Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2024 13:00

“Mən də müharibə iştirakçısıyam!”

Yeniyetməlik çağlarından ədəbiyyatımızın tanınmış nümayəndəsi, xalq şairi Məmməd Arazın məşhur misralarını Bəhruz da unutmur, Vətənin ona da oğul deməsini istəyirdi. İllər keçdikcə o, bütün peşələrdən üstün olan Vətən, xalq üçün daha çox gərəkli olan zabit peşəsinə yiyələnəcəyini bildirirdi. Gördüklərindən, oxuduqlarından bilirdi ki, peşəkar zabit kadrlarına daha çox ehtiyac var. Düşmən tərəfindən elan olunmamış müharibə, müstəqilliyimizə qarşı təşkil olunan qəsdlər, torpaqlarımızın işğal edilməsi onun ailəsində də həmişə narahatlıqla qarşılanırdı.
Bəhruz 1994-cü ildə Şərur rayonunun Qarxun kəndində anadan olub. Orta məktəbdə yüksək qiymətlərlə oxumaqla valideynlərinin, müəllimlərinin etimadını doğruldub. Vətənpərvərlik ruhunda formalaşıb, hərbçi peşəsinə olan marağı həmişə öndə olub. 8-ci sinfi bitirib Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. İlk arzusunu gerçəkləşdirən Bəhruz liseyin seçilən kursantı kimi müəllimlərin rəğbətini qazanıb. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Artilleriya ixtisası üzrə təhsil alan Bəhruz seçdiyi ixtisasın sirlərini dərindən öyrənib, savadlı və vətənpərvər zabit kimi formalaşmağa çalışıb. Keçirilən təlim və məşğələlərdə də həmişə fərqlənən Bəhruz Vətənə, xalqa şərəfli xidmət etmək üçün zəngin bilik və təcrübə toplamağa səy göstərib.
Bəhruz Rzayev "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Tabeçiliyindəki şəxsi heyətə yüksək vətənpərvərlik hissləri aşılamağa çalışıb. Onların etibarlı Vətən müdafiəçiləri olmaları üçün bilik və bacarıqlarını əsirgəməyib. Göstərilən etimadı həmişə doğruldan Bəhruz Rzayev ixtisası üzrə müvafiq təkmilləşdirmə kursları keçib. Layiqli xidməti və peşəkarlığı ilə seçilən Bəhruz "N" hərbi hissəsində batareya komandiri vəzifəsinə təyin olunub. Onun komandirlik etdiyi batareya döyüş hazırlığı üzrə keçirilən yarışlarda, təlimlərdə həmişə fərqlənib.
Vətən müharibəsində Bəhruz Rzayevin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib. Onlar düşmən hücumlarının dəf edilməsində, onların atəş mənbələrinin susdurulmasında, dayaq məntəqələrinin məhv edilməsində xüsusi fəallıq göstəriblər. Torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında göstərilən etimadı qətiyyətlə doğruldublar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Bəhruz Rzayev "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. Bir vaxtlar Vətənin ona oğul deməsini arzulayan Bəhruz bu böyük arzu, istəyini Vətənə, xalqa əvəzsiz xidmətləri ilə gerçəkləşdirdi. İndi təkcə Rzayevlər ailəsi deyil, bütün Azərbaycan xalqı ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən, Vətənin fədakar oğullarına Vətən oğlu deyir. Çünki onlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşlərdə rəşadət, yüksək peşəkarlıq nümayiş etdirərək Zəfər qazandılar. Bu tarixi qələbəni əldə edənlərin sayəsində Azərbaycan xalqı dünyada qalib xalq kimi tanınır.
Bəhruz Rzayev qürurla deyir ki, mən də Vətən müharibəsi iştirakçısıyam...

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"