Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2024 17:07

Bir ana hər əsgərin, bir əsgər hər ananın doğması və əzizidir

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, andiçmə mərasimlərində hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonda gənc əsgərlər təntənəli surətdə Hərbi Andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərləri Hərbi Andı qəbul etmələri münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
* * *
Azərbaycan xalqı tarixin bütün mərhələlərində öz ordusuna dərin sevgi və məhəbbət bəsləmişdir. Çünki ordu ölkənin dayağı, müstəqilliyin ən etibarlı təminatçısı, xalqın güvən mənbəyidir. Ordunun gücü, onun arxasında dayanan xalqın dəstəyindən qaynaqlanır. Bu gün ordumuza olan sevgi və hörmətin kökləri xalqımızın ürəyində tarixən formalaşıb.
Son dövrlərdə, xüsusilə də hərbi hissələrdə keçirilən Hərbi Andiçmə mərasimlərində valideynlərin və ictimaiyyət nümayəndələrinin ordumuza olan bağlılığını, güvənini bir daha müşahidə etmək mümkündür. Bu mərasimlər xalqın ordusuna olan sevgisinin sonsuz olduğunu göstərir. Andiçmə mərasimləri gənc əsgərlər üçün Vətən borcunun başlanğıcı, valideynlər üçün isə qürur və fərəh mənbəyidir.
Valideynlər üçün oğullarının hərbi xidmətə çağırıldığı gün onların həyatında ən önəmli və yaddaqalan hadisələrdən biridir. Bu günlərdə ata və anaların ürəyi bir tərəfdən qürur, digər tərəfdən isə vətənpərvərlik hissi ilə dolub-daşır. Onlar övladlarının Vətən qarşısında övladlıq borcunu yerinə yetirməsi ilə fəxr edir, dövlətin güclənməsinə öz töhfələrini verdiklərinə inanırlar.
Əməkdaşlarımız andiçmə mərasimlərində gənc əsgərlərin valideynləri və yaxınları ilə görüşərək onların düşüncələrini qələmə alıblar.

 "Azərbaycan Ordusu"


