Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2024 15:12

“Təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq”

İkinci Qarabağ müharibəsindən əvvəl əsgərlərlə ön xətdə, səngərlərdə söhbətləşirdik. Vətəndən danışırdıq, torpaqdan, torpağın yaralarından, bu yaralara məlhəm Ali Baş Komandanın verəcəyi döyüş əmri ilə başlayacaq ədalətli müharibədə qazanılacaq qələbədən danışırdıq. Onda əsgərlərdən biri demişdi ki, istini-bürkünü, soyuğu-sazağı hərbi xidmətə, deməli, Vətənə sədaqət yumşaldır...
Ömrün Vətənə xidmət fəsli ifadəsi onda əsgərlərə gözəl könül xoşluğu vermişdi. "Hərbi xidmət bu fəsildə başlayır, ancaq heç zaman tamamlanmır..." - fikri əsgərlərin sayı qədər təkrarlanmışdı; o ilin isti yay günündə möcüzəvi bir sərinlik yaşamışdıq...
Yaydı. İstidi, bürküdü. Azərbaycan əsgəri bu istidə-bürküdə də öyrənir, öyrəndiklərini təcrübədə təkmilləşdirir, hərbçi kimi püxtələşir.
Təlimdi. "N" hərbi hissəsinin artilleriyaçıları çöl təlimindədi. Top heyəti Vətən müharibəsində iştirak etmiş artilleriya qurğusu ilə keçirilən təlimi döyüşlərin təcrübəsi - nəzəri bilikləri tamamlayan öyrənmə prosesi bilir. Mayor Allahverdi Əhmədov dedi ki, artilleriyaçılarımız hər təlim mövzusunu real döyüş şəraitinə imitasiya səviyyəsində öyrənirlər - öyrənilmişlər bir daha mərhələlərlə, sonra bütövlükdə təkrarlanır ki, bu da məqsədin tam yerinə yetirilməsini təmin edir. Ötən təlimlərin birində əsgərin verdiyi sual ətrafında əvvəl top komandiri, sonra bölük komandiri geniş məlumatlar vermişdi. Bu məlumatlar həm mövzunu əhatələmişdi, həm də növbəti mövzularla əlaqənin nəzəri əsası olmuşdu...
İncə meh əsirdi. Ağacların xırdaca yarpaqları incəliklə titrəyirdi. “Atəş mövqeyinin tutulması, tərk edilməsi, qurğuların “Döyüşə” və “Səfərə” vəziyyətinə gətirilməsi normativlərinin yerinə yetirilməsi, kollimatorun qurulması” mövzusunda təlim başladı. Bölük komandiri top heyətini təlimatlandırıb. Hamı nə edəcəyini də bilir, əmrləri necə yerinə yetirəcəyini də. Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Camal Dərvişov heyət üzvlərinin qurğunun ətrafında yerləşməsinə - təlimə necə başlayacaqlarına diqqət yetirirdi. Nə vaxtsa eşitdiyim bir fikri xatırlayıram: Təlim təlimdən əvvəl başlayır; təlimi təlimin təlimdən əvvəl başlayan mərhələsinin zəmanəti ilə izlədik...
Top heyəti mövzunu mərhələlərlə yerinə yetirirdi. Hər birinin hərəkətlərində cəldlik, səlislik, rəvanlıq vardı. Bunları mövzunun nəzəri baxımdan tam mənimsənildiyinə, təcrübi bələdliyə yozuram; bələdlik icranı xeyli asanlaşdırır, təlimin müvafiq mərhələsi təlimata müvafiq səviyyədə və müddətdə yerinə yetirilir. Təlimin ayrı-ayrı mərhələlərinin məsuliyyətlə yerinə yetirilməsi gözəl ovqat, gözəl təəssürat yaradır; döyüş hazırlığı biçimli bir prosesi izləmək nə qədər xoşdu!..
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərvin Bağırov bildirdi ki, hərbi xidmətə başlayanda gənc əsgər hazırlığı kursunda artilleriyaçı olacağımı dedilər. “Artilleriyaçı olmaq haqqında heç vaxt xəyal qurmamışdım. Artilleriyamızın Vətən müharibəsində düşmənə necə tələfat verdiyi haqqında mən də eşitmişdim. Bunları xatırlayanda sevindim. Savadlı və peşəkar komandirlərimizin rəhbərliyi ilə keçirilən təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq”.
Əsgər Ruslan Allahyarov əsgər yoldaşının dediklərini bir qədər duyğusallıqla tamamladı. Kəlmələrində qürur var, o qürurun eynini Xankəndidə keçirilən Gənclər forumunda iştirak edən əsgərin çıxışında da duymuşdum. Əsgər demişdi ki, biz düşməndən nisbətən uzaqda olsaq da, özümüzü üzbəüz döyüşdə hiss edirdik...
- Artilleriyaçılar döyüşdə düşmənin görünməyən hədəflərini - komanda-qərargah məntəqələrini, mövqelərini,  döyüş texnikalarını, canlı qüvvələrini məhv edir. Komandirimiz demişdi ki, bizim xidmət etdiyimiz hərbi hissə də Vətən müharibəsində döyüşənlərimizə vaxtında və gərəkli atəş dəstəyi verib, mövqe qələbələrinin qazanılmasında əhəmiyyətli hərbi qüvvə olub. Biz onların davamçılarıyıq. Tarixi Zəfərdən sonra artilleriya atışları təlimlərdə eşidilir. İnanırıq ki, düşmən bu atışları bir daha başı üzərində görmək istəməyəcək. Onlar Azərbaycan Ordusunun artilleriyaçılarının atışlarını dəqiqliklə yerinə yetirdiyinə yaxşı bələddir...
Əsgər Rahil Mirzəyev dedi ki, ilk vaxtlar bu ixtisası mənimsəməkdə çətinlik çəkirdim. “Bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımın məsləhətləri, hərəkətləri yerinə yetirə-yetirə izahlamaları, komandirlərimizin tövsiyələri köməyim oldu. İxtisasımı öyrənmişəm, indi heç bir çətinliyim yoxdur. Komandirlərim döyüş hazırlığımdan razıdırlar...”.
Təlim davam edir. Tapşırıqları səlis yerinə yetirən əsgərlərin hərəkətlərində yorğunluq hiss olunmur; təlimdə iştirak bu hərbi hissənin artilleriyaçıları üçün də təkcə vəzifə borcunu yerinə yetirmək deyil, həm də Vətən müharibəsində tarixi Zəfər qazananlara vəfa, sədaqət borcu kimi yerinə yetirilən tapşırıqların ahəngdarlığını, rəvanlığını mükəmməl öyrənmənin təzahürü bilirik. "Görünməyən hədəfləri “ürəyinin gözü ilə görənlər"in baxışlarında bir şükranlıq hiss olunur: Azərbaycan Ordusunun əsgəri olmağın, artilleriyaçı olmağın şükranlığıdı - düşünürəm...
- Bu yaxınlarda Vətən müharibəsində iştirak etmiş top haqqında bir məqalə oxuduq. Həmin top heyətinin qürurunu biz də yaşayırıq. Vətən müharibəsində bizim topumuz da iştirak edib, - əsgər Elşən Xankişiyev belə dedi. Top heyətinin baxışlarında son illərdə gördüyümüz şükranlığın bircə yozumu var: Ərazi bütövlüyümüzü tam bərpa edən Azərbaycan Ordusu güclüdür!..
Meh əsir...
Ağacların budaqlarından sürüşən mehin yaratdığı xoş ovqat könlümüzü telləndirib uzaqlara tələsdirir...

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"