Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2024 13:33

Şəhidlərdi ruhumuzun bayrağı!..

Mövqe qələbəsi qazanmışdılar. Əsə-əsə yüksəkliyə tələsən həlim yelin içində ayaq saxlayıb bir hovurluğuna nəfəs dərirdilər. Müharibədə bir döyüşün sonluğu növbəti döyüşün başlanğıcıdı. Bir azdan başlayacaq döyüşün ovqatı qınından sıyrılmış qılınc kimiydi. Anlar ağırlaşmışdı elə bil, ötüşmürdü. Səid iri bir daşa dirsəklənmişdi. Baxışları qarşı yüksəklikdən üzülmürdü. Ürəyinin üstünə qoyduğu əlində ilahi bir hərarət hiss edirdi. Döyüşlər başlayandan bəri sinəsində gəzdirdiyi bayrağımızın hərarətini işğaldan azad edəcəkləri torpaqların örtüyü bilirdi. Döyüş-döyüş həmin günə yaxınlaşırdılar...
Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzulinin Horadiz şəhərində anadan olmuşdu. Bakıda şəhid S.Yolçuyev adına orta məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirmişdi...
"Dövlət Vətən deməkdi, Vətən - torpaq. Torpağı qorumaq dövləti, dövləti qorumaq Vətəni qorumaqdı. Torpaqalarımızı işğaldan azad edəcəyik də, qoruyacağıq da. Torpaq olmayandan sonra Vətən də yoxdu, Vətən olmayandan sonra biz nəyə lazımıq...", - Səid tay-tuşlarına da, xidmət yoldaşlarına da, döyüşçülərə də  belə deyərmiş...
Neçə 30 illər keçəcək, babalar nəvələrinə gerçək nağıllar danışanda deyəcəklər ki, Səid vardı, igid idi, cəsur idi, Vətəni, torpağı sevən oğul  idi...
2016-cı ilin Aprel döyüşlərində Səid Rəşidzadə də iştirak etmişdi. "Biz qəhrəman olmaq üçün döyüşmürük, qəhrəmanlıqla döyüşürük", aprelin 4-də dan yeri söküləndə, döyüşə bir nəfəs dərimiycə qalmış belə demişdi. General-mayor Polad Həşimov təbəssümlə Səidə baxmışdı. Bu, sözlə ifadə edilməyən təşəkkürüydü. Döyüş ərəfəsində əsgərlərin qələbə ruhunu ovxarlayan kəlamlara görə komandir minnətdarlığıydı...
Səid sonralar öz döyüşlərindən danışmazdı, əsgərlərin döyüşlərindən danışardı, "mən" deməzdi, "biz" deyərdi. "Aprel döyüşləri son döyüşümüzdən əvvəl qazanılmış qələbədi...", - Aprel qələbəsini son döyüşümüzün ərəfəsi adlandırırdı...
Döyüşlər azca səngiyəndə Arif Nihat Asyanın "Bayraq" şeirini xatırlayardı. Ürəyinin başında gəzdirdiyi bayrağımızı öpüb gözlərinin üstünə qoyardı. Bayrağımız Azərbaycan Ordusunu Zəfərə aparırdı...
Bayraqlarımız işğaldan qurtuluşun carçısı olacaqdı, Şuşada, Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaqdı. Əhdi vardı Səidin. Qaliblər dalğalandıracaqdı, qaliblər sırasında "Bayrağım - varlığım, bəxtiyarlığım!" deyən Səid dalğalandıracaqdı. Səidlər bayrağımızın işığını gözlərinə köçürmüşdü, bu işıq onlara "Qəzan mübarək, igid!" deyirdi, onları döyüşlərə Vətən uğurlayırdı. Onlar da bilirdilər ki, qazavata bayrağın işığıyla gedənlər məğlub olmur. Ruhunun can köynəyi bayraq olanlar döyüşlərdəydi. Döyüş-döyüş qələbəyə yaxınlaşırdılar.