"N" hərbi hissəsində əsgər Namiq Mahmudzadənin atası Eldəniz Mahmudzadə övladının xidmətindən söz açaraq belə dedi: "Oğlumun bu müqəddəs borcu yerinə yetirmək üçün hərbi andı qəbul etməsi bizim ailəmiz üçün böyük qürur mənbəyidir. Biz onu hər zaman vətənpərvərlik ruhunda böyütmüşük. Bilirik ki, Vətənə xidmət etmək hər bir gəncin borcudur. Oğlumun timsalında bütün əsgərlərə xidmət müddətlərində uğurlar arzu edirəm. Hər biri Vətənin keşiyində məğrur və ayıq-sayıq dayansın".
Səmimi olaraq deyim ki, hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Bu günün təəssüratları uzun müddət yaddaşımdan silinməyəcək, - deyə əsgər Mustafa Şadmanovun anası Dilbər xanım bir valideyn kimi Azərbaycan əsgərinə bu gün göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini qeyd etdi. O, gənc əsgərlərə öz tövsiyyələrini çatdıraraq, Vətənə xidmət zamanı hər bir əsgərə igid və nümunəvi olmağı arzu etdi: "Biz oğullarımızı Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək üçün böyütmüşük. Oğlum bu gün hərbi xidmətdədir və ürəyimdə qürur hissi ilə yanaşı, onun bu çətin və şərəfli yolu ləyaqətlə yerinə yetirəcəyinə olan inam var. Ordu bizim dayağımızdır, onu dəstəkləmək isə hər birimizin borcudur. Oğlum Mustafa da ordu sıralarına böyük həvəslə yola düşdü. Hamımızı söz verdi ki, Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirəcək, torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacaq. Əminliklə deyə bilərəm ki, Mustafa verdiyi sözə, içdiyi anda sadiq qalacaq, ordu sıralarından evimizə alnıaçıq, başıuca qayıdacaq".
Əsgər Ələkbər Məmmədovun atası Şahmar Məmmədov dedi: "Bu gün burada, bu şərəfli andiçmə mərasimində iştirak etmək hər birimiz üçün böyük bir qürur və sevinc mənbəyidir. Mən, bir ata olaraq, bu duyğuları sizinlə bölüşməkdən iftixar hissi keçirirəm. Övladlarımızın bu müqəddəs vəzifəni yerinə yetirmək üçün addım atmaları, bizlərə dərin bir fəxarət hissi yaşadır. Bu gün burada, oğlumun əsgər formasında, Vətənə xidmət etdiyini görmək biz valideynlər üçün əvəzsiz bir xatirədir. Bu məqamda, övladlarımızın Azərbaycan Ordusuna layiqli əsgər kimi formalaşması prosesində əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bir vətəndaş kimi, eyni zamanda, bir valideyn kimi "N" hərbi hissəsində andiçmə mərasimində iştirak edərək əsgərlərimizin intizamının, psixoloji hazırlıqlarının necə yüksək səviyyədə olduğunu öz gözlərimlə gördüm. Son dövrlər qazandığımız uğurlar əsgərlərimizdə döyüş əzmini həddindən artıq yüksəldib. Oğlum Ələkbər də daxil olmaqla bütün əsgərlərin qarşısında bir vəzifə dayanır - Vətənin keşiyində məğrur dayanmaq. Əsgər valideynləri adından demək istəyirəm ki, bizim ən böyük arzumuz övladlarımızın sağ-salamat xidmət edib, Vətən borclarını layiqincə yerinə yetirərək ailələrinin yanına qayıtmasıdır. Əsgər balalarımız da bilsinlər ki, onlar yalnız öz ailələrinə deyil, bütöv bir millətə xidmət etmək üçün buradadırlar. Onlar Vətəni qorumaq üçün and içirlər, biz də hər zaman onlarla qürur duyuruq. Oğullarımızın bu şərəfli yolu uğurla davam etdirmələrini və hər zaman Vətənə layiq əsgərlər olmalarını diləyirəm. Allah onların hər birini qorusun, qələbə hər zaman onlarla olsun!"


Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"



