Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2024 13:16

Bu qələbəni bizə Vətənə sevgi yaşatdı

On illərlə işğal altında qalan torpaqlarımızın indi azad olması sevincini hər bir azərbaycanlıya ordumuz yaşatdı, indi də yaşadır. Qarabağımızın həmayili olan Şuşamızın dağlarının dumanı dağılıb, indi Cıdır düzündə açan çiçəklər göz oxşayır. Bunlara görə də xalq ordumuza minnətdardır.
Vətən müharibəsində ordumuz döyüş tapşırıqlarını vaxtında, məsuliyyətlə, dəqiqliklə yerinə yetirirdi. Yüksək nizam-intizam və peşəkarlığı ilə düşmənin təşvişə düşməyinə səbəb olurdular. Düşmənin yaratdığı  maneələrin öhdəsindən asanlıqla gəlirdilər. Cəsur döyüşçülərimiz yüksək döyüş əzmi və qələbə ruhuyla Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi.
"N" hərbi hissəsində xidmət edən mayor Samir Hüseynov 1986-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. Yeniyetməliyindən həyatını orduyla bağlamaq istəyib. 2004-cü ildə orta məktəbi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Motoatıcı ixtisasına yiyələnib. 2008-ci ildə “leytenant” hərbi rütbəsi ilə hərbi xidmətə başlayıb. Vətən müharibəsində iştirak edib: "Bu günü hamımız gözləyirdik. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə tarix yazan oğullarımız torpaqlarımızı işğaldan azad etdi. 8 noyabr Zəfər günü kimi tarixləşdi. Haqq savaşımızda bütün dünya xalqımızla ordumuzun birliyinin nümunəsinin şahidi oldu." Zabit cavabında vurğuladı ki, düşmənə qarşı ağır döyüşlərdə iştirak edən igidlərimiz haqqında nə qədər danışsaq,  azdır. Onların hər biri bu tarixi Zəfərin zərrəsidir.
Mayor Samir Hüseynov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Vətən müharibəsi xalqımızın haqq savaşı oldu. Xalqımız əmin oldu ki, Azərbaycan əsgəri bundan sonra da xidməti ilə Vətənin toxunulmazlığını təmin edəcək.
İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı qələbə əbədi olaraq qalacaq. Şəhidlərimizin ruhları daim ehtiramla xatırlanacaq, gələcək nəsillər vətənpərvərlik ənənələrini daim yaşadacaqdır.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"