Yeddi il öncə erməni təcavüzkarlarının Xocavənd istiqamətində növbəti təxribatı baş verdi. 2017-ci il fevralın 24-dən 25-ə keçən gecə mayor Aqşin Abdullayev tabeliyindəki heyət ilə birlikdə erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını almaq və komandanlığın döyüş tapşırığını yerinə yetirmək məqsədilə təcili olaraq qaynar nöqtəyə göndərildi. Cəsarəti, hünəri ilə seçilən mayor Aqşin Abdullayev və onun döyüşçü yoldaşları içdikləri Hərbi Anda sadiq qalaraq, düşmənlə son damla qanlarınadək döyüşdülər. Düşmən təxribatının qarşısını mərdliklə alarkən şəhidlik zirvəsinə ucaldılar. Budur, ölməzliyin əbədi ünvanı - şəhidlik...
Şəkinin qədim Kiş kəndində möhtəşəm bir abidə ucalır. Şəhid Aqşinin ölməzliyinə ünvanlanmış abidə. Burada uyuyan Vətənin şəhid oğlu igidliyi doğma Qafqaz dağlarının əzəmətindən, cürəti, cəsarəti, qorxmazlığı göz qırpımında qaynayıb kükrəyən, aşıb-daşan Kiş çayından almışdı. Sanki sıralanmış Qafqaz dağları şəhid Aqşini qoynuna alıb, ruhuna həzin-həzin laylalar deyirdi... Məzar daşına həkk olunan yazını oxuyuram. "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək, canından keçərək şəhid olub".
Sinəsi dağlı, başı qalalı dağların ətəyində məskən quran bir də qədim Kiş kəndi var. Tarixi ta qədimlərə söykənən bu kəndin gəncləri hər zaman qoçaqlığı, igidliyi, qeyrəti ilə seçilib. Elin, obanın arxa-dayağı olublar. Aqşin kimi ölməz oğlu var bu kəndin. Aqşinə əbədi yaddaşlarda qalan o igidlərdəndir. Bu gün Aqşini təkcə Kiş kəndinin camaatı deyil, bütün Azərbaycan xalqı tanıyır. Xalqımız hər zaman Vətən yolunda canından keçən oğulları ilə fəxr edib qürur duyur. Onların adları əbədiləşdirilir, xatirəsi daima əziz tutulur.
Aqşin İsmayıl oğlu Abdullayev 1982-ci il oktyabrın 7-də Şəki rayonunun Kiş kəndində dünyaya göz açmışdı. Boya-başa çatdığı dağların qoynunda yerləşən Kiş kəndinin tarixiliyi, qədimliyi Aqşinin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdı. Orta məktəbi əla qiymətlərlə başa vuran Aqşin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. 2003-cü ildə hərbi təhsilini başa vuran Aqşin "leytenant" hərbi rütbəsinə layiq görülür, Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində şərəfli xidmət yolu keçib. Xidmət dövründə nümunəvi zabit kimi fəxri fərmanlarla, diplomlarla, "Qüsursuz xidmətə görə" 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub. Vətənpərvər zabit mayor Aqşin Abdullayev göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidenti "Şücaətə görə" medalına layiq görülüb.
Gələcək nəsillərin əsl vətəndaş kimi yetişməsində səmərəli fəaliyyət göstərən və çalışdığı təhsil sahəsinə töhfələr bəxş edən Əməkdar müəllim Dursun Abdullayeva şəhid oğlunun şərəflə yaşadığı həyatından danışır: "Aqşin həyatı başa düşəndən qonum-qonşuya, qohum-əqrabaya, elə-obaya yanan olub. Kənddə kiminsə ağır bir işi olanda tez Aqşini çağırardı. Uşaqlıqdan dostcanlı, qohumcanlı, mehriban idi. Uşaqla uşaq kimi, böyüklə böyük kimi davranardı. Onun haqqında heç vaxt keçmiş zamanda danışa bilmirəm. Gördüyünüz bu dağların hər daşına, qayasına bələd idi. Onun qorxmaz, çevik, igid, hünərli olması, əzəmətli dağların, dərələrin abu-havasının əsəri idi. Bütün dağlıq-meşəlik yolları tanıyırdı. Aqşin kəndimizin təbiətinin vurğunu idi. Saatlarla təbiətin qoynunda olardı. Heyvanları və bitkiləri çox sevirdi. Həyətə gətirib müxtəlif bitkilər əkirdi. Onlar üzərində müşahidələr aparırdı. Mənə tez-tez məntiqli suallar verirdi. Fikirləşirdik ki, Aqşin böyüyəndə bioloq olacaq. Lap kiçik yaşlarından oxumağa, elmə maraq göstərirdi. Hələ dörd yaşı var idi. Nənəsinin yanında qoyub məktəbə getməli olurdum. Tənəffüs zamanı bir də görürdüm