Rəsmiyyə Rövşənova:
- İllərlə əzizlədiyin övladının Vətənin müdafiəsinə getməsi hər bir ata-ana üçün böyük fəxrdir. Oğlum Hərbi Andı qəbul edərək Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına and içdi. Bu gündən mən də əsgər anasıyam. Bu adın ümdəliyini yaşamaq, vacibliyini hiss etmək bu gün yüzlərlə əsgər anasına qismət oldu. Qürurluyam ki, Vətən müdafiəçiləri sırasında dayanan oğlum Etibar bu gündən şanlı ordumuzun əsgəridir. Övladımı qalib ordunun hərbi mundirində gördüm - valideyn üçün necə də şərəfli və qürurlu bir hissdir! Bu geyim vətənpərvərlik geyimidir. İnanıram ki, əsgər balam öz sələflərinin adını layiqincə doğruldacaq, üzərinə düşən vəzifəni vicdanla icra edəcək, hərbi biliklərini möhkəmləndirəcək, yüksək hərbi intizamı ilə həm komandirlərinə, həm də bizə başucalığı gətirəcəkdir. Sevinirəm ki, vətənpərvərlik yolunda ilkin addımını atan əsgərlərin sırasında mənim də övladım var. Bir ana hər əsgərin, bir əsgər hər bir ananın doğması və əzizidir. Andiçmə mərasimi təkcə əsgərin deyil, onun valideyninin də həyatında ən yaddaqalan mötəbər hadisələrdəndir. Çünki uzun illər əziyyətini çəkdiyin övladın bu gün ana Vətənin keşiyində layiqincə duracağına müqəddəs andı içdi. Orduda xidmət etmək, Vətən keşiyində durmaq, onun bütövlüyünü qorumaq hər bir vətəndaşın borcudur.
Əsgər valideyni olaraq qürurluyam ki, övladım bu gündən Vətən müdafiəçisidir. Vətəni qorumaq şərəfli işdir, müqəddəs vəzifədir. Çünki xalqın dayağı onun ordusu, ordunun da dayağı onun xalqıdır. Əsgər övladlarımız bundan sonra dövlətimizin, ordumuzun qayğısıyla əhatələnəcəklər. Bu gün bütün dünya bilir ki, Azərbaycan xalqının inamı onun əsgərinədir, əsgərinin güc mənbəyi isə onun xalqıdır. Dövlətin öz ordusuna göstərdiyi diqqətin nəticəsidir ki, əsgərlərimizin məişət şəraiti yüksəkdir. Övladımla söhbət əsnasında öyrəndim ki, onların qidalanması, gündəlik və xidməti fəaliyyətinin təşkili üçün burada arzuolunan şərait yaradılıb. Evdə bişən yeməklərdən fərqlənməyən təamlar, komandirlərin doğma münasibəti bizi arxayınlaşdırır ki, övladlarımız burada özlərini yad hiss etmirlər. Əsgər övladım mənimlə söhbəti əsnasında gözəl bir fikir dedi, "hərbi xidmət müddətində keçən günlər ömürdən azalan müddət deyil, çünki o Vətən üçün yaşanılan ömürdür".
Həqiqətən də, övladım artıq Vətən sevgisinin əhəmiyyətini anlayıb və bundan sonra da ömrünü Vətəni və xalqının firavanlığı üçün yaşayacaq. Arzum budur ki, hər bir əsgər öz müqəddəs vəzifəsini ləyaqətlə yerinə yetirib, öz doğmalarının yanına qayıtsın. Dünyada bundan sonra sülh olsun, firavanlıq olsun. Hər birimiz yaxşı bilirik ki, biz bu günümüzü şəhidlərimizə borcluyuq. Bizim övladlarımız, da öz növbəsində, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, öz şəhid qardaşlarının ruhlarını ehtiramla yaşadacaq, onların vətənpərvərlik hisslərini qoruyub saxlayacaqlar.


Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"


Elşanə Cəfərova:
- Mən məktəbli anasıydım, çağırışçı anasıydım, indi əsgər anasıyam.
Oğullar böyüdükcə anaların arzusu, niyyəti də dönməz olur. Oğullarını yeniyetmələşən görən analar üçün dünya daha da gözəlləşir, ömür daha gözəl olur. Oğul orta məktəbdə oxuyur, təhsil alır - ananın sevinci kükrəyir, oğul orta məktəbi bitirir - ananın fərəhi aşıb-daşır, oğul çağırışçı yaşına çatır - bəxtəvər ana fəxr edir. Bu duyğuları mən oğlumun sayəsində yaşamışam.
Nail ədəbiyyatı da sevirdi. Hərbi xidmətə gedəndə sağollaşma ərəfəsində Səməd Vurğunun bir misrasını demişdi: bir anam - sən, biri Vətən. Oğlum ana bildiyi, ana dediyi, ana kimi sevdiyi Vətənə xidmətə getdi.
Bu gün oğlum Nail Vətənə sədaqət andı içdi. Səsi əsgər yoldaşlarının səsinə qarışsa da, onun səsini aydınlığıyla eşidirdim. Nail də zabitlərin, komandirlərinin əmr və göstərişlərini məsuliyyətlə, vaxtında yerinə yetirəcəyinə and içdi. Onu sırada hərbi mundirdə görəndə əvvəlcə ayırd edə, sonra isə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Oğlum da mətin addımlarla tribuna önündən keçdi...
Mənim oğlum da əsgərdir, mən də əsgər anasıyam. Qürurlanıram ki, o da Vətənin keşiyindədir. Onun nümunəvi xidmət edəcəyinə inanıram.


Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"



İbrahim Süleymanlı:
- Oğlum İsmayılın hərbi xidmətə çağırış zamanı gələndə qarışıq hisslər keçirdim. Onun cəsarəti və qətiyyəti ilə qürur duyuram. Həmişə oğluma məsuliyyət və vətənpərvərlik hisslərini aşılamağa çalışmışam və bu gün Hərbi Andı qəbul etməsinin şahidi olduqda zəhmətimin hədər getmədiyini gördüm. Onunla çağırışdan öncə söhbət edərkən başa düşürdüm ki, o, Vətənimizin müdafiəsi üçün məsuliyyət daşımağa hazırdır.
Hərbi Andın qəbulu əsgərlər üçün hərbi xidmətinin başlanğıcını simvolizə edən kulminasiya məqamıdır. Bu həm gənc əsgərlər üçün, həm də biz valideynlər üçün çox təsirli bir ritualdır. Hər bir əsgər oğlumdur, hər birini oğlumtək sevirəm. Əminəm ki, xidmət dövründə onlar hərbi intizamı öyrənəcək, fiziki cəhətdən güclənəcək və psixoloji cəhətdən daha möhkəm olacaqlar. Hərbi xidmət təkcə sınaq yox, həm də həyat məktəbi olacaq, burada güclü, məsuliyyətli, Vətənə sədaqətli olmağı öyrənəcəklər.
Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsindən bu günə qədər həm ölkəmizin, həm də ordumuzun nə qədər inkişaf etdiyinin şahidiyik. Artıq biz regionun ən güclüsü, qalib Azərbaycan Ordusuyuq. Bu nəticənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, sarsılmaz xalq-ordu birliyi müstəsna rol oynadı. Hərbi qulluqçularımız da hiss edir ki, onların xidmətləri dəyərlidir və biz onların əməyinə və fədakarlıqlarına görə minnətdarıq.
Bir valideyn olaraq hər gün oğlum haqqında düşünəcək, onun qətiyyəti və cəsarəti ilə fəxr edəcəyəm. Bilirəm ki, o, təkcə özü üçün deyil, hamımız üçün, Vətən üçün, ölkəmizin gələcəyi üçün xidmət edir. Oğlumun xidmətinin uğurlu olacağına inanır, sağ-salamat evimizə qayıdacağını səbirsizliklə gözləyəcəm.


İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"


Məzahir Alıyev:
- Bu gün həyatımızda əlamətdar tarixi günlərdəndir və hər valideyn kimi biz də qürurluyuq. Qürur hissi keçiririk ki, övladlarımız azad, müstəqil, suveren ölkəmizin ordusunda xidmət edirlər. Ölkəmizin müstəqillik tarixinə nəzər salsaq, XX əsrin sonlarında ikinci dəfə müstəqilliyini bərpa edən xalqımızı tarixi sınaqlardan, çətin və mürəkkəb şəraitdən Ulu Öndər Heydər Əliyevin çıxardığını görərik. Onun müdrik dövlətçilik təcrübəsi ilə həyata keçirdiyi daxili və xarici siyasət sayəsində ölkəmiz dövlətçiliyini, müstəqilliyini qorudu. Dünya şöhrətli dövlət xadimi üzərinə götürdüyü tarixi missiyanı böyük fədakarlıqla yerinə yetirdi. Azərbaycanı inkişaf etdirərək regionun güclü, qüdrətli ölkəsinə çevirdi .
Müstəqilliyin, dövlətçiliyin əsası olan Silahlı Qüvvələri yenidən formalaşdıraraq monolit qüvvəyə çevirdi. Ordu Vətənin, xalqın güvənc yeri oldu. Ulu Öndərin yaratdığı böyük quruculuq strategiyası onun layiqli varisi, Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni mərhələyə yüksəldi. Azərbaycan Ordusu dinamik surətdə inkişaf etdirildi. 44 günlük Vətən müharibəsi xalqımızın, dövlətimizin həmrəyliyi, ordu-xalq birliyi və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti nəticəsində qələbə ilə başa çatdı. Ermənistan ordusunun birləşmələri torpaqlarımızdan qətiyyətlə çıxarıldı. Xalqımızın tarixinə əbədi olaraq Zəfər salnaməsi yazıldı. Vətənimizin ərazi bütövlüyü, suverenliyi təmin olundu. Azərbaycan xalqı dünyada qalib xalq kimi tanındı. Bu gün hər bir ölkə vətəndaşı rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanımızla qürur duyur.
Üç oğul atasıyam. Böyük oğlum Aqşin şanlı ordumuzun zabitidir. "N" hərbi hissəsində xidmət edir. Tovuz döyüşlərinin iştirakçısıdır. Düşmən hücumunun dəf edilməsində döyüş tapşırıqlarını silahdaşları ilə birgə müvəffəqiyyətlə yerinə yetirib. Digər oğlum Babək də Vətən qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirənlərdəndir. Bu gün Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə and içən Atilla isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O da qardaşı Aqşin kimi zabit peşəsinə yiyələnməyi qarşısına məqsəd qoyub. Fəxr edirəm ki, bu gün övladım Atilla da tarixi qələbəyə imza atan, xalqımıza illərlə gözlədiyi qələbə sevincini yaşadan, onu dünyada qalib xalq kimi tanıdan ordunun sıralarında xidmətini davam etdirəcək. Vətənin etibarlı müdafiəçisi kimi göstərilən etimadı doğruldacaq.

Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"


Vəsilə Məmmədova:
- Vətən müharibəsi başlayanda oğlum məktəbli idi. Hər axşam atası ilə birlikdə televiziyadan cəbhə xəbərlərini izləyir, ordumuzun qələbələrinə sevinirdi. Bir dəfə boynuma sarıldı, "Kaş mən də bir az böyük olaydım, mən də döyüşənlərin sırasında olaydım" - dedi. Atası da, mən də köksümüzə sıxdıq...
Noyabrın 8-də sevinci aşıb-daşırdı, ordumuzun Şuşanı işğaldan azad etməsi onun da qüruruna dönmüşdü.
Oğlum Ariz belə boya-başa çatdı, çağırışçı oldu, hərbi xidmətə gedəndə dedi ki, biz qalib əsgərlərimizin davamçılarıyıq, Vətəni göz bəbəyimiz kimi qoruyacağıq...
Əsgər oğlum Ariz də bu gün Hərbi And içdi. Buna Vətənə sədaqət andı deyirlər. Əsgərlər toplaşanları, zabitləri əmin etdilər ki, nümunəvi xidmət edəcəklər, komandirlərinin əmr və tapşırıqlarını məsuliyyətlə və vaxtında yerinə yetirəcəklər...
Oğlum Arizi hərbi mundirdə görəndə Vətən müharibəsində dediyi sözlər yadıma düşdü: "Kaş mən də bir az böyük olaydım...". O sözləri xatırladım "Gün həmin gündür, oğlum. Elə xidmət et ki, səninlə biz də, müəllimlərin də, komandirlərin də qürurlansın...", - dedim.
Mən əsgər anası kimi bütün hərbi qulluqçularımıza xidməti uğurlar arzulayıram. Onların sırasında oğlum əsgər Ariz Məmmədova da...

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"



Bu fikirlər xalqın ordusuna olan sevgisinin dərinliyini və ordumuza bağlılığını bir daha sübut edir. Xalqın ordusu ilə fəxr etməsi, hər bir fərdin onun gücündə öz gücünü görməsi, müstəqilliyimizin əbədi olacağına olan inamını möhkəmləndirir. Azərbaycan xalqı üçün ordu sadəcə hərbi qüvvə deyil, həm də onun güvən mənbəyi, müstəqilliyin, azadlığın və sabitliyin təminatçısıdır.
Hərbi Andiçmə mərasimlərində iştirak edən ictimaiyyət nümayəndələri də ordumuzun qəhrəmanlığı və şücaətindən danışaraq, gənc əsgərlərə uğurlar arzulayırdılar. Bu mərasimlər, hər bir vətəndaşın ürəyindəki vətənpərvərlik hisslərini yenidən alovlandırır və bu hisslər xalqın orduya olan bağlılığını bir daha təsdiq edir.
Azərbaycan xalqı tarix boyu ordusuna sevgi və dəstəyini əsirgəməmişdir və bu sevgi zəfərlə dolu bir gələcəyin təminatçısı olmaqdadır.


"Azərbaycan Ordusu"