Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2024 16:20

Şəhidlər xalqımızın qürur tarixidir

İkinci Qarabağ müharibəsində canını Vətən torpaqlarının azadlığı uğrunda qurban verən oğullardan biri də Cəbrayıl Qasımovdur. O, 19 iyul 1996-cı ildə Masallı rayonunda dünyaya göz açıb. 28 il öncə Qasımovlar ailəsində dünyaya gələn bir oğul övladına Cəbrayıl adını veriblər. Üç bacıdan sonra dünyaya gələn Cəbrayıl, həm  də evin yeganə oğul övladı idi.
Bu günlərdə Masallı rayonunda anım günü qeyd edilən şəhid Cəbrayılın doğulub boya-başa çatdığı evin ziyarətinə getdik. Hər bir şəhid ünvanı müqəddəs ocaqdır. Yol boyu şəhidlərimizin xatirəsinə vurulmuş üçrəngli Azərbaycan bayrağı ilə bəzədilmiş böyük ölçüdə fotoşəkilləri, xatirə bulaqları diqqətimizi çəkir. Onların hər biri öz elinin, obasının fəxridi, qürur yeridi. Bu qürur dolu mənzərələri seyr etdikcə belə bir qənaətə gəlirəm: Böyük dövlətimiz, qədirbilən xalqımız torpaqlarımız uğrunda canından keçən şəhid övladlarını unutmur, onların xatirəsini daim əziz tutur.
Şəhidin atası Baloğlan Qasımov, anası Fatimə Qasımova bizi həyətdə qarşılayırlar. Onlar yeganə oğullarının yığıb topladıqları əşyalarından ibarət yaratdıqları guşənin yerləşdiyi mənzilə bizi dəvət edirlər. Vətən müharibəsi başlayanda Cəbrayıl arxa cəbhədə oturub gözləməyi özünün mənliyinə, qüruruna sığışdırmayıb. Könüllü olaraq cəbhəyə yola düşməyi qərara alıb. Atası Baloğlan kişi Birinci Qarabağ müharibəsinin könüllü döyüşçülərindən idi. Onun 30 ildən sonra tək oğlu Cəbrayıl da İkinci Qarabağ müharibəsinin könüllülərindən biri oldu.
Keçmiş döyüşçü ailəsində böyüyüb boya-başa çatan Cəbrayıl hələ müddətli  həqiqi hərbi xidmətdə olarkən "Müzəffər Ali Baş Komandan bu gün döyüş əmri verərsə, ön sıralarda mən də olaram" demişdi. O hərbi xidmətdə olarkən verdiyi sözünə əməl etdi, içdiyi Vətən andına sadiq qaldı. 27 sentyabr 2020-ci ildə Cəbrayıl torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi uğrunda gedən döyüşlərə - Vətən müharibəsinə yollanır...
Fatimə ana şəhid övladının albomundakı şəkillərinə baxaraq dərindən ah çəkir: "Cəbrayıl yenicə nişanlanmışdı. Biz onun toy tədarükünə hazırlaşırdıq. Lakin "Vətən dardadır, bu gün hər bir oğul silaha sarılıb döyüşə getməlidir. Torpaqlarımız düşmən  əlində əsirdir. Biz onu bu əsirlikdən xilas etməliyik" dedi Cəbrayıl. Özü də müharibəyə getdi".
Baloğlan kişi Cəbrayılın ağır döyüşlərdə iştirakından danışdı: "Qorxmaz, igid oğul idi. Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayarsa, o da gedəcəyini öncədən bizə söyləmişdi. Bu gün bütün el, oba Cəbrayılla fəxr edir. Onun xatirəsini əziz tutur. Bu günlərdə bütün kənd camaatının iştirakı ilə anım günü keçirildi. Allah bütün şəhid valideynlərinə səbir versin. Şəhidlər Vətənimizin,  xalqımızın seçilmiş övladlarıdır. Onlar torpaq fədailəridirlər. Canlarını Vətənə sipər edən igidlərdir. Təki Vətən yaşasın! Zəfər tariximizi xalqımıza yaşadan şəhid övladlarımıza Allah rəhmət eləsin! Məkanları cənnət olsun".
Dörd il öncə torpaqlarımız kənd-kənd, qarış-qarış azad edildikcə, ordumuz irəliləyir, erməni işğalçıları 30 ilə yaxın əsirlikdə saxladıqları tarixi ərazilərimizdən silah və texnikalarını götürmədən qaçırdılar. Oktyabrın 8-də ağır döyüşlərin getdiyi Cəbrayıl rayonu istiqamətində Cəbrayıl ən ali zirvəyə - şəhidlik zirvəsinə yüksəlir. Bu şirin həyatdan doymayan canını torpaq uğrunda fəda edən minlərlə Vətən oğullarının sırasına Cəbrayılın da adı yazıldı. Oktyabrın 9-da Cəbrayıl Baloğlan oğlu Qasımov Masallı rayonunun Ərəb kəndində torpağa tapşırıldı.
Azərbaycan  Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Cəbrayıl Qasımov "Cəsur döyüşçü", "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Bu təltiflər Cəbrayılın vətənsevərliyinin, torpaqsevərliliyinin təsdiqidir. Torpağa, Vətənə bağlılıq böyüyüb başa-çatdığı ocağın istisi, qığılcımı idi Cəbrayılda. Bu gün o təkcə elinin, obasının deyil, bütün Azərbaycan xalqının oğludur. Xalqımız Vətənimizə, torpaqlarımıza azadlıq bəxş edən hünərli oğulları ilə daima fəxr edir. Şəhidlər xalqımızın qürur tarixidir. Bu qürur tariximizi yaşatmaq, əbədiyyətə qovuşdurmaq hər birimizin vətəndaşlıq borcu, mənəvi məsuliyyətimizdir.
Biz Vətənin bütövlüyü naminə canından keçən bir gəncin boya-başa çatdığı ocağının ziyarətindən ayrılarkən, şəhidin valideynləri Baloğlan kişi və Fatimə ana onlara göstərilən diqqət və qayğıya, oğullarının adının uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinin yanında olan qüdrətli dövlətimiz, qədirbilən xalqımız şəhidlərimizin xatirəsini əziz tutur, onların adlarını əbədiləşdirir.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"