Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2024 16:20

Əfsanəyə çevrilən cəsur sərkərdə - Cavanşir

Dövlət tarixi şəxsiyyəti deyil, tarixi şəxsiyyət dövləti yaradır. Qurduğu dövləti, qoruduğu dövləti, yaşatdığı dövləti. Atası Varaz qursa da, Cavanşir Girdiman dövlətini dünyanın yaddaşına - tarixə həkk etdi. On beş əsrdi Girdiman adı Cavanşir adının günyəsidi...
Cavanşir də digər tarix yazan dahi şəxsiyyətlər kimi daim böyük ehtiramla anılır. Tarixdə Girdman adlı dövlətin, Cavanşir adlı sərkərdənin işığı əbədiyyət işığıdı. Son nəfəsinə kimi xalqının gələcəyi üçün apardığı mübarizədə yenilməz zəfər sərkərdəsi olmuşdur Cavanşir. Görkəmli dövlət xadimi, bacarıqlı diplomat və cəsur sərkərdə olan Cavanşir 43 il ərzində Albaniya-Girdiman dövlətinə başçılıq edib. Sərkərdəydi, döyüşçüydü, döyüşən sərkərdəydi Cavanşir. Ölkənin maraqlarını hər şeydən üstün tutan görkəmli tarixi şəxsiyyət idi Cavanşir.
VII əsrin əvvəllərində Azərbaycanın şimalında Azərbaycan dövlətçiliyi yenidən bərpa olundu. Bu dövlət tarixdə Albaniya-Girdiman dövləti adlanır. Dövlətin yerləşdiyi Girdiman ərazisi əvvəllər Qazax-Şəmkir bölgəsini əhatə edib. Sonralar Kür çayının sol sahilinə doğru irəliləyən Mehranilər öz hakimiyyətini, Göyçay çayı və Girdiman çayı hövzələri də daxil olmaqla, bütün Albaniyada yaydılar. Bu ərazidə onlar Girdiman qalasını, Mehrəvan şəhərini və alban məbədlərini inşa etdilər. Mehranilər dövlətin paytaxtını Qəbələdən Bərdəyə köçürdülər.
Tarixi qaynaqlarda Mehranilər sülaləsinin hakimiyyət illəri Albaniyanın hər sahədə qüdrətləndiyi dövr kimi xarakterizə olunur. Məhz o dövrdə Albaniya təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Şərqlə Qərb arasında həlledici mövqelərə yiyələnən nüfuzlu bir dövlətə çevrildi. Dünyanı lərzəyə salan Bizans və Sasani imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı da ayrı-ayrı vaxtlarda Albaniya ilə müttəfiqlik etməyə maraqlı idilər. Bu, hər şeydən öncə, böyük Mehrani knyazlarının ağıllı və düzgün xarici siyasəti, taktiki və strateji baxımdan düşünülmüş hərbi doktrinası və ən başlıcası, gərgin və həm də incə diplomatik səyləri nəticəsində mümkün olmuşdu.
Bu dövlət özünün ən nüfuzlu və məhsuldar vaxtlarını Azərbaycan Alban dövlətinin hökmdarı, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi, görkəmli dövlət adamı, müdrik siyasətçi və diplomat, mahir sərkərdə Cavanşirin hakimiyyəti zamanında yaşayıb. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyasının uğurlu xarici siyasəti nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdi.
Dövrünün görkəmli dövlət xadimi və cəsur sərkərdə olan Cavanşir 616-cı ildə Mehranilər nəslindən olan Varaz Qriqorun (638-642) ailəsində dünyaya göz açmışdı. Varaz Qriqorun 4 oğlu olub. Cavanşir ailədə ikinci oğul övladı idi. Fiziki cəhətdən çox sağlam və güclü olan Cavanşir hələ gəncliyindən ağlı, cəsurluğu ilə yaşıdlarından seçilirdi. Atası onun görkəmli və gözəl bir şahzadə olacağına əmin idi.
633-cü ildə Sasani dövlətinə ərəblərin hücumu başladı. Sasani şahənşahı III Yezdəgerd bütün qüvvələri ərəblərə qarşı yönəltdi. Onun xahişi ilə Varaz Qriqorun köməyə göndərdiyi alban qoşunlarına oğlu Cavanşir rəhbərlik edirdi.
Xilafət ordusu və Sasanilərin birləşmiş qüvvələrinin ilk döyüşü İraqdakı Bataqlıq və əl-Nəcəf gölünün sahilində baş verdi. Bu zaman 7 ağır yara alan Cavanşir atı ilə Dəclə çayının lal sularına atılıb və digər sahilə çıxıb. Sasani şahı III Yezdəgerd Azərbaycan sərkərdəsinin bu misilsiz igidliyindən xəbər tutanda onunla şəxsən görüşmək istəyib. İranın adlı-sanlı əyanları qarşısında III Yezdəgerd Cavanşiri sərkərdələrə layiq mükafatlandırıb. Bundan sonra Cavanşirin şöhrəti daha da artır.
Cavanşir öz qoşunu ilə Sasani dövlətinin paytaxtı Ktesifon (Mədain) şəhərinin müdafiəsində və Nəhavənd döyüşündə iştirak etmişdi. Bu döyüşlərdə 11 yara alan Cavanşir mərdliyi ilə ad qazanmışdı. Hətta ərəb tarixçiləri də onun sərkərdəlik məharətini etiraf edirdilər. 9 il qürbətdə olan Cavanşir zəngin döyüş təcrübəsi toplamışdı.
Sasani dövlətinin süquta uğradığını görən Cavanşir Vətənə qayıdır. Albaniyada Cavanşir qalib sərkərdə kimi qarşılanıb. Atası oğlunu bağrına basaraq sevincdən ağlayıb. O vaxtdan etibarən Albaniyaya rəhbərlik Cavanşirə həvalə olunub.
642-ci ildə Varaz Qriqor ölüm ayağında Cavanşiri özünə varis elan etmişdi. Albaniya taxt-tacına sahib duranda Cavanşirin cəmi 21 yaşı var idi. Gənc olmasına baxmayaraq, o, artıq tanınmış sərkərdə kimi Albaniyada və ondan çox-çox uzaqlarda kifayət qədər məşhur idi.
Cavanşirin hakimiyyətə gəlişi Albaniya taxt-tacının idarəçiliyində yeni dövlətçilik mərhələsinin başlanğıcı oldu. O, hiss edirdi ki, İran taxt-tacı artıq zəifləyib. Belə olan şəraitdə Albaniyanı vassallıqdan qurtarıb, daha çox müstəqil dövlət kursu yeritməlidir. Albaniyanın hakim dairələrinin belə mövqeyi İranın kəskin reaksiyasına səbəb oldu. Belə ki, İran bunu Cavanşirin üsyanı kimi dəyərləndirdi və Albaniya üzərinə ordu yeritdi. Cavanşir özünün yaxşı silahlanmış dəstəsi ilə iranlıların qarşısına çıxdı. O, özü düşmənin Dəyləm mənşəli başçısını vurdu. Döyüşdə İran tərəfi böyük itki verdi. Düşmən döyüşçülərinin çoxu qılıncdan keçirildi, bir qismi əsir götürüldü. Tərəflər arasında növbəti döyüş Albaniyanın dağlıq ərazilərindən birində oldu. Cavanşir bu döyüşdə də qələbə qazandı və düşməni darmadağın etdi. Döyüş meydanlarında ağır itkilər verərək məğlub olan İran qoşunlarının bir hissəsi Bərdəyə daxil olaraq, Cavanşirin anasını və qardaşlarını girov götürdü. Düşmənin bu namərd hərəkəti Cavanşiri bərk qəzəbləndirdi. Alban tarixçisi bu barədə belə yazır: "Mən həqiqəti gizlətmirəm və deyirəm: o gün Cavanşir balalarını itirmiş dişi ayı kimi çox qəzəbləndi və hiddətləndi... O, Kambeçan vilayətində və Kürün o biri sahilində yerləşən öz ata-baba mülkünə gəldi. Burada o, iranlıların qüvvələrinə laqeydlik göstərməyərək, onlarla döyüşə hazırlıq gördü və qoşunlarını üzbəüz çox düzgün yerləşdirdi".
Alban ordusu ilə İran ordusu arasında növbəti döyüş daha amansız oldu. Lakin  İran hökmranlığına qarşı mübarizə hələ bitməmişdi - Cavanşir anasını və qardaşlarını bu döyüşdə də əsirlikdən xilas edə bilməmişdi. Ona görə də alban hökmdarı qüvvələrini artırmaq və müttəfiqlərini də döyüş əməliyyatlarına cəlb etmək məqsədilə Gürcüstana getdi. Orada alban sərkərdəsini onun adına və şöhrətinə layiq bir dəbdəbə ilə qarşıladılar. Gürcü knyazı Atrnerseh Cavanşirlə görüşə gələrək onun yaralarını öz əlləri ilə sarıyıb, onun qələbələri ilə fəxr etdiyini bildirib. Bu görüş zamanı Albaniya və Gürcüstan arasında hərbi saziş imzalanır. Bundan sonra Alban sərkərdəsi gürcü qoşununun köməyi ilə Uti vilayətinə yürüş edib və orada qarşısına çıxan iranlıların hamısını qılıncdan keçirib. Daha sonra Cavanşirin qüvvələri Bərdəyə daxil olaraq oradakı İran ordu hissələrini darmadağın edərək Cavanşirin anasını və qardaşlarını əsirlikdən azad edib.
Hərbi əməliyyatlarda ağır məğlubiyyətə düçar olan İran, Albaniya ilə danışıqlara başlayıb. İran sərkərdəsi Sünikin böyük knyazı vasitəsilə Cavanşirə məktub göndərərək and içib ki, onunla ittifaq bağlamaq arzusundadır. Beləliklə, İran və Albaniya arasında sülh və dostluğa dair ittifaq imzalanıb. Bununla belə, Cavanşir İran sərkərdəsinə onu da bildirib ki, bundan sonra "hər iki tərəf öz bildiyi kimi müstəqil hökmranlıq etməlidir". Cavanşirin bu hərəkəti, əslində, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin ən erkən səhifəsi kimi dəyərləndirilməlidir. Cavanşir Albaniyanı hərbi-iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirdikdən sonra onu siyasi cəhətdən də müstəqil etmək barədə düşünməyə başlamışdı.
Sasanilərlə müharibədən başı hələ tam ayılmayan Albaniya daha sonra bütün Yaxın və Orta Şərqi lərzəyə salan Ərəb xilafətinin hücumları qarşısında dayanmaq zorunda qalmışdı. Cavanşir əvvəlcə ərəblərə tabe olmayaraq Kür çayının digər sahilinə çəkilib və yenidən özünə müttəfiq axtarmağa başlayıb. Bu məqsədlə o, Bizans imperatoru II Konstantla diplomatik əlaqələrə girib. Salnaməçinin məlumatına görə, əshabələri Cavanşirin məktubunu imperator II Konstanta oxuyanda "o, səmimi-qəlbdən sevindi və o günü böyük bir qonaqlıq verdi. Vaxt itirmədən cavab məktubu yazmağı və qarşılıqlı ittifaq haqqında müqaviləni hazırlamağı əmr etdi. O, Cavanşirə çox qiymətli hədiyyələr göndərdi. Cavanşiri birinci patrik rütbəsinə qaldırdı (xatırladaq ki, bu, Bizans imperiyasının özündə nadir hallarda verilən çox yüksək rütbə idi) və əmr etdi ki, albanlardan 1200 nəfəri patrik, konsul, eksprefekt, general və elist rütbələri vermək üçün fərmanlar göndərsinlər və bu rütbələri Cavanşir istədiyi şəxslərə paylasın".
Bizans imperatoru sadalanan qiymətli hədiyyələrlə bərabər, Cavanşirə olduqca səmimi bir məktub da göndərib. Məktubda deyilirdi: "Sənə, hökmdar Cavanşirə, Girdimanın sahibinə və Albaniya knyazına, apoiapata və proton patrikə və Şərqin hökmdarına xilaskar xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz... Biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəslə gələn oğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik".
Xilafət və Sasani orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr sərkərdə və dövlət xadimi kimi Cavanşirin hörmət və nüfuzunun sürətlə artmasına səbəb oldu. Bütün bunlar Albaniya əhalisi tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı.
