Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2024 16:39

Amalımız Vətənə əsl müdafiəçi olmaqdır

2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində keçirilən atəş hazırlığı üzrə praktiki məşğələnin şahidi oldum. Məşğələ rəhbəri təlim sahəsində şəxsi heyətə silah və hərbi sursatların təyinatını izah edib, döyüş və texniki xassələri barədə məlumat verirdi. Kursantların silahların istismar qaydaları və sıfırlama üzrə biliklərini öyrənmək məqsədilə onları sual-cavab etdi. Məşğələ bitdikdən sonra gənc zabitlə həmsöhbət olduq.
Leytenant Cavidan İsmayılzadə keçirilən məşğələnin əsas məqsədinin kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması olduğunu bildirdi. "Hərbi kollecdə kursantların hazırlanması bir çox fənləri və bacarıqları özündə birləşdirən çoxşaxəli prosesdir. Əsas komponentlərdən biri, sözsüz ki, atəş hazırlığıdır.
Odlu silahlar haqqında biliklər kursantların ilk dəfə əlinə silah götürməsindən çox əvvəl başlayır. Nəzəri hissəyə müxtəlif növ atıcı silahların quruluşu və fəaliyyət prinsipləri, təhlükəsizlik qaydaları və əsas taktikaların öyrənilməsi də daxildir. Kursantlar silahın hər bir detalını yaxşı bilməli, onun imkanlarını və məhdudiyyətlərini başa düşməlidirlər. Bu təməldir ki, onsuz praktikada uğur əldə etmək mümkün deyil.
Atəş hazırlığı məşğələsinin praktiki hissəsinin əsası isə silahlarla işləmə üsullarını tətbiq etməklə başlayır. Mənim rəhbərliyimlə kursantlar silahı düzgün tutmağı, nişan almağı, onu doldurmağı və boşaltmağı öyrənirlər, silahın natamam sökülüb-yığılmasını normativlərə uyğun yerinə yetirirlər. Təbii ki, təhlükəsizliyə xüsusi diqqət yetirilir - hər hansı bir qəzanın qarşısını almaq üçün kursantlar bütün qaydalara ciddi əməl etməlidir.
Atəş hazırlığının son mərhələlərindən biri də çöl təlimləridir. Bu dərslər zamanı kursantlar döyüş şəraitinə mümkün qədər yaxın şəraitdə tapşırıqları yerinə yetirməyi öyrənirlər. Şəxsi heyət bir qrupun tərkibində işləyir, hərəkətlərini yoldaşları ilə əlaqələndirir, qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Mən bir komandir kimi kursantlarımızla fəxr edirəm. Onlar yüksək nəticələr göstərir, məsuliyyət və nizam-intizam nümayiş etdirirlər. Atəş hazırlığı təkcə dəqiq atəş açmaq deyil, həm də dəyişən şəraitə tez uyğunlaşmaq, düzgün qərarlar qəbul etmək və komanda şəklində işləmək bacarığıdır. Əminəm ki, kursantlarımız istənilən əmrə hazır, layiqli Vətən müdafiəçiləri olacaqlar", - deyərək gənc zabit sözünü bitirdi.
Kursantlarla həmsöhbət olduqda onların atəş hazırlığı dərslərinə böyük həvəs göstərdiklərinin bir daha şahidi oldum. Kursant İbrahim Əlizadə bildirdi ki, onların hər biri müxtəlif rayondan, müxtəlif ailədən gəlib, lakin hər birini bir amal birləşdirir - Vətənə əsl müdafiəçi olmaq. "Kollecə qəbul olduğumuz gündən anladıq ki, burada hər şey fərqlidir. Səhər tez durmaq, məşq etmək, fiziki hazırlığa ciddi diqqət etmək - bütün bunlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və bütün bunlar dözümlü, nizam-intizamlı kollektiv yaratmaq üçün vacibdir.
Praktik məşğələlər və təlimlər bizim təhsilimizin əsas hissələrindən biridir. Biz silahlardan istifadəni, döyüş taktikasını, tibbi hazırlığı və hərbi vəzifəni yerinə yetirmək üçün zəruri olan bir çox digər bilikləri mənimsəyirik. Hər bir dərs istənilən çətinliyə hazır əsl peşəkar olmaq yolunda bir addımdır. Atəş hazırlığı da bu dərslərdən biridir.
Məşğələnin proqramında avtomatın sökülüb-yığılması xüsusi yer tutur. Bu bizim texniki bacarıqlarımızı inkişaf etdirməklə yanaşı, həm də nizam-intizam, diqqətlilik və məsuliyyət aşılayır. Mən bir kursant olaraq yoldaşlarımın bu məşğələlərə necə maraq və səylə yanaşdıqlarını, bu bacarıqların gələcək xidməti üçün əhəmiyyətini dərk etdiklərini görürəm. Əminəm ki, təhsilimizi başa vurduqda hər birimiz qalib Azərbaycan Ordusuna layiq hərbçi olacağıq", - dedi.
Kursantlar Adil Əliyev, Arif Ayvazov, Gündüz Hüseynov, Əli Quluzadə, Xaləddin Cavadzadə, Ələsgər Həsənov və Samir Məhərrəmov da kursant yoldaşları ilə razı olduqlarını qeyd etdilər. "Hər birimiz hərbi kollecin kursantı olmaqdan qürur duyuruq. Başa düşürük ki, bizim çiynimizdə böyük məsuliyyət var, ölkəmizin gələcəyi bizdən asılıdır. Və biz bu çağırışa hazırıq. Bilirik ki, qarşıda hələ çox çətinliklər var, amma əminik ki, onların öhdəsindən gələcəyik, çünki qəlbimizdə vətənpərvərlik, Vətən sevgisinin alovu yanır", - dedilər.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"