Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2024 16:39

Əbədiyyətə qovuşanlar

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncə, Şəmkir, Qovlar, Tovuz şəhərlərində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış oğulların xatirələrinə həsr olunan anım mərasimləri keçirildi.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Gəncə şəhərində Vətənə xidməti ilə seçilən, döyüşlərin fəal iştirakçısı olmuş Həsənov Məhərrəm Heydər oğlunun bir vaxtlar yaşadığı binada onun baralyefinin açılışı oldu. Silahdaşları Məhərrəmin vətənpərvərliyi, qorxmaz, cəsarətli döyüşçü olması haqqında xoş xatirələrini danışdılar. Onun xalq, vətən qarşısında xidmətinin unudulmayacağını xüsusi vurğuladılar. Ehtiyatda olan polkovniklər - Elxan Qəniyev, Nazim Əhmədov Məhərrəm Həsənovun döyüşlər zamanı göstərdiyi şücaətdən, onun yüksək vətənpərvərlik ruhuna malik olmasından, fədakarlığından danışdılar. Silahdaşlarının xatirələrinin onlar üçün  həmişə əziz olacağını, unudulmayacağını bildirdilər.
Sonra tədbir Şəmkir, Qovlar, Tovuz şəhərlərində davam etdirildi. Döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Qabil İbrahim oğlu Sadıqovun, Şahlar Əlixan oğlu Vəliyevin, Yalçın İmran oğlu Əhmədovun, Bəxtiyar Süleyman oğlu Əmiraslanovun, Elşən Həsən oğlu Allahverdiyevin yaşadıqları ünvanlarda xatirələri yad olundu. Xatirə lövhələrinin açılışı oldu. Həyatları, keçdikləri döyüş yolları haqqında ətraflı məlumat verildi. Bildirdilər ki, onlar Vətənə, xalqa sədaqətləri ilə seçilərək Vətən yolunda canlarını fəda etmişlər. Ehtiyatda olan polkovnik Nazim Əhmədov açılış mərasimlərində çıxış edərək istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbələrdən, tarixi zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin böyük uğurlarından ətraflı bəhs etdi. Bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha geniş miqyasda həyata keçirilərək Vətənimizə, xalqımıza böyük uğurlar, qələbələr bəxş etdi. Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqımız  illərlə gözlənilən haqqı, ədaləti öz gücü ilə bərpa etdi. Azərbaycan torpaqlarının işğalına son qoydu. Bu gün bütün xalqımız şəhid övladlarını böyük minnətdarlıqla yad etməklə şanlı ordumuz və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə böyük qürur hissi keçirir. Xalqımızın, ordumuzun birliyi, həmrəyliyi və ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasətlə ölkəmiz dünya birliyində həmişə öz layiqli yerini tutacaqdır.
Tədbir iştirakçıları şəhid ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlandılar.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"