Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən birlik və birləşmələrdə vətənpərvərlik tədbirlərinin keçirilməsi davam edir. Tədbirlər hərbi qulluqçuların asudə vaxtlarının mənalı, məzmunlu təşkilinə, əsgərlərin Vətənə, xalqa məhəbbət hissinin yüksəldilməsinə, milli-mənəvi dəyərlərinin dərindən öyrənilməsinə və geniş təbliğinə xidmət edir. Mərkəzin təbliğat-təşviqat qrupunun təşkil etdiyi vətənpərvərlik ruhunda silsilə tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Elm, mədəniyyət, incəsənət xadimləri ilə təşkil olunan görüşlər hərbi qulluqçularda dünya görüşünün, elmi biliklərinin artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə keçirilən görüşlərdə qədim dövlətçilik, mübarizələrlə dolu tariximizdən, xalqımızın zəngin söz xəzinəsindən ətraflı bəhs olunur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı, Vətənə, xalqa həsr olunmuş həyatı haqqında söhbətlər, disputlar böyük rəğbətlə qarşılanır.
Təbliğat-təşviqat qrupunun üzvləri Ulu Öndər Heydər Əliyevin quruculuq strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tətəfindən xalqın böyük dəstəyi ilə uğurla davam etdirdiyini xüsusi vurğuladılar. Ölkəmiz təkcə regionda deyil dünya miqyasında inkişaf, tərəqqi yolu seçən, bəşəri dəyərləri yüksək qiymətləndirən ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsi bir daha dünyaya göstərdi ki, Azərbaycan xalqı vətənsevər, yenilməz, haqq-ədalətin bərpa edilməsinə nail olmağı bacaran xalqdır.
Mərkəzin əməkdaşları hərbçilər arasında müxtəlif bilik yarışları, müsabiqələr, idman oyunları təşkil etdilər. Hərbi qulluqçular yarış və müsabiqələrə, disputlara həvəs göstərdilər. Onlara "Əsgərə məktub" layihəsi çərçivəsində müxtəlif bölgələrdən ünvanlanan məktublar təqdim olundu. Məktublarda Vətən müdafiəçilərinə, ictimaiyyətin nümayəndələrinin xoş arzu və istəkləri ifadə olundu. Əsgərlər valideynlərinə, ictimaiyyət nümayəndələrinə, Vətənə, xalqa sonsuz məhəbbət ruhlu məktublar ünvanladılar. Vətənpərvərlik tədbirləri Mərkəzin "Vətən uğrunda" ansamblının solistlərinin hazırladıqları zəngin konsert proqramı ilə başa çatdı.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"