Bizansla hərbi-siyasi ittifaqda olması, Albaniyanın və sərkərdə - hökmdar kimi Cavanşirin nüfuzunu daha da artırmışdı. Hər iki tərəf bu ittifaqa və dostluğa çox böyük əhəmiyyət verirdi. Tərəflər dostluq və ittifaqı daha da möhkəmləndirmək naminə əllərindən gələni edirdilər. 661-ci ilin yazında alban hökmdarının imperator II Konstantla Vaqarşapatda olan növbəti görüşü də bu məqsədə xidmət edirdi. Salnaməçinin yazdığına görə, Bizans imperatoru bu dəfə də Cavanşiri xüsusi bir hörmətlə qarşılayıb: "İmperator əmr etdi ki, bütün saray xadimləri və əyanlar onun qarşısına çıxsınlar. O, imperator kimi təntənə ilə II Konstantın sarayına daxil oldu. Cavanşiri görən kimi II Konstant onu qucaqladı və bütün əyanlarından yuxarıda oturtdu... İmperator əmr etdi ki, Cavanşirin qabağına çara layiq süfrə açsınlar, bu isə onunla həmsüfrə olanları həddindən artıq təəccübləndirdi. Bundan başqa, imperator Cavanşirin belinə öz babası İraklinin və ulu nənəsi Niketanın çar kəmərini bağladı, çiyninə öz əbasını saldı və iki bayraq bağışladı. Cavanşirin iki gənc oğlunu patrik rütbəsinə layiq gördü. O, Albaniyanın ilk çarlarına məxsus olan bütün kənd və mülklərini Cavanşirə irsən nəsildən-nəslə keçmək şərtilə bağışladı və çar kimi bütün Şərq xalqına hökmran təyin etdi".
Uzun illər ərzində dünyaya meydan oxuyan böyük bir imperiyanın başında duran bir şəxsin - imperator II Konstantın belə bir münasibəti isə Albaniya dövlətinin və onun başçısının nüfuzuna dəlalət edirdi.
Ölkədə və Vətəndən uzaqlarda hörməti və nüfuzu artdıqca Cavanşirin öz təbəələrinə sevgi və qayğısı da artırdı. Cavanşirin ölkə üçün, xalq üçün etdikləri, onun müasirlərini heyran edən insanı keyfiyyətləri barədə söz-söhbətlər az qala ildırım sürəti ilə dünyanın hər tərəfinə yayılmaqda idi.
Cavanşirin diplomatik səylərinə baxmayaraq, Albaniya ərazilərinin xilafət ordusu tərəfindən istila olunmasının qarşısını almaq mümkün olmadı. Salman ibn Rəbiənin hərbi dəstələri qısa vaxt ərzində Bərdə, Beyləqan, Uti, Şəki, Qəbələ və Şamaxını ələ keçirərək yerli hakimlərlə sülh sazişi bağladı.
O zaman Şimali Afrikadan Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti dünyanın ən güclü dövləti idi. Bunu anlayan və əbəs yerə öz adamlarının qanını axıtmaq istəməyən Cavanşir ərəblərlə danışıqlara başlamaq qərarına gəlib. Ərəb xəlifəsi Müaviyə düşmən hesab etdiyi Cavanşirin cüzi mühafizə dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə əvvəlcə buna inanmayıb. O, 633 - 642-ci illərdə ərəblərə qarşı Cavanşirin igidliklə vuruşduğunu bilirdi və ona görə də albanlarla müharibə olacağını gözləyirdi. Cavanşirin gözlənilməz hərəkəti onu çaşbaş salıb. Hər-halda, mərd insanlara daim hörmətlə yanaşan xəlifə Müaviyə Cavanşiri hörmətlə qarşılamağı əmr edib. 667-ci ildə Dəməşqdə aparılan danışıqlarda xəlifə Albaniyanın daxili müstəqilliyini tanıyıb. Bu o demək idi ki, ərəb qoşunları Albaniyaya yeridilməyəcək, Albaniyanın daxilində heç bir işə qarışmayacaqlar. Əvəzində Cavanşir hər il müəyyən məbləğdə vergi ödəyəcək. Dövlətinin müstəqilliyini qoruyub-saxlaya bilmiş Cavanşir verginin miqdarının da az olmasına razılıq alıb.