ki, Aqşin ya Bahirə müəllimənin, ya da Alışan müəllimin sinfindən çıxır. Aqşin orta məktəbi bitirdikdən sonra artıq seçimini etmişdi. Gələcəkdə peşəkar hərbçi olacağını qarşısına məqsəd qoymuşdu", - deyə Dursun ana gözlərinin yaşını saxlaya bilmir. Yenidən söhbətinə davam edir: "O, ölümdən qorxmurdu. Deyirdi ki, hər bir əsgər, hər bir zabit üçün döyüş labüddür. Döyüşə gedən bilir ki, bu yolda ölüm də var, sağ qalmaq da. Ancaq gərək qorxmayasan. Hər bir anaya öz övladı əzizdir. Təkcə mən onunla övladım olduğuna görə deyil, Azərbaycan Ordusunun bir zabiti, hərbçisi kimi fəxr edirdim. Vətənini, xalqını, dövlətini, bayrağını, ordusunu sevən bir zabit kimi... Bu gün də fəxr edirəm, sabah da fəxr edəcəm ki, mənim övladım canı qədər sevdiyi Vətən, torpaq, bayraq uğrunda şəhid olub. Aprel döyüşlərindən, qələbəmizdən, döyüşlərdə şəhid olan hərbçilərimizdən çox danışırdı. Şəhidlik hər kəsə qismət olmur. O zirvəyə hər kəs ucala bilmir. Aqşin özünün arzuladığı yolu seçdi. “Torpaq, uğrunda ölən varsa, Vətəndir” - deyirdi Aqşin. 44 günlük Vətən müharibəsində Aqşin kimi bütün şəhid oğullarımızın qisası alındı. Torpaqlarımız azad olundu. Aqşingilin başladığı haqq işi uğrunda mübarizənin sonu Böyük Zəfərlə bitdi. Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü tam təmin edildi".
Dursun ana danışır ki, uşaq olanda Aqşin ona sual verərmiş, Vətən nədir? Cavab verərdim ki, bax, bizim bu evimizdən başlayır Vətən. Bizim evimiz, Kiş kəndi, Şəkimiz, Qafqaz sıra dağları, nəhayət, Azərbaycan bizim Vətənimizdir. Doğma Vətənimiz. Onun hər qarışı bizim üçün əzizdir. Bir möcüzə idi. Şəhid olanda da Vətən torpağı ovcundaydı... Yağış yağan kimi həyətə qaçırdı. Torpağın şirin ətrini sevərdi. Sanki torpaq qoxusu ovsunlayırdı onu. Deyirdi ki, torpaqlarımız düşməndən azad olunsun, gedib Ağdamda ev tikib orada yaşayacam. Görün, Aqşinin qəlbindən hansı arzular keçirdi.
Qədim Kiş kəndində Abdullayevlər ailəsində bir oğlan uşağı böyüdü. Gəlişi ilə ata-ana, bütün qohum-əqraba sevinib, bayram edib qurban kəsmişdi. Adına Aqşin dedilər. "İgid, qəhrəman, elə-obaya gərəkli övlad, Vətənə layiqli oğul ol, əməlinlə başımızı uca et, şöhrətin hər yana yayılsın", - deyə Bakıya hərbi məktəbə təhsil almağa yola salanda kursant Aqşinə xeyir-dua vermişdi qohum-əqrabası, sevimli müəllimləri və kəndin camaatı.
Oğlu Vətən yolunda, torpaq uğrunda şəhid olan İsmayıl Abdullayev demişdi: "Bu mənə bir ata kimi qürur verir. Oğul Vətən üçün doğulur. Aqşinin üç övladı bizə əmanət qalıb. Onlar atasına layiq övlad kimi böyüyüb əsl vətəndaş olmalıdırlar. Aqşinin yarımçıq qalmış arzularını onlar həyata keçirməlidirlər". İsmayıl kişi ötən il iyulun 24-də dünyasını dəyişərək, oğlu Aqşinə qovuşdu. Allah sizə rəhmət eləsin, şəhid atası.
Aqşinin böyük oğlu Amin Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kursunda təhsil alır. Qızı Nərminin 16 yaşı var. 10-cu sinifdə oxuyur. Sonbeşik Ömər isə məktəblidir. Şəhidin həyat yoldaşı Xuraman xanım deyir ki, Aqşin şəhid olanda Ömər 6 aylıq olub. Çox həssas uşaq idi. Şəkillərinə həmişə diqqətlə baxırdı. Elə bil ki, onu tanıyırdı. Şəkildəki insan ona çox doğma gəlirdi. Danışmaq istəyirdi...
Bu gün Şəki şəhərində mərkəzi küçələrdən biri şəhid mayor Aqşin Abdullayevin adını daşıyır. Xocavənd rayonunda 2017-ci il fevralın 24-dən 25-ə keçən gecə düşmən təxribatının qarşısını alarkən şəhid olan Aqşin və onun döyüş yoldaşlarının xatirəsinə abidə yaradılıb, park salınıb.
Aqşin kimi oğulların əbədiyyət qazanan, dastanlara dönən ömürləri tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılıb. Bu qürurlu tarix də nümunə olacaq.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"