Dünyanın hər bir ordusunda sıra hazırlığı hərbi intizamın ən vacib komponentlərindən biridir. Bu, sadəcə bir sıra elementlərdən ibarət məşğələ deyil, əsgərlərdə intizam, birlik və fiziki dözümlülük formalaşdıran hərbi xidmətin ayrılmaz hissəsidir. Bu, komandaların düzgün yerinə yetirilməsi və koordinasiya yaradaraq sinxron hərəkət etmək üçün şəxsi heyətə öyrətməyə yönəlmiş tədbirdir.
"N" hərbi hissəsində hərbi hissənin ərazisində sıra hazırlığı məşğələsi keçirilirdi. Yaxınlıqdakı binalarda əks-səda verən ayaq səsləri eşidənlərdə qürur yaradırdı. Sıra meydanında şəxsi heyət məşğələ rəhbərinin komandalarını böyük həvəslə yerinə yetirirdi. Gizir Cavidan Manafov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq, əsgərlərin sırada vəzifələrini izah edir, silahsız sıra hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını və nizamnamənin digər tələblərini öyrədirdi.
Əsgərlərin komandaları dəqiq və vaxtında icra etmələri, onlarla əsgərin sinxron hərəkətləri xüsusən diqqət çəkirdi. Əsgərlər sağa-sola, geriyə dönmələri, yerində addımlamaları, eləcə də digər hərəkətləri bacarıqla yerinə yetirirdilər. Hiss olunurdu ki, şəxsi heyət sıra hazırlığı məşğələlərinə böyük həvəs göstərir, intizamın yüksək səviyyədə saxlanılmasına diqqət yetirirlər.
Fasilədə gizir Cavidan Manafov sıra hazırlığının mahiyyətdən söz açdı. "Sıra hazırlığı əsgərlərimizin intizamını formalaşdırır. Şəxsi heyət komandaları dəqiq və sinxron şəkildə yerinə yetirdikcə, ürəkaçan ahəngdarlıq nümayiş olunur. Bu, döyüş tapşırıqlarını yerinə yetirməyə ciddi hazırlığın göstəricisidir. Məşğələ zamanı biz əsgərlərə təkcə əmrləri düzgün yerinə yetirməyi deyil, həm də onlara dərhal cavab verməyi öyrədirik ki, bu da döyüş şəraitində insanların həyatını xilas edə bilər.
Bundan əlavə, sıra hazırlığı fiziki dözümlülüyü də inkişaf etdirir. Mütəmadi olaraq keçirilən dərslər və günün nizam qaydalarına əsasən tədbirlər şəxsi heyəti gücləndirir. Bu bacarıqlar xüsusilə sıra hazırlığında və döyüş əməliyyatlarında vacibdir.
Psixoloji aspekt də mühüm rol oynayır. Məşğələlər şəxsi heyətdə yoldaşlıq və qarşılıqlı kömək hissini möhkəmləndirir. Əsgərlər bir-birinə güvənməyi öyrənirlər ki, bu da ekstremal vəziyyətlərdə xüsusilə əhəmiyyətlidir.
Həmişə əsgərlərə sıra hazırlığının vacibliyini izah edirəm. Onlar başa düşürlər ki, bu, sadəcə bir dərs deyil, hərbi xidmətin əsasıdır. Onlara sıra meydanında inkişaf etdirilən intizamın və komanda şəklində fəaliyyətin real döyüş vəziyyətlərində necə kömək etdiyini də bildirirəm. Əsgərlər sıra hazırlığının vacibliyini düzgün anlamağa başlayırlar.
Məşğələ zamanı özünü fəal göstərən əsgər Eltun Qarayev bildirdi ki, sıra ilə orta məktəbdən tanışdır. Lakin ilk günlər sıra hazırlığı yorucu görünsə də, zaman keçdikcə onun əhəmiyyətini və dəyərini tamlığı ilə dərk etdim. "Sıra hazırlığı məşğələləri hərbi xidmətin bünövrəsidir. Bütün əsgərlər bir yerdə hərəkət etdikdə və əmrləri dəqiq yerinə yetirdikdə, daha mütəşəkkil oluruq. Sıra intizamlı olmağı öyrədir. Bu məşğələlər həm də fiziki dözümlülüyü inkişaf etdirir. Hərəkətlərdə əlaqələr yaxşılaşır. İndi başa düşürəm ki, sıra hazırlığı bizi daha güclü, daha vahid və qarşımıza qoyulan hər hansı tapşırığı uğurla yerinə yetirməyə hazırlayır".
Əsgərlər Müşviq Rzayev, Nurlan Həsənov, İlkin Kərimov, Səid Əhmədzadə və digərləri Eltunun fikrinə əlavə olaraq qeyd etdilər ki, sıra hazırlığının dərin tarixi kökləri var. Komandirlərimiz deyirlər ki, Qədim Yunanıstan və Roma orduları öz legionerləri üçün müxtəlif döyüş düzülüşləri fikirləşirdilər. Bu formada onlar daha güclü hücum edə bilir, düzgün müdafiə olunurdular. Müasir ordularda bu ənənələr qorunub saxlanılıb və döyüş əməliyyatlarının yeni tələbləri və şərtləri nəzərə alınmaqla təkmilləşdirilərək inkişaf etdirilir.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Odusu"