Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2024 17:09

Vətən uğrunda yaşanan ömür

Xalqımızın tarixində mübarizə və qəhrəmanlıqla dolu səhifələr vardır. Bu səhifələr millətin varlığını qorumaq, müstəqilliyini təmin etmək uğrunda göstərilən igidliklə, şücaətlərlə yazılır. Azərbaycan xalqı üçün belə igidlik dastanlarından biri torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş və bu yolda canını fəda etmiş Milli Qəhrəmanlarımızdır. Bu qəhrəmanlardan biri də öz canını Vətən uğrunda qurban vermiş, əsl igidlik nümunəsi göstərmiş Fazil Mehdiyevdir.
Mehdiyev Fazil Umud oğlu 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində dünyaya göz açıb. Lakin onun ailəsi körpə ikən Ağdama köçüb. Uşaq yaşlarından Azərbaycan sevgisi və vətənpərvərlik ruhunda böyüyən Fazil 1983-cü ildə məktəbi bitirdikdən sonra 1984-1986-cı illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmət onu yalnız bir əsgər kimi deyil, həm də əsl vətənpərvər kimi yetişdirib. O, Vətən torpaqlarına olan sevgisini və borcunu heç vaxt unutmayıb.
1990-cı ildə torpaqlarımızın erməni işğalçıları tərəfindən təhdid altında olduğunu görən Fazil, heç tərəddüd etmədən Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılıb. O, Vətəninə olan borcunu yerinə yetirmək üçün ən qaynar döyüş meydanlarında fəal iştirak edib. Xocalı, Ağdərə, Qaradağlı, Kərkicahan, Kosalar, Canyataq, Mehmanə, Qazançı və Sırxavənd kəndlərində döyüşərək, şəxsi igidlik və şücaət nümayiş etdirib.
Fazil Mehdiyev Vətən uğrunda şəhid olmaqdan heç vaxt çəkinməyib. 1991-ci ilin sentyabr ayında ağır yaralanıb. Sağalan kimi cəbhəyə qayıtması onun Vətən sevgisinin, döyüş ruhunun və qəlbindəki vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu göstərir. 23 sentyabr 1991-ci il gecəsi ermənilərin hücum etdiyi vaxt, Fazil dostu Salehlə birlikdə köməyə gedərkən, Ağdama gələn yolda pusqu quran ermənilər tərəfindən atəşə tutulub və bu atışmada həyatını itirərək, şəhidlik zirvəsinə yüksəlir.
Fazil Mehdiyevin şərəfli və cəsurluq dolu həyat yolu, Vətənə olan sadiqliyin, əsl vətənpərvərliyin canlı nümunəsidir. Onun əziz xatirəsi xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır. Ağdamın Qarağacı qəbiristanlığında dəfn edilən Fazil öz gənc ömrünü Vətən uğrunda fəda edərək, gələcək nəsillər üçün bir qəhrəmanlıq simvoluna çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Mehdiyev Fazil Umud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bu fəxri ad onun göstərdiyi qəhrəmanlığa verilən ən yüksək qiymətdir. Bu gün onun adı Bakı şəhərində küçələrdən birinə verilib, Xətai prospektində adını daşıyan parkda onun büstü qoyulub. Bu abidə Fazil Mehdiyevin Vətən uğrunda göstərdiyi şücaətin əbədiləşdirilməsi onun qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsi üçün atılmış mühüm addımlardır.
Fazil Mehdiyev kimi qəhrəmanlar Azərbaycanın əbədi müstəqilliyinin, torpaqlarımızın bütövlüyünün təminatçısıdır. Onların göstərdiyi igidlik, xalqımızın hər zaman yaddaşında qalacaq və bu qəhrəmanlıq dastanı Azərbaycan tarixində əbədi yaşayacaqdır. Vətən uğrunda canını fəda etmiş bu qəhrəmanlara borcumuz sonsuzdur və onların əziz xatirəsini daima yaşatmaq bizim ən müqəddəs vəzifəmizdir.

Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"