Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2024 13:00

Vətənpərvərlik ruhu yüksəkdi

Müdafiə Nazirliyinin təsdiq etdiyi tədbirlər planına əsasən, gənc əsgərlərin ordu həyatına uyğunlaşması üçün zəruri tədbirlər həyata keçirilir. Göstərilən xüsusi diqqət və qayğı gənc əsgərləri Vətənə, xalqa nümunəvi xidmətə ruhlandırır. Onların asudə vaxtlarının səmərəli keçirilməsi də yüksək səviyyədə təşkil olunur.
Tədbirlər planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları hərbi hissələrdə gənc əsgərlər üçün vətənpərvərlik tədbirləri təşkil etdilər .
Tədbirlərdən öncə böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi böyük ehtiramla yad olundu. Dövlət Himni səsləndirildi.
Təbliğat-təşviqat qrupunun üzvü Naibə Qurbanova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən genişmiqyaslı islahatlardan, ölkəmizin gündən-günə artan qüdrətindən Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğıdan ətraflı məlumat verdilər. Bildirdilər ki, şanlı ordumuzun, xalqımızın, dövlətimizin möhtəşəm birliyi və həmrəyliyi ilə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə işğal olunmuş torpaqlarımız Vətən müharibəsində azad olundu. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olundu. Şanlı ordumuz Vətənimizin tarixinə yeni qəhrəmanlıq - Zəfər salnaməsi yazdı. Ölkəmizin həyatında yeni mərhələ başlandı. İşğaldan azad olunmuş ərazilərin bərpa edilməsi üçün quruculuq işlərinə start verildi. Düşmənlərin talan etdiyi, dağıtdığı şəhər və kəndlərimiz, qəsəbələrimiz yenidən qurulur. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdır. Silahlı Qüvvələrin daha da möhkəmləndirilməsi üçün məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Əsgər və zabitlərimizin yüksək vətənpərvərliklə xidmət etmələri üçün hərtərəfli şərait yaradılmışdır.
Sonra Mərkəzin əməkdaşları "Əsgərə məktub" layihəsi haqqında da məlumat verdilər. Bildirdilər ki, layihə cəmiyyətlə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Əsgərlər doğmalarına qürur dolu məktublar ünvanladılar. Azərbaycan Yazıçılar Birliyinin üzvü Samirə Bayramova vətənpərvərlik mövzusunda ordumuza həsr etdiyi şeirlərini oxudu. Mərkəzin nəzdində fəaliyyət göstərən "Vətən uğrunda" ansamblının solisti Bayram Məmmədovun oxuduğu "Yaşa Azərbaycan" mahnısı, Təbriz İsmayılovun sazda ifa etdiyi el havaları, gənc əsgər Emil Hacıyevin  fleytada ifası alqışlarla qarşılandı. Əsgər və zabitlər qəhrəman, mərd, yenilməz döyüşçülərin davamçıları kimi xidmət edəcəklərini bildirdilər.               

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"