Onun şəxsi nüfuzunu və qabiliyyətini, habelə Albaniyanın strateji-coğrafi mövqeyini yüksək qiymətləndirən I Müaviyə Bizansla danışıqlarda Cavanşirin vasitəçi olmasını istəyir. Cavanşir də öz növbəsində bu danışıqları elə məharətlə aparıb ki, hər iki tərəf razı qalıb. Bu barədə "Alban tarixi" adlı əsərdə belə yazılır: "...Xəlifə Cavanşir üçün öz doğma qardaşının sarayını hazırlamağı əmr etdi, axşam yeməyinə onunla birlikdə oturdu. Sonra o, Konstantinopoldan gələn əsilzadə ərlər ilə sülh danışığı aparmağı Cavanşirə tapşırdı. Xəlifə onun dərin biliyinə heyrət edirdi. Yunan hökmdarının elçiləri də ondan çox razı idilər, çünki o, hər vəchlə xəlifənin fikrini onların xeyrinə yönəltməyə çalışırdı".
Xəlifə Cavanşiri qiymətli hədiyyələrlə mükafatlandıraraq Sünik knyazlığının idarəçiliyini ona tapşırıb. Vətəninə qayıdan Cavanşir qısa zaman ərzində ölkənin həyatını normallaşdırmağa nail olub. Albaniya iqtisadi baxımdan çox inkişaf edib. Onun paytaxtı Bərdə bütün Şərqdə iri ticarət mərkəzi kimi tanınmağa başlayıb. Burada şərq və qərbdən, şimal və cənubdan gələn yollar kəsişirdi.
Alban hökmdarı ölkədə və onun hüdudlarından çox-çox uzaqlarda böyük hörmət və nüfuz sahibi kimi məşhurlaşmışdı. Cavanşir öz ölkəsini ədalətlə idarə edir, xalqın güzəranının yaxşılaşması qayğısına qalırdı. Öz dövlətinin paytaxtını abadlaşdırır, gözəl saraylar inşa etdirirdi. Məhz bu qayğının nəticəsi olaraq Bərdə şəhəri qısa bir zamanda, mənbələrdə deyildiyi kimi, Arranın baş şəhərinə çevrilib. Cavanşir müdrik adamları - alim və şairləri öz sarayına toplayıb onları himayə edib.  Tədqiqatlar göstərir ki, Cavanşirin hakimiyyəti dövründə dövlətin nəinki maddi mədəniyyəti, həm də mənəvi mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatıb. Məhz Cavanşirin hakimiyyəti illərində və çox güman ki, bilavasitə onun tapşırığı ilə M.Kalankatuklu tərəfindən "Albaniya tarixi" əsəri yazılıb. Girdiman qalasında Cavanşirin şəxsi təşəbbüsü ilə zəmanəsinin ən təmtəraqlı məbədlərindən biri ucaldılıb və s.
Cavanşirin müsəlman hökmdarı ilə yaxınlaşması, Albaniya ilə Ərəb xilafəti arasında münasibətlərin yaxşılaşması xristian mənşəli feodalların xoşuna gəlmir. O, 681-ci ildə sui-qəsd nəticəsində öldürülür.
On üç əsrdən çox bir müddətdir ki, Cavanşirin hünəri və xidmətləri xalqın yaddaşında yaşamaqdadır. İsmayıllı rayonu ərazisində VII əsrin yadigarı olan Cavanşir qalası, alban hökmdarlarının yay iqamətgahı kimi tanınan Girdiman qalası, Cavanşirin təşəbbüsü ilə orada tikilmiş müqəddəs Allah evi, onun şəxsi feodal mülklərindən hesab edilən Ağsu rayonu ərazisindəki Cavanşir kəndi (ötən əsrin 50-ci illərində həmin kənd köçürülərək yerində su anbarı tikilib), Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisindəki bir sıra qədim toponimlər də qüdrətli alban hökmdarının adının və xidmətlərinin bu günə qədər yaşadığından və xalq tərəfindən unudulmadığından xəbər verir.
Cavanşirin adı nəsillərdən-nəsillərə keçərək müstəqillik, müdriklik, qəhrəmanlıq və mərdlik rəmzi kimi əbədi yaşayır və yaşayacaqdır.

Hazırladı:

Günay TAĞIYEVA,   

"Azərbaycan Ordusu"