Əsgərlərin sağlam və yüksək kalorili qidalanması, hərbi xidmətin vacib komponentlərindən biridir. Bu gün hərbi hissələrdə əsgər yeməkxanaları son texnologiyalara cavab verən müasir avadanlıqlarla təchiz edilib. Təbiidir ki, bu da yeməklərin hazırlanma prosesini asanlaşdırır və onların keyfiyyətini artırır. Yeməklərə öz sevgilərini qataraq hazırlayan aşpazlarımız, hətta ən sadə yeməkləri belə dadlı və mükəmməl edirlər.
"N" hərbi hissəsinə gəlməyimiz nahar vaxtına təsadüf etdi. Əsgərlər bir cərgə üzrə yeməkxanaya daxil olurdular. Biz də əsgər yeməkxanasında yeməklərin paylanma prosesini izləmək imkanı əldə etdik. İçəri daxil olduqda yeməkxana növbətçisi baş gizir Emin Mövlanov bizi qarşıladı. Baş gizir yeməkxananın əsgərlərin gündəlik enerji ehtiyaclarını qarşılamada nə qədər vacib rol oynadığını vurğuladı: "Əsgərlərin sağlamlığı və gücü üçün yeməklərin keyfiyyəti prioritet məsələlərdən biridir. Belə ki, ən vitaminli və enerji dəyəri yüksək qidalar hərbçilərimizin qida normasına daxil edilib. Burada milli mətbəximizin ləziz təamları peşəkar aşpazlarımız tərəfindən əsgərlərimiz üçün hazırlanır", - deyə E.Mövlanov qeyd etdi.
Baş aşpaz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vahid Məmmədov yeməklərin hazırlanma prosesindəki yüksək diqqət və məsuliyyəti izah etdi.
"Bir aşpaz olaraq yeməklərin hazırlanma prosesində hər bir nüansı diqqətlə nəzərdən keçirərək, onların enerji ehtiyaclarını qarşılayan, balanslı və yüksək keyfiyyətli qidalar təqdim etməyə çalışırıq. Bizim üçün yemək bişirmək yalnız bir iş deyil, həm də əsgərlərin rifahını artırmaq və sağlamlıqlarını qorumaq məqsədini güdür. Rəhbərlik tərəfindən əsgərlərin qida normasında ən yaxşı qidalar qeyd olunub. Hər yeməkdə, əsgərlərin gündəlik fəaliyyətləri üçün zəruri olan qida maddələri diqqətlə seçilib. Biz də öz növbəmizdə ayrılmış qidalardan gündəlik menyuya uyğun olaraq yeməkləri hazırlayarkən keyfiyyət və gigiyena standartlarına tam uyğun şəkildə işləyirik. Yeməklərin tərkibindəki maddələrin keyfiyyətini və düzgün miqdarını təmin etmək üçün müasir avadanlıqlardan istifadə edirik. Bizim əsas məqsədimiz əsgərlərin ağız dadına uyğun olaraq sağlam qidalanmalarıdır. Əsgərlərimizin gücünü artırmaq, onların yüksək əhval-ruhiyə ilə xidmət etmələri üçün əlimizdən gələni edir və gördüyümüz bu işlə fəxr edirik".
Fürsət tapıb nizam-intizamla yeməklərini götürərək masalarına əyləşən bir neçə əsgərin düşüncələrini də öyrəndim. Əsgər Kənan Hümbətovun yeməkləri yedikcə üzündə yaranan təbəssüm, yeməklərin keyfiyyətindən nə qədər məmnun olduğunu açıqca göstərirdi: "Burada hər gün dadlı və sağlam yeməklərlə qidalanırıq. Yeməklərin keyfiyyəti sanki evdə anamın bişirdiyi yeməklərlə eyni səviyyədədir. Hərbi hissəmizdə xidmətimiz üçün yaradılan şəraitdən çox razıyıq".
Əsgər Elnur Quliyev, yeməkxana şəraitindən məmnunluğunu belə ifadə etdi: "Hər cür şəraitimiz var, buna görə də çalışırıq ki, xidmətimizi layiqincə yerinə yetirək. Göstərilən etimadı uğurlu xidmətimizlə doğrultmaq üçün əlimizdən gələni edirik. Dərslərimizdə fəal olub, öyrədilən hərbi bilikləri və vərdişləri, silah və texnikalarımızın taktiki, texniki xüsusiyyətlərini, istifadə qaydalarını həvəslə öyrənirik".
Əsgər Əlizamin İsmayılzadə isə yeməkxananın əsgərlər üçün əhəmiyyətini vurğuladı: "Bizə həm dadlı, həm də yüksək kalorili yeməklər bişirilir. Bu, bizim gündəlik fəaliyyətimizi daha effektiv şəkildə yerinə yetirməyimizə kömək edir. Hərbi hissəmizdə gördüyümüz diqqət və qayğı, motivasiyamız üçün çox önəmlidir".
Əsgər yeməkxanasında gördüklərimiz və əsgərlərin fikirləri bir daha təsdiqləyir ki, yeməkxana personalı əsgərləri doğma övladlarından ayırmır. Yeməkxananın təqdim etdiyi yüksək keyfiyyətli yeməklər, əsgərlərin döyüş hazırlığı və rifahı üçün əhəmiyyətli təsirə malikdir. Aşpazların diqqəti və qayğısı, döyüşçülərimizin düzgün qidalanma sayəsində fiziki gücünü artıraraq, döyüş şəraitində daha effektiv olmalarını təmin edir.
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"