Əsən mehi də sevirdi, yarpaqların titrəməsini də, dənəbir-dənəbir yağan yağışları da. Yarpaqların saralması, rüzgara görə budağından üzülməsi könlünü qubarlandırırdı. Təbiətdə gördüklərini yaşı artdıqca insan ömründə müşahidə edirdi; təbiətin payızını sevirdi, ömrün payızı onun uşaqlıq, yeniyetməlik düşüncələrində yel əsdirirdi. İlləri belə yaşadı. Təbiətə sevgisi ona Xəzəri sevdirdi, Xəzərə sevgisi - Bakını. Bakını sevdi, Bakının timsalında Azərbaycanı sevdi.
Hərbi xidmətə çağırıldı. İki il əvvəl yaşının azlığına təəssüflənmişdi, indi yaşına görə sevinirdi: Əsgər olacaqdı. O da "Vətənimizin keşiyini çəkirik!" - deyənlərin sırasında dayanacaqdı. Ərəfədə anasının hərbi mundirinə baxardı, təsəvvüründə ayları qabaqlayardı, "Əsgər Rəşad Xalıqov!" - çağırışı onun ruhunun mehinə dönərdi...
İdmanla məşğul olurdu. Tay-tuşları onun böyük uğurlar qazanacağına inanırdı. Məşqçisi on qat dünya çempionu Eduard Məmmədovun bir tövsiyəsi məşqlərinin mahiyyətini müəyyənləşdirirdi. Hamıdan güclü olduğuna əmin olmayan idmançı uğur qazana bilməz. Yarışlara belə hazırlaşırdı, yarışlarda rinqə belə çıxırdı; qaydasız döyüş üzrə püxtələşirdi. 2019-cu ildə respublika ikincisi oldu. "Rəqibim güclü idmançı idi. Əzmkarlıqla döyüşdüm. Bir anlığa, tək bircə anlığa diqqətsizliyim məni çempionluqdan ayırdı. Hər halda, uğur qazanmışdım..." - Rəşad dörd il əvvəlin 17 fevralını bu təəssüflə, bu qürurla xatırlayır...
2022-ci il yanvarın 10-da hərbi xidmətə başladı. Hərbi mundiri geyindiyi an, sırada dayandığı anlar, sırada ilk əmri eşitdiyi an, hərbi yerişin ilk addımları, hərbi xidmətin ilk gecəsi, - Rəşadın yaddaşına hopdu. Hərbi And içdiyi günün təntənəsi bunların ahəngrübasına döndü...
2023-cü ilin iyulunda tərxis edildi. Hərbi xidmət dövründə istəyi arzuya, niyyətə çevrilibmiş, hərbçi olmağı qərara alıbmış. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq! Komandiri onun istəyinə, niyyətinə xeyir-dua verdi. Bu istəyinə anası da etiraz etmədi - yeniyetməliyində hərbçi peşəsinə marağını hiss eləmişdi. Rəşad Xalıqov müvafiq kursu bitirdi. Xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir. Artilleriyaçıdır, top komandiridir...
2023-cü ilin sentyabr döyüşlərinə onun xidmət etdiyi hərbi hissə də cəlb olunmuşdu. Komandiri əsgər Rəşad Xalıqov olan top da döyüşdü, Ağdərə, Xocalı, Meşəli istiqamətlərində döyüşənlərimizə atəş dəstəyi verdi, düşmənin mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini məhv etdi. "Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda getmiş döyüşləri, Meşəli və Xocalı faciələrini xatırlayırdıq. Topumuzun heyəti, mərmiləri bu faciələrə təsəlli olacaq qələbə üçün atırdı. Qələbə qazanıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Onda xəyalən anama dedim ki, mən də döyüşdüm, ay ana!..", - Rəşadın sevinci hamımıza doğma olan sevincdi...
Əsgər Rəşad Xalıqov nümunəvi hərbi qulluqçudur. Komandiri olduğu topun heyəti topa yaxşı qulluq edir, hər biri yüksək döyüş hazırlığına malikdir. Onlar birlik üzrə keçiriləcək ən yaxşı top heyəti yarışına hazırlaşırlar. Əsgər Rəşad Xalıqov əminliklə bildirdi ki, yarışın qaliblərindən olacaqlar...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"