Hər bir insanın Vətənə sevgisi ailədə, oxuduğu məktəbdə formalaşır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Məzahir Tərlan oğlu Adıgözəlov Qazaxıstan Respublikasında anadan olub, iki yaşında valideynləri ilə birgə doğma Azərbaycana köçüb. O, Vətənə qayıdanda Ermənistan silahlı birləşmələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hücumlara başlamışdı. Qarabağ iqtisadi zonasında və Ermənistanla sərhədlərdə vəziyyət getdikcə mürəkkəbləşirdi. Havadarlarından dəstək alan ermənilər bütün gücü ilə Azərbaycanın ermənilərin məskunlaşdığı Qarabağ bölgəsini Ermənistana birləşdirmək istəyirdi. Ermənistanla Azərbaycan arasında münaqişə daha da gərginləşərək müharibə həddinə yaxınlaşırdı. Azərbaycanın vətənpərvər oğulları könüllü olaraq Qarabağda və sərhəd rayonlarında erməni silahlı qüvvələrinin hücumlarının qarşısını almaq üçün özünümüdafiə batalyonları yaratmışdılar. Sinələrini Vətənə sipər edən vətənpərvər oğullarımız torpağı, xalqı düşməndən müdafiə edirdilər.
Xaçmaz rayonunun Xudat şəhərində böyüyən Məzahir də illər keçdikcə münaqişə haqqında çox oxumuşdu, düşmənə qarşı onda da qisas hissi formalaşmışdı. Ailədə valideynlərinin Qarabağ müharibəsi ilə bağlı söhbətlərini çox eşidirdi, Azərbaycan ərazilərinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini də, bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdundan didərgin salındığını da valideynlərindən eşitmişdi. Orta məktəbdə oxuduğu illərdə o da erməni vəhşiliyi barədə daha çox məlumatlar əldə etmişdi, torpaqlarımızı işğaldan azad etmək üçün o da borcunu yerinə yetirməyə hazır idi.
Məzahir orta məktəbi bitirəndən sonra əsgəri xidmətini cəbhə bölgəsində yerinə yetirmişdi. Düşmənlə təmas xəttində xidmət edən çavuş Məzahir Adıgözəlov döyüş növbətçiliyinə çıxanda qarşıdakı düşmənin bütün fəaliyyətini müşahidə edirdi. Müddətli həqiqi hərbi xidmətdən sonra Vətənə xidmətini ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmək qərarına gəlmişdi.
Çavuş Məzahir Adığözəlovun hərbi xidmətinin ilk illəri cəbhə bölgəsində keçib. Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi düşən döyüşlərdə Ağdam istiqamətində düşmənin hücumunun qarşısının alınmasında iştirak edib. Xidməti dövründə müxtəlif kurslara cəlb olunan Məzahir daha yüksək göstəricilər qazanıb.
İkinci Qarabağ müharibəsində və antiterror tədbirləri, həmçinin digər hərbi əməliyyatlar zamanı Məzahir Adıgözəlovun xidmət etdiyi bölmələr də döyüşlərə cəlb olunub. Həmişə Vətənə övladlıq borcunu uğurla yerinə yetirməyi qarşısına məqsəd qoyan çavuş bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib.
Komandirlərin və silahdaşlarının rəğbətini qazanan çavuş Məzahir Adıgözəlov deyir ki, Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu və bu yolda bir döyüşçü kimi onun xidmətinin də keçdiyi üçün məmnundur. Bundan sonra da Vətən, xalq qarşısında övladlıq borcunu şərəflə davam etdirəcək, kiçik komandir kimi üzərinə düşən vəzifəni vicdanla yerinə yetirəcəkdir.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"