onun həyatı və xidməti Vətənə bağlılığın, vətənpərvərliyin canlı nümunəsidir. R.Hüseynov və ömrünü hərb peşəsinə bağlayan hərbi qulluqçuların xidmət yolu hər bir Azərbaycan gəncinin Vətənə olan borcunu layiqincə yerinə yetirməsi üçün örnəkdir. Onların fədakarlığı sayəsində üçrəngli Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq, xalqımız isə bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşayacaqdır.
Kapitan Rəsul Hüseynov 27 mart 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. Kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüyən Rəsul hərbi sahəyə olan marağını hələ yeniyetmə yaşlarında göstərib. O, 2009-2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alaraq, hərbçi olmaq yolunda ilk addımlarını atıb. Bu təhsil onun gələcək hərbi uğurlarının təməlini qoyub. 2012-2016-cı illərdə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alaraq, xidmətə başlayıb. 2020-ci ildən isə xidmətini Azərbaycan Hərbi Hava Qüvvələrində davam etdirir. Xidmətində yüksək peşəkarlıq nümayiş etdirən zabit müxtəlif kurslarda iştirak edərək, dərin biliklər qazanıb. Bu da ona hərbi bacarığının artırılması, Azərbaycan naminə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlməsi üçün əhəmiyyətli töhfələr verib.
Kapitan Hüseynovun ən mühüm xidmətlərindən biri isə 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarında iştirakıdır. O, bu əməliyyatlarda öz hərbi bilik və bacarıqlarını səfərbər edərək yüksək peşəkarlıq göstərib. Bu xidmətlərinə görə Rəsul Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Gənc zabitimizin həyat və döyüş yolu onun simasında Azərbaycan gəncliyinin parlaq bir nümunəsini yaradır. Belə zabitlər bizə Vətənimizin müdafiəsinin daha da güclü olacağına əminlik hissi bəxş edir. R.Hüseynovun timsalında Azərbaycan gəncliyi üçün nümunə olan igid oğullarımızın sayəsində Vətən sevgisinin və milli kimliyimizin yaşadılması və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə zabitlərin həyat hekayələri yalnız ordumuzun gücünü deyil, həm də Azərbaycan xalqının iradəsini, Vətənə bağlılığını və müstəqillik əzmini ifadə edir. Onlar Azərbaycan gəncliyinə hərbi xidmətdə deyil, həyatın bütün sahələrində də doğru yolda olmağın, əzmkarlığın və vətənpərvərliyin nə qədər önəmli olduğunu göstərirlər. Vətən uğrunda göstərilən şücaət və qətiyyət tarix boyu xalqımızın ən qiymətli dəyərlərindən biri olmuşdur və bu dəyərlər vətənpərvər zabitlərimizin sayəsində hər zaman yaşadılacaqdır.

Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"