Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
...Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnikalarla təchizatı daim ön planda saxlanılır. Məhz Prezident cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində ordumuz qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində də mühüm izlər qoydu. Bu Böyük Qələbə ordumuzun güclü maddi-texniki bazaya, ən müasir silah-sursatlara malik olmasını, həmçinin Azərbaycan hərbçilərinin mətinliyinin, igidliyinin, Vətən sevgisinin göstəricisi oldu.
Şanlı və tarixi zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, müharibənin nəticələri təhlil edilərək, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində yeni islahatlar həyata keçirildi. Bu islahatların ən bariz nümunəsi dövlətimizin başçısının tapşırığı ilə azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Türkiyə modelinə uyğunlaşdırılan Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması oldu ki, bu proses bu gün də davam etdirilir.
Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirildi.
Mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən polkovnik Zaur Rüstəmov iştirakçıları salamlayaraq onları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik etdi. Zabit qabaqcıl təcrübəyə əsaslanan "Komando başlanğıc kursu"nun əhəmiyyətini xüsusi vurğulayaraq bu cür kursların keçirilməsinin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin daha da artırılmasında müstəsna əhəmiyyətə malik olduğunu bildirdi. "Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etdi. Böyük tarixi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Orduda xidmət edən gənclərə yüksək diqqət və qayğı göstərən, onların xidmətini hər zaman yüksək qiymətləndirən Ümummilli Lider çıxışlarının birində hərbçilərimizə olan rəğbətini belə ifadə etmişdi: "Bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur. Bu yol qəhrəmanlıq yoludur". Sizin hər birinizi səmimi qəlbdən təbrik edir, bu qəhrəmanlıq yolunda, çətin və şərəfli vəzifələrinizdə uğurlar arzulayıram".
Polkovnik Elmar Zeynalabdinov kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar arzuladı. O, bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğu da inkişaf etdirilir və mühüm islahatlar aparılır. İkinci Qarabağ müharibəsindən sonra Komando birləşmələrinin yaradılması aparılan islahatların ən bariz nümunələrindən biridir. Dünyanın ən güclü orduları sırasında olan Türkiyə ordusunun modeli əsasında formalaşan Azərbaycan Ordusunun döyüş hazırlığının daha da yüksəldilməsinə töhfə verir. Keçirilən təlim və kurslarda öz peşəkarlığını artıran hərbi qulluqçularımız Vətənimizin keşiyində inamla dayanırlar. Ordu quruculuğunda aparılan yeni islahatlardan ruhlanan gənclərimiz də komandoda xidmət etmək arzusunda olurlar. Artıq minlərlə gəncimiz Komando hərbi hissələrində qürurla, Vətənə sevgi ilə şərəfli xidmətlərini yerinə yetirirlər.
Sonra kurs birincisi Rəvan Kətənov çıxış edərək kurs müddətində onlara dəstək olan komandir heyətinə və təlimatçılara minnətdarlığını bildirdi. "Komando olmaq həm mənim üçün, həm də ailəm üçün qürur mənbəyidir. Sevinirəm ki, keçirilən kursu mən də müvəffəqiyyətlə bitirdim. Kurs müddətində olduğu kimi, gələcək xidmətimdə də məsuliyyətli, tələbkar olacağam, qarşıya qoyulmuş vəziflərimin öhdəsindən layiqincə gəlib, hər zaman nümunəvi xidmətlə seçilən hərbçilərdən olmaq üçün səy göstərəcəyəm. Bu mundiri danışmaq, bu şərəfli peşəyə sahib olmaq hər gəncə qismət olmur. Biz seçilmiş, şanslı gənclərik ki, bu gün, bu müqəddəs sıralarda dayanmışıq. Həm də şanslı hərbçilərik ki, qalib ordunun nümayəndələriyik", - deyən R.Kətənov yiyələndikləri bilik və bacarıqları xidməti fəaliyyətlərində tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması naminə əllərindən gələni əsirgəməyəcəyinə söz verdi.
Rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra hərbi qulluqçulara sertifikatlar təqdim olundu, şəxsi heyət təntənəli marşla tribuna önündən keçdi.
Mərasim başa çatdıqdan sonra fürsətdən istifadə edib kursu bitirən kursantların bir neçəsi ilə həmsöhbət olduq.
Kursant Sabir Gərayev də "Komando başlanğıc kursu"nu bitirməyin qürurunu yaşayır. "Hərbçi olmaq öz arzum və istəyim olub. Yazıb-oxumağı öyrəndiyim ilk vaxtlardan hərbçi olmaq istəmişəm. Bu seçimimi valideynlərim də razılıqla qarşıladılar. Bu kursu uğurla başa vurmaq uşaqlıq arzularımın reallaşması yolunda ilk addımlarımdan biridir. Soydaşlarımızın qanı, canı bahasına bərpa olunan ərazi bütövlüyümüzün keşiyində mətin və iradəli dayanacaq, xidməti fəaliyyətimizi inamlı və nümunəvi təşkil edəcəyik. Qazandığımız hərbi bilik və təcrübələr xidmətdə ən yaxın köməkçimiz olacaq".
Əsəd Səfərov və Qadir Həmidli kurs müddətində yaradılan şəraitdən məmnunluqlarını ifadə etdilər. "Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra yaradılan yeni qoşun növündə - Komando bölmələrində xidmət etmək istəyirdik. Bilirdik ki, komandoların özünəməxsus çətinlikləri var, yüksək fiziki hazırlıq, çeviklik və psixoloji dözümlülük tələb edir. Bu gün sevinirik ki, biz də digər silahdaşlarımız kimi kursu müvəffəqiyyətlə başa vurduq. Kurs müddətində təlimatçılar tərəfindən müxtəlif döyüşaparma metod və üsulları öyrədildi, atəş bacarıqlarımızı təkmilləşdirdik. İndi hazırlıqlı bir hərbi qulluqçu kimi ərazi bütövlüyü tam bərpa olunmuş Vətənimizin keşiyində durmağa hazırıq".
Hərbi qulluqçularımızla həmsöhbət olduqdan sonra bir daha əmin olduq ki, bu gün Komando birlikləri və hərbi hissələri düşmənə qorxu, dosta isə güvən verir. Azad edilmiş ərazilərimizin coğrafi relyefi nə qədər çətin olsa da, səmərəli təlimlərdən keçmiş yüksək fiziki hazırlığa, dözümlülüyə və döyüş qabiliyyətinə sahib komandolar istənilən döyüş tapışırığının öhdəsindən layiqincə gəlməyə qadirdirlər.
"Azərbaycan Ordusu"