Füzuli istiqamətində döyüşürdülər...
Hər döyüşü son döyüş bilib döyüşürdülər. "Şəhidlərin ruhu da sıramızdadı. Şəhidlərin adından da döyüşürük", - Səid belə deyərdi. Onda döyüşçülər gözucu göy üzünə baxardılar, sonra komandirlərinə. Bu baxışlar inamıydı, sevgiydi, sədaqətiydi, bir də döyüşqabağı məsləhət, tövsiyə istəyi. Səidin sağ əli Elgünün, sol əli Raqifin çiyninə enmişdi. Səssizlikdə Səid döyşçülərə, döyüşçülər qarşıdakı yüksəklikliklərə baxmışdılar. Döyüş əzmi vardı baxışlarda, bir də qələbə ruhu. Döyüşçülərin döyüş əzminin, qələbə ruhunun kölgəsi qarşıdakı yüksəklikləri sinəsinə sıxırdı.
Böyük Pirəhmədlini azad etmişdilər. Döyüş səngiyəndə Səid "Sənin ata yurdunu işğaldan azad etdik, ay ata!..", - pıçıldamışdı.
Neçə il əvvəl söhbətləşəndə "Bayrağa sevgi bütün sevgilərdən ötədi, bayrağa sevgi Vətənə sevgidi", - demişdi. Tabor komandiri kursant Səid Rəşidzadənin cavabını bəyənmişdi. Kursantlara "Bayrağımızı Səid kimi sevin. Bu sevgi sizin Vətən sevginizin hilalı olsun", - demişdi. Az sonra Səid dostlarının əhatəsində bir misra pıçıldamışdı: "Vətənə sevgidi bayrağa sevgi...". İndi, aradan illər keçəndən sonra arzuladıqları döyüşlərdəydilər, döyüş ərəfəsində həmin misra düşmüşdü yadına. Əlini ahəstəcə sol döşünün üstündə gəzdirdi. Oktyabrın 10-da bir nəfəs dərimi müddətiycə çəkən vaxtda Səid döyüşçülərə ötən əsrin əvvəllərində Sarıqamış döyüşündən danışdı, Çanaqqala döyüşündən danışdı. Bu döyüşlərin sonunda mehmetçiyin qazandığı qələbədən danışdı, bugünkü Türkiyənin o qələbədən doğulduğunu dedi. Tarixin gedişini dayandırmaq üçün dedi, işğalın bu gününü sabahlara bağlamağa qərarlı olanların niyyətini dağlamaq, o bağları yandırmaq üçün dedi. Onu da xatırlatdı ki, eyni kökdən gələn döyüş ruhunun sərhəddi olmur. Biz də torpaqlarımızı işğaldan xilas edəcəyik. Səid "Xoş o döyüşçüyə ki, döyüşündə şəhidlərin ruhunun şəhidliyə ünvanlanan qayibanə duasını eşidir: "Qoluna qüvvət!". Döyüşçüləri döyüşə həm də Səidin dediyi kəlmələr uğurlayırdı.
Döyüşçülər səngərdən döyüş üzünə çıxmışdılar...
Düşmənin Hadrut istiqamətində əks-hücumunun qarşısı qətiyyətlə alındı. Şişqayanın düşməndən azad edilməsi əmri verilmişdi. Meşəliklə yarım kilometrəcən irəliləmişdilər. Yeddi nəfəriydilər: bölük komandiri kimi baş leytenant Səid Rəşidzadə, leytenant Raqif Xanışov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə və əsgər Əmrah Səfərli. Düşmənlə təmas döyüşü çox çəkmədi. Döyüşə-döyüşə irəli gedirdilər. Şişqayanı ermənilərdən qurtarmağa. Bu döyüş bölüyün yeddi döyüşçüsünü Şişqayanın qurtuluşuna aparıırdı...
Düşmənin sığındığı yüksəklikləri çığnayıb keçəcəkdilər. Bu qətiyyətin sonunda qələbənin işığı vardı, qələbə vardı, o işıqda bayrağımızın ucalıqlarda dalğalanması vardı. Bir də Böyük Qələbəyə aparan yolu nişan verəcək yol vardı. Bu yola çıxmaq üçün döyüşürdülər. Döyüşün son gülləsindən sonra bu döyüşə döyüşlərin ən gözəli, o yola yolların ən düşərlisi deyəcəkdilər...
Döyüşə-döyüşə bir-birinə söykəkli meşəli təpəlikləri keçdilər. Hər təpəlik uğrunda döyüşdülər. "Sürətli hücum, sürətli döyüş, sürətli qələbə!", - döyüşün başlanğıcında Səid döyüş əmrini tamamlayan döyüş göstərişi vermişdi; belə döyüşdülər...
Müqavimət göstərə bilməyib yüksəklikdən geri çəkilən düşməni təqib edirdilər. Meşəliyi çıxa-çıxda kürəyi döyüşçülərinin nəfəsiylə isinən komandirin - baş leytenant Səid Rəşidzadənin 15-20 addımlığına bir mərmi düşdü. Azca sağa meyillənib atışı davam etdirdi. Leytenant Raqif Xanışovun harayını ikinci mərmi çiliklədi. Mərmilər hücumu dayandıra bilmədi. Komandirin də döyüşməsi döyüşçülərin qələbə ruhunu coşdurmuşdu. Sonuncu təpəlikdə bir qədər müqavimət göstərən düşmən davam gətirə bilmədi. Geri çəkilə-çəkilə atışmağa heyi qalmamışdı...
Açıqlıqdaydılar. Düşmən qaçıb dərədə gizlənmişdi. Səidin əmriylə dərəyə bir-neçə qumbara atdılar. Düşmənin öləni öldü, qalanı Hadruta tərəf qaçdı...
Şişqayanı azad etmişdilər. Daha döyüş texnikalarımız döyüşə qoşula biləcəkdi. Təpəliklər düşməndən azad edilmişdi. Meşəlik arxada qalmışdı. Açıqlıqdaydılar. Hadrut, Şişqaya görünürdü. Şişqayada ermənilərin bayrağı görünəndə Səidin qaşları çatıldı. Sol  əli avtomatın qundağını bədəninə, sağ əli köksünü ürəyinə sıxdı. Gözucu ermənilərin bayrağına sarı baxdı. Qətiyyətlə "Orda bizim bayrağımız dalğalanacaq, bizim!", - dedi. Dərəni keçdilər. Döyüşə-döyüşə erməni bayrağına yaxınlaşırdılar...
Mövqedə 50-60 erməni döyüşçüsü müqavimət göstərməyə çalışırdı. Ağır döyüş gedirdi. Səkkiz döyüşçü 50-60 düşməni atışla mövqedən çıxmağa məcbur etməli idi. Etdi...
Beş döyüşçümüz şəhid oldu...
Səid düşmənin bayrağını layiq olduğu kimi endirdi, layiq olduğu yerə atdı. Bayrağımızı sinəsindən çıxatdıb öpdü. Gözdolusu baxdı bayrağımıza. "O ucalıq sənin yerindi...", - dedi. Dikəlmək istəyəndə snayper gülləsi dəydi Səidə. Dizə çökdü, yıxılmadı. Bayrağımızı köksünə sıxdı ki, torpağa düşməsin. Son nəfəsində bayrağımızı bir də öpdü. Əlində dalğalanan bayrağımız Səidin üstünə sərildi. Azca dikəldi, torpağı qucaqladı...
İndi minlər deyir ki, şəhidlərdi ruhumuzun bayrağı!..
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilmiş baş leytenant Səid Rəşidzadə tarixin cığırdaşı oldu...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"