Vətənə xidmətdən həmişə qürur duyan, vətənpərvər zabitlərdən söz düşəndə Mirizzət Elmar oğlu Cavadovun adı da iftixarla çəkilir. O, təcrübəli, peşəkar zabit kimi tanınır. Şəxsi heyətin döyüş və mənəvi psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsində öhdəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Öyrəndik ki, o, 1990-cı ildə ölkəmizin cənub mirvarisi sayılan Lənkəran rayonu Boladi kəndində anadan olub. "Oğul düşmən çəpəridir", - deyən yaxınlar, doğmalar Cavadovlar ailəsinə göz aydınlığı veriblər. Vətəninə, xalqına layiq övlad olmasını arzulayıblar.
Mirizzət Birinci Qarabağ müharibəsi şəhidi Nahir Axundovun adını daşıyan kənd orta məktəbində təhsil alıb. Əlaçı, nümunəvi şagird kimi tanınıb. Bilik yarışlarının, fənn olimpiadalarının qalibləri sırasında olub. Qədim tariximizə, hərb sənətinə böyük maraq göstərib. Bəzən özünü adlı-sanlı qəhrəmanlara bənzədib. Gələcəkdə onlar kimi olacağına söz verib.
2004-cü ildə 8-ci sinfi bitirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Beləliklə də ilk arzusunu gerçəkləşdirib, kursant adını qazanıb. Təhsil illərində də həmişə yüksək müvəffəqiyyətlər qazanıb. 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Təcrübəli zabitlərdən, müəllimlərdən hərb sənətinin sirrlərini hərtərəfli öyrənməyə çalışıb. Göstərilən etimadı həmişə doğruldan Mirizzət kursant kimi təlim və məşğələlərdə də fəal iştirak edib.
Məsuliyyətli, çətin, bütün peşələrdən üstün sayılan zabit peşəsinin Vətən, xalq üçün daha çox gərəkli olduğunu düşünüb. "Leytenant" hərbi rütbəsinə layiq görüldüyü günü həyatının ən mənalı, unudulmaz günü hesab edir. Həmin gün Mirizzətin ata-anası daha çox sevinib, ona Vətənə xidmətində uğurlar arzulayıblar.
"N" hərbi hissəsində gənc zabit kimi xidmətə başlayıb. Taqım komandiri vəzifəsinə təyin olunub. Çox keçməyib ki, tabeliyindəki şəxsi heyət döyüş hazırlığında fərqlənib. Sonra Mirizzət cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmətini davam etdirib. Vətənin keşiyində dayanaraq düşmən təxribatlarının qarşısının alınmasında iştirak edib. Komandirlik etdiyi şəxsi heyət həmişə yüksək vətənpərvərlik və döyüş ruhu aşılayıb. Hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hazır olduqlarını göstəriblər. Təyin olunduğu bütün vəzifələrdə Mirizzət xidməti borcunu əzmlə və fədakarlıqla yerinə yetirərək, komandanlığın rəğbətini qazanıb.
27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmri ilə ordumuz torpaqlarımızın azad edilməsi üçün döyüş əməliyyatlarına başladı. Mirizzətin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də müqəddəs amal uğrunda ağır döyüşlərə atıldı. Onlar qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirir, kənd və qəsəbələrimizi, şəhərlərimizi işğalçılardan təmizləyirdilər. 44 gün davam edən Vətən müharibəsi ordu və xalqın yenilməz birliyi və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti nəticəsində tarixi Zəfərlə başa çatdı.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Mirizzət Elmar oğlu Cavadov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. Azərbaycan zabiti adını şərəflə daşıyan mayor M.Cavadov "N" hərbi hissəsində xidmətini uğurla davam etdirir. Tarixi Zəfər Gününü yazanların sırasında olmağından həmişə qürur hissi keçirdiyini bildirdi.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"