Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2024 16:20

Döyüş postlarımız alınmaz qalalardır

...Kənddən çıxıb üzü dağlara yön alırıq. Qarşımızdakı yüksəklik hündür olmasa da, aşağıdan çox sərt görünən yamaclı yüksəkliyə doğru uzanan dolanbac yolla avtomobilimiz ağır-ağır irəliləyir. Ətraf yaşıllıq və gül-çiçəkdir. Üz tutduğumuz mənzil on illərlə əsgərlərin durduqları mövqelərdir. İkinci Qarabağ müharibəsindən sonra 30 ilə yaxın sürən torpaqlarımızın işğalı sona yetdi. İkinci Qarabağ müharibəsindən sonra dünya ölkələrinin tanıdığı ölkəmizin ərazi bütövlüyü bundan sonra da mətinliklə qorunacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, əminik ki, Azərbaycan torpağına yad ayağı dəyməyəcək.
Yüksəklik boyu döyüş postlarımız sıralanıb. Burada xidmət edən əsgərlər döyüş növbəsində hər an ayıqdırlar. İlk dəfə mövqelərin qurulduğu dövrün hələ Birinci Qarabağ müharibəsinin başladığı illərə təsadüf etdiyini deyən mayor Nemət Vəliyev bir neçə ildir ki, xidmətini burada davam etdirir. O, tez-tez postlara baş çəkdiyini dedi. "Düşmənlə üz-üzə xidmət etməyin özünəməxsus çətinlikləri var. Postda durarkən əsgərdən ayıq-sayıqlıq tələb olunur. Çünki bir az diqqətsizlik yaransa, düşmən mövqeyimizə soxula bilər. Düşmənin bu cür cəhdləri çox olub. Gecə, yaxud dumanlı hava şəraitində daha fəal olmağa cəhd göstərir. Gündüz vaxtı da bəzən ara-sıra postlarımıza atəş açırlar. Cavab tədbirlərindən sonra düşmən susur".
Düşmənlə üzbəüz, əraziyə uyğun maskalanmış mövqelərin hər biri alınmaz bir qaladır. Bu qalaları qoruyub saxlayanlar Birinci Qarabağ müharibəsindən bu günə kimi burada xidmət edən Vətənimizin məğrur oğulları olublar. Bu illər ərzində torpaqlarımız həm müdafiə olundu, həm də illərlə işğalda qalmış ərazilərimiz azad edildi. Ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığını daim yüksəldən və buna məsul şəxslər bu gün də üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.  
Zabit Vəli Allahverdiyev bölmənin dayaq məntəqəsində müntəzəm döyüş növbətçiliyini təşkil edir. Öndə dayanan düşməni nəzarətsiz qoymur. Əsgərlərə ərazinin daim müşahidə altında saxlanması barədə göstəriş verir.
Biz artıq mövqedəyik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əfəndi Qasımov on ildən artıqdır ki, hərbi xidmətdədir. O, Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarının fəal iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən döyüşlərdə göstərdiyi igidliyə görə "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Əfəndi bu gün də dağlar qoynunda üzərinə düşən Vətən borcunu şərəflə yerinə yetirir. Burada döyüş növbətçiliyini ayıq-sayıq təşkil etməklə mövqelərimizi düşməndən qorunmasında səylə iştirak edir.
Burada olan əsgərlərin hər biri ölkəmizin müxtəlif bölgələrindəndir. Komandirlərin daim diqqət və qayğısı nəticəsində hamı mehribandır. Əsgər Orxan Abdullayev dedi ki, bir ildən artıqdır hərbi xidmətdəyəm. “Masallı rayonunun Böyük Kolatan kəndindənəm. Əsgər yoldaşlarımdan Polad Primov Zaqatala rayonunun Suvagil kəndindən, Nahid Məmişzadə Laçından olsa da, Bərdə rayonunun Qarakeçdi kəndində valideynləri ilə məskunlaşıb. Əsgər Elşən Abbasov Tərtərdən, Ziya Vəliyev Cəlilabaddan, Vüsal Əlili Lerikdəndir. Bizim xidmət etməyimizin başlıca məqsədi doğma yurdumuzu düşməndən qorumaqdır. Hər birimiz istər döyüş növbətçiliyi zamanı, istərsə də ayıq vaxtı səngərləri dolanıb atəş sektorlarını döyüş aparmaq üçün əlverişli vəziyyətə gətiririk”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şamil Nəbiyev Tovuz rayonundandır. Müddətli həqiqi hərbi xidmət dövrü Naxçıvanda olub. Tovuz döyüşlərinin iştirakçısı olduğunu deyən Şamil 44 günlük Vətən müharibəsi zamanı Ermənistanla şərti sərhəddə dayanıblar. Düşmənin həmin istiqamətdə hücumunun qarşısını almaq üçün gecə-gündüz ayıq olublar.
- Ordumuzun gücündən, qüdrətindən çox razıyıq. Torpaqlarımız düşmən işğalında qalanda özümüzü narahat hiss edirdik. İndi isə başımızı dik tutub gəzirik. Bu zəfəri, bu qələbəni bizə bəxş edən ordumuzdur. Mən də ordumuzun bir mənsubu olduğumdan qürur duyuram. Güclü, qüdrətli ordunun əsgəri olmaq böyük xoşbəxtlikdir, - Şamil dedi.
Əsgərlər tez-tez mövqelərə baxış keçirməklə əsas və ehtiyat atəş sektoruna baş çəkirlər. Düşmənin hansı istiqamətdən mövqelərə hücum etmək cəhdi olarsa, döyüşçülər silah, əsas və ehtiyat sursatları, dəbilqə, gödəkcələr götürərək ən qısa zamanda həmin istiqamətdə mövqe tutaraq düşməni məhv etməyə qərarlıdırlar. Biz postda olarkən belə bir halın şahidi olduq. Əsgərlər həyəcanla öz atəş sektorlarında mövqeləndilər. Onlar həm zamana, həm də komandanın düzgün yerinə yetirilməsinə ciddi riayət etməyi bacardılar.
Əsgərlər arasında ucaboy, fiziki cəhətdən möhkəm bir əsgər diqqətimi çəkdi. İlkin Qurbanov olduğunu söylədilər. Azərbaycan Turizm və Menecment Universitetini bitirib. