Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2024 17:09

Əsgərdən zabitə yüksələn şərəfli yol

Hərbi xidmət sadəcə iş deyil, tam fədakarlıq, cəsarət və əzm tələb edən xidmətdir. Dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu haqda "Hər bir peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir" demişdir. Təbii ki, qürurverici peşələr haqqında düşündükdə insanın ağlına ilk hərb sənəti gəlir. Bu peşə sahibləri sülhün və sabitliyinin təmin edilməsində ən əsas rol oynayırlar. Bundan əlavə, hərbi xidmət insandan intizam, fiziki və psixoloji sağlamlıq, liderlik bacarığı, həm də yüksək insani və milli-mənəvi dəyərlərə sadiqlik tələb edir.
Hərbi xidmətin əsas fiqurlarından biri gənclərimizdir. Onlar vəzifə borclarının yerinə yetirilməsi ilə yanaşı, həm də ordu həyatına yeni fikirlər, ideyalar, müasir baxış və ruh yüksəkliyi gətirirlər. Vətənpərvərlik və məsuliyyət ruhunda tərbiyə olunan gənclərimiz fəaliyyətlərinin ilk günlərindən yüksək fədakarlıq və Vətənə xidmətə hazır olduqlarını nümayiş etdirirlər. Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbçilərimizin hər biri Vətənin qorunmasına və çiçəklənməsinə öz töhfələrini verir. Onların arasında sıravi əsgərdən zabitə qədər şərəfli yol keçərək öz işinə ən yüksək peşəkarlıq və sədaqət nümayiş etdirənlər yetərincədir.
Təbii ki, müasir ordunun inkişafında və möhkəmlənməsində gənc zabitlərin töhfəsini qiymətləndirməmək olmaz. Daim öz üzərlərində çalışmaq, özlərini təkmilləşdirmək və Vətənə şərəflə xidmət etmək amalında olan zabitlərimiz əsl liderə çevrilirlər. Sözsüz ki, ordunun gələcəyi də gənc zabitlərin müasir dövrün reallıqlarına nə qədər uğurla hazırlanmalarından asılıdır. Bir sözlə, gənc zabitlərimiz ordumuzun parlaq gələcəyinin təminatçısıdır.
Leytenant Səxavət Kərimov da ordu sıralarında xidmət edən belə gənclərdəndir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başlanan Vətən müharibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə müraciət edərək, hərbi xidmətə yollanmaq istədiyini bildirib. Səxavətin hərbi həyatı məhz bu gündən başlayıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlasa da, komandirləri onun bilik və savadına görə “Ehtiyat zabit hazırlığı" kursuna göndərirlər. Səxavət kursu fərqlənmə ilə bitirir. "Bu kursa daxil olmaq mənim üçün yeni mərhələ idi. Bu, məsuliyyət tam öhdəlik tələb edən ciddi və gərgin bir dövr idi. Kurs həm nəzəri biliklərin mənimsənilməsi, həm də intensiv praktiki təlimləri əhatə edirdi. Taktika, topoqrafiya, atəş, ixtisas hazırlığı və digər fənlərdən dərs deyən müəllim heyətimiz bizi peşəkar zabit kimi formalaşdırmaq üçün səylərini əsirgəmirdilər. Bir sözlə, hər günümüz şəxsi inkişaf üçün səmərəli keçirdi".
Leytenant S.Kərimov bildirdi ki, 2021-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən Azərbaycanın sülhməramlı kontingentində də xidmət edib.  
"Qalib Azərbaycan Ordusunda xidmət etmək şərəf və məsuliyyətdir. Vətənim Azərbaycana xidmət etməkdən qürur duyuram və onun müstəqilliyi, ərazi bütövlüyü uğrunda can verməyə hazıram. İçdiyim Hərbi Anda sadiq, Ali Baş Komandanın verdiyi döyüş əmrinə hər an hazır olacağıma söz verirəm", - deyərək leytenant S.Kərimov sözünü bitirdi.
Gənc zabitlə söhbətdən sonra bir daha anladım ki, əsgər rütbəsindən zabitliyə gedən yol təkcə peşəkar inkişaf deyil, həm də dərin şəxsi transformasiyadır. Səxavətin həyat yolu zəhmət və fədakarlıq sayəsində qarşıya qoyulan məqsədlərə nail ola bilməyin əyani sübutudur. Vətənə şərəflə xidmət edən və şəxsi nümunəsi ilə başqalarını ruhlandıran hərbçilərimiz ilə hər zaman fəxr edirik.

İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Odusu"