Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2024 16:39

Rəşadətli Azərbaycan Ordusu qürur mənbəyimizdir

Azərbaycan Ordusunun yaranmasının 106-cı ili tamam oldu. Tarixin bu səhifələrini hər bir azərbaycanlının öyrənməsi vacibdir. Azərbaycanda ordu quruculuğunun əsası 1918-ci ildə qoyulub. Həmin dövrdə Azərbaycan bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir deyildi. Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq, Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və Azərbaycana 15000 nəfərdən ibarət iki diviziya göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi - 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan Korpusu" yaradıldı. Milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda qarşısıalınmaz bir proses başladı. 1919-cu ilin sonunadək 25 minlik Azərbaycan Ordusu yaradılmışdı. Obyektiv çətinliklər (Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərinin təmizlənilməsi) üzündən hərbi dəniz qüvvələrinin təşkilinə 1919-cu illin sonlarında başlanıldı. Hərbi Nazirlik hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alaraq, müvafiq kadrların hazırlanması üçün 1919-cu ildə Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən, təyyarəçi peşəsinə yiyələnməsi üçün Azərbaycandan bir qrup Tiflis Aviasiya məktəbinə göndərildi. Milli kadrlara olan ehtiyaclarının ödənilməsi üçün 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açıldı. 1918-ci ildə Azərbaycana göndərilmiş Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı, Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı. Hökumət strukturunda Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olundu və bu vəzifəyə İsmayıl xan Ziyadxanov təsdiq edildi. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil etdi. 1918-ci il noyabrın 1-dən Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başladı. Həmin gün Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. Nazirlər Şurasının qərarına əsasən, Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edildi.
Hərbi Nazirlik 1918-ci il noyabrın 22-də Gəncəyə köçmək məcburiyyətində qaldı. 1919-cu il iyunun sonlarına kimi paytaxtdan və hökumət orqanlarından uzaqda fəaliyyət göstərməli oldu, Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişməsindəki binada yerləşdirildi və Cümhuriyyətin süqutuna qədər burada fəaliyyət göstərdi. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əlağa Şıxlinski (28 iyun 1919-cu ildən etibarən tam artilleriya generalı) hərbi nazirin müavini vəzifəsinə təyin edildi.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən ilhaq edildikdən sonra Azərbaycan Hərbi Nazirliyi rəsmən ləğv edildi, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi, Azərbaycan Ordusunun 21 generalından 15-i güllələndi. Xalq Hərbi Komissarlığına ilk olaraq Çingiz İldırım, sonra isə Əliheydər Qarayev təyin edildi.
Ordu quruculuğunda əsaslı dönüş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başladı, onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi genişləndi. Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Bundan sonra  dahi şəxsiyyət Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil alması, SSRİ-nin müxtəlif hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olmuşdur.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyini xilas etmək üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən böyük tarixi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü.
Ulu Öndər  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Əbədiyaşar Komandan hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Azərbaycanda ən müasir hərbi texnika, silah-sursatın istehsal olunması ilə bərabər, xarici dövlətlərdən də bu və ya digər silah-sursat idxal edilir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Təbii ki, Azərbaycan Ordusu gücünü 2016-cı ildə qazanlmış Aprel zəfəri, 2018-ci ildə Günnüt qalibiyyəti, 2020-ci ilin Tovuz döyüşləri və 2020-ci ilin sentyabrında Vətən müharibəsi ilə təsdiqlədi. Bu gün Azərbaycan əsgəri torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı və ərazi bütövlüyümüzə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olmasını tələb edir. Bu gün Azərbaycan əsgəri Vətənin maraqlarını şərəflə qoruyur.

Hazırladı: Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"