Mövzu: Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin, döyüşdə isə müvəffəqiyyətin əsas prinsipi və şərtidir
Suallar:
1. Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir.
2. Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir.
Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir
Güclü ordunun əsası hərbi intizamdır. Hərbi intizamın mahiyyəti nizamnamə və digər qaydalara riayət etməklə ciddi və şüurlu olmalıdır. Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. Bu müqəddəs vəzifələri yerinə yetirmək üçün ordumuz daim döyüşə hazır vəziyyətdə olmalıdır.
Müasir dövrdə hərbi intizamın rolu əvəzedilməzdir. Ordu Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Ümumdövlət intizamı kimi hərbi intizam da eyni hüquqi və mənəvi prinsiplərə əsaslanır. Hərbi qulluqçular bütün Azərbaycan vətəndaşları kimi Azərbaycan Respublikasının qanunlarının tələblərinə şüurlu surətdə ciddi riayət etməlidirlər. Şüurlu hərbi intizam - yüksək döyüş hazırlığı və döyüş qabiliyyəti ordunun əsas şərtidir.
Bununla yanaşı, orduda Hərbi And içən hərbi qulluqçular Vətənə sadiq olmaqla yanaşı məhrumiyyətlərə və çətinliklərə dözməyə, intizamlı olmağa da and içirlər və andı pozarlarsa, Azərbaycan Respublikasının qanunlarına əsasən tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazır olduqlarını dərk edirlər. Azərbaycan Ordusunda hərbi intizam İntizam Nizamnaməsi ilə tənzimlənir.
Azərbaycan Ordusunda hərbi intizam hərbi qulluqçuların şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə və hərbi intizamın tələblərinə şüurlu surətdə tabe olmalarına əsaslanır.
İntizam Nizamnaməsinin 2-ci maddəsi də hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsini tələb edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində hərbi intizam anlayışı aşağıdakı kimi müəyyən edilir: "Hərbi intizam - bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir."
Hərbi intizam hər bir hərbi qulluqçudan aşağıda göstərilənləri tələb edir:
- Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyi, Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyi, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağı;
- hərbi xidmətin bütün çətinlik və mərhumiyyətlərinə mətinliklə tab gətirməyi, hərbi borcunu yerinə yetirərkən öz qanını və həyatını belə əsirgəməməyi;
- hərbi və dövlət sirlərini möhkəm saxlamağı;
- namuslu və dürüst olmağı, hərb işini vicdanla öyrənməyi, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağı;
- komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyi, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyi;
- hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağı, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyi;
- vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyi.
Hər bir hərbi qulluqçu bilməlidir ki, yüksək hərbi intizama nail olmaq olar:
- hərbi qulluqçularda yüksək mənəvi və döyüş keyfiyyətləri və komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaqla;
- hissədə (bölmədə) nizamnamə qaydalarına ciddi riayət etməklə.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəninin - Azərbaycan Respublikasının müdafiəçisidir. O, öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur:
- Azərbaycanın mənafeyini qorusun;
- onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin;
- Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi Anda müqəddəs, sarsılmaz surətdə riayət etsin;
- intizamlı, vicdanlı, dürüst və cəsarətli olsun; komandirlərə (rəislərə) sözsüz tabe olsun və döyüşdə onları müdafiə etsin.
Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir
Döyüş - müharibədə qələbə qazanmağın yeganə vasitəsidir. Döyüşdə düşmənin darmadağın edilməsi və qələbə bütün silah növlərinin güclü zərbələri, zərbələrin nəticələrindən vaxtında istifadə etmə, hissə və bölmələrin fəal və qətiyyətli hərəkətləri ilə əldə edilir.
Döyüşdə müvəffəqiyyətin qazanılmasında şəxsi heyətin şüurlu hərbi intizamı, komandirlərin əmrlərinin dəqiq və sözsüz yerinə yetirilməsi, intizamsızlığın, zəif icraçılığın, hərbi andın və müharibə dövrünün qanunlarının tələblərindən geri çəkilməyin qarşısının qəti alınması, yerli əhaliyə qarşı nalayiq hərəkətlərə və qarətçilik hallarına yol verilməməsi böyük əhəmiyyətə malikdir.
Müasir şəraitdə şəxsi heyətin intizamı və mütəşəkkilliyi aşağıdakılarla bağlıdır:
- hərb işin inkişaf etməsi, hərbi hissələrin yeni tipli silahlarla və döyüş texnikası ilə təchiz olunması, döyüş aparma üsullarının kökündən dəyişməsi ilə;
- müasir silahların bir çox növlərinin kollektiv surətdə istifadə olunması, həmin silahların müvəffəqiyyətli tətbiqi ekipaj və heyət üzvlərinin, müxtəlif ixtisaslı hərbi qulluqçuların dəqiq, birgə və bacarıqlı hərəkətlərindən çox asıllığı;
- hərbi hissələrin yeni müasir silah növləri ilə təhciz edilməsi, bu silahlardan istifadə etmə üsul və qaydalarının öyrənilməsində mövcud olan çətinliklərlə bağlı gərginliyin artması, müasir müharibədə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasının zəruriliyi ilə.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın silahlı qüvvələri tərəfindən təcavüzə məruz qaldı. 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Həmin illərdə ictimai-siyasi vəziyyət qeyri-sabit idi. Ölkədaxili çəkişmələr, respublika rəhbərliyinin dövlət idarəetmə sahəsində səriştəsizliyi bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da öz mənfi təsirini göstərirdi. Vahid komandanlığın olmaması pərakəndə hissə və birləşmələrin həyat və fəaliyyətini tənzimləməyə və onlara nəzarət etməyə imkan vermirdi. Bu isə hərbi hissələrdə nizamnamə qaydalarının kobud surətdə pozulmasına, şəxsi heyətin hüquqlarının tapdalanmasına, fərariliyin kəskin surətdə artmasına, döyüş meydanının özbaşına tərk edilməsinə, komandirlərin əmrlərinə və göstərişlərinə tabe olmamağa gətirib çıxarırdı. Belə hərbi hissələrin bütün döyüş əməliyyatları uğursuzluqla nəticələnirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli xahişilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu öz xüsusi diqqətinə götürdü və qısa bir müddətdə ordumuzun yüksək döyüş qabiliyyətli olması üçün təsirli tədbirlər gördü. 1993-cü ilin axırlarında, 1994-cü ilin yanvar-may aylarında Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarının uğurlu olmasında vahid komandanlığın, möhkəm şüurlu hərbi intizamın böyük rolu vardır.
Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə ordu quruculuğu ilə bağlı bütün çıxışlarında, Azərbaycan Ordusunun hissə və birləşmələrində şəxsi heyətlə bütün görüşlərində möhkəm hərbi intizamın əhəmiyyətini xüsusi vurğulamışdır. Belə görüşlərdən birində Ulu Öndər Heydər Əliyevin dediyi "Orduda, hər bir hərbi hissədə yuxarıdan aşağıyadək qanun-qayda, nizam-intizam, yüksək tələbkarlıq mövcud olmalıdır" sözləri bu gün də bütün hərbi qulluqçuların Vətən, xalq və dövlət qarşısında məsuliyyətlərini çox dəqiq ifadə edir və onları intizamlı olmağa çağırır.
2024-cü ilin birinci yarım tədris dövrünün yekunları bir daha göstərir ki, möhkəm hərbi intizam və qayda-qanun hərbi hissə və bölmələrdə yüksək döyüş hazırlığının əldə olunmasının əsas şərtidir. İkinci yarımillikdə isə qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün döyüş hazırlığının yüksəldilməsi, öz vəzifə borclarının şüurlu dərk edilməsi və onların vicdanla yerinə yetirilməsi hər bir hərbi qulluqçudan tələb olunur. Yalnız möhkəm hərbi intizama malik olmaqla komandirlərin əmr və göstərişlərini dəqiq və sözsüz yerinə yetirməklə dərslərdə, təlimlərdə və qələcək döyüşlərdə yüksək nəticələr əldə etmək olar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Ordusu gücünü 2016-cı ildə qazanlmış Aprel zəfəri, 2018-ci ildə Cünnüt qalibiyyəti və eləcə də 2020-ci il sentyabr ayında ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə apardığı "Vətən müharibəsi" və 2023-cü ilin sentyabr ayında Qarabağ iqtisadi rayonunda apardığı bir günlük antiterror əməliyyatı beşinci nəsil müharibə uğurları ilə də isbatlayıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun yüksək hərbi intizama malik olmasıdır.
Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun daha da güclənməsi müasir silahlarla təchiz olunması haqqında demişdir: "Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq. Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək".
Ordumuzun döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amil Azərbaycan Ordusunun yeni müasir texnika və silahlarla təhciz edilməsi, hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mübariz əzmi ilə dövlətimizin müdafiə potensialının artırılması və ordumuzun daha da güclənməsi naminə işlər görərək, öz diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi