Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2024 16:39

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır
Suallar:
1. Qarabağ ən qədim zamanlardan XVIII əsrin ortalarınadək.

2. Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvələrinədək.

3. Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır.



Qarabağ ən qədim zamanlardan XVIII əsrin ortalarınadək



Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay (1 milyon 200 min ildən artıq tarixə malikdir) mədəniyyətindən sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Azərbaycan dilində "qara" sözünün rəngdən başqa "qalın" və ya "böyük" kimi mənaları da vardır. Bu baxımdan, "Qarabağ" "böyük bağ" və ya "qalın bağ" mənalarını kəsb edir.
Azərbaycan xalqı bu torpaqlarda çox qədim dövrlərdən etibarən öz zəngin mədəniyyətilə yanaşı dövlətçilik ənənələrini də yaşatmışdır. Azərbaycanın e.ə. III minillikdən başlayaraq eramızın III əsrinə qədərki tarixi bu torpaqlarda ən qədim tayfa birlikləri, erkən dövlət qurumları və dövlətçilik ənənələrinin əsasının formalaşdığı dövrdür. Bu dövrdə Azərbaycan ərazisində bir-birini əvəz edən Aratta, Kuti, Lullubi, Turukki kimi ən qədim tayfa birlikləri, Manna, Atropatena, Albaniya kimi qədim dövlətlər mövcud olmuşlar.
Azərbaycanın cənubunda qüdrətli Manna dövləti e. ə. IX-VI əsrlərdə meydana gəlmişdir. Qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olmuş, Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalmışdır. Makedoniyalı İsgəndər (e. ə. 336-323) Əhəməni dövlətini məğlub etdikdən sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Makedoniyalı İsgəndərin imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi.
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin süquta yetilməsi ilə baş verir. IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Qarabağ bəylərbəyliyinin tərkibinə Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil əraziləri daxil idi.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi. Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Sonuncu Səfəvi hökmdarı III Abbasdan sonra hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Rusiyanın Qarabağda fəal köməklik göstərdiyi qriqorianlaşmış alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadir şah öldükdən sonra Azərbaycan ərazisində 20 xanlıq, 7 sultanlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri əsası Cavanşirlər sülaləsinin Sarıcalı oymağından olan Pənah Əli xan tərəfindən qoyulmuş  Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ qədim Azərbaycan dövlətlərinin tərkibində olduğu kimi, Albaniya, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, sonralar Əfşarlar və Qacarlar kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur.



Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvələrinədək



XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya imperiyası ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Osmanlı imperiyası ilə münaqişəyə gətirib çıxardı. XVIII əsrdən Qafqazı, o cümlədən Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya imperiyası XIX əsrin birinci yarısında buna nail oldu.
1805-ci ildə Qarabağ xanı ilə rus imperatoru arasında "Kürəkçay" traktatı imzalandı. 11 maddədən ibarət "Andlı öhdəlik" adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya imperiyasının himayəsinə qəbul edildi. "Kürəkçay"ın (1805-i il) ardınca Rusiya imperiyası ilə Qacarlar dövləti (İran) arasında bağlanan "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi başlandı.
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı öz tərkibinə qatmaq üçün Osmanlı və Qacarlar dövləti ilə apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. 1822-ci ildə Qarabağ xanlığı ləğv olunaraq yerinə eyni adlı - Qarabağ əyaləti yarandı. Rusiya qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə "erməni dövləti" qurmaq planını həyata keçirməyə başladı. Bu məqsədlə Osmanlı (Türkiyə) və Qacarlar dövləti (İran) ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülmüş və İrəvan, Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirdilər. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917 oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. 1918-1920-ci illərdə Qarabağda soyqırım törədən erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. Nuru Paşanın rəhbərliyi ilə Türk-İslam odusu Xosrov bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə 1920-ci il iyun ayının əvvəllərində Şuşanı XI ordunun silahlı dəstələrindən təmizləyə bilsə də, Qarabağa bolşeviklərə və erməni quldurlarına kömək məqsədilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada sovet hökumətini bərpa etdi. XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından istifadə edərək Cənubi Qafqazda ilk cümhuriyyət quran Azərbaycana "Qızıl ordu" adı altında gələn bolşeviklər Azərbaycanla Türkiyə arasında əlaqələrin yaranmasına imkan verməmək üçün onların arasında erməni dövləti yaratdı. Əzəli türk-oğuz torpaqları, əhalisinin dörddə üçü türk olan İrəvan və Naxçıvan torpaqlarında Ermənistan adlı dövlət yarandı, Zəngəzur və Göyçə də ona verildi. XX əsrdə Rusiyada çarizmin süqutu və sovet imperiyasının yaranması ilə meydana çıxan əlverişli şəraitdə ermənilər inzibati ərazi məsələsini qaldırdılar və keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti" kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar (7 iyul 1923-cü il).
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə "aran" və "dağlıq" hissələrə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqişə yuvasına çevrildi.



Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır



Sovetlər dövründə Qarabağın Ermənistana birləşdirilməsi üçün keçmiş "DQMV"-də gizli işlər aparan ermənilər və ermənipərəstlər "Türksüz Ermənistan" yaratmaq ideyası ilə 1948-1953-cü illərdə təmizləmə aparmaq məqsədilə minlərlə azərbaycanlı ailəsini etnik öz ata-baba yurdları Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edərək dəhşətli faciələr törətmişlər.
1960-1970-ci illərdə ermənilər Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparıldığı dövrdə mühüm dövlət vəzifələrində işləyən Ulu Öndər Heydər Əliyev bunun qarşısının alınması üçün bir sıra tədbirlərin görülməsinə nail oldu. Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitənin (MK) birinci katibi seçildikdən sonra Ulu Öndər Heydər Əliyev erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə  keçmiş "DQMV"-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirərək onlara bəhanə yeri qoymadı. Bu da erməni ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1973-cü ildə Xankəndidə Azərbaycan Pedoqoji İnstitutun filialı əsasında Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu xətti çəkildi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti erməni separatizminin canlanmasına imkan vermədi.
1988-ci ildə erməni ideoloqları "dənizdən-dənizə böyük Ermənistan" uydurmasını yenidən ortaya atmaqla Qarabağda Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürüldü. Dünya ölkələrindəki erməni lobbisinin, dini mərkəzlərinin və bəzi iri dövlətlərin irticaçı qüvvələrinin maddi və mənəvi dəstəyi ilə Ermənistan adlandırılan qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanda azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağıdılması prosesi başlandı, yüzlərlə günahsız azərbaycanlı öldürüldü, 100 minlərlə soydaşımız öz tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu. Moskvanın planı əsasında 1989-cu ildə keçmiş DQMV-də "Xüsusi İdarəçilik Komitəsi" yaradıldı və bununla da keçmiş "DQMV"-nin Azərbaycanla əlaqələri kəsildi. Silahlandırılmış erməni quldur dəstələri Qarabağ və ona bitişik ərazilərdən yerli azərbaycanlı əhalini öz doğma yurd-yuvasından çıxardı. Ermənistanın hərbi müdaxiləsi ilə respublika ərazisinin 20 faizi - Qarabağ və ona bitişik yeddi rayon (Xankəndi, Xocalı, Şuşa, Xocavənd, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan), həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Sədərək rayonunun isə 1 kəndi Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildi. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub, 4 minə yaxın azərbaycanlı isə itkin düşmüşdür.
12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olunduqdan sonra da Ermənistan mənfur xislətindən əl çəkməyərək  Azərbaycan Respublikasına qarşı ərazi iddialarını davam etdirmişdir. Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu bir daha sübut etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasında "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına cavab verib: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ilin sentyabr ayında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi. Nəticədə, Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi Zəfərə imza atdı. Azərbaycan 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.  2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın Zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həm də Müzəffər Ali Baş Komandan kimi qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, "bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu yaşamışıq, bizim xalqımız yaşayıb".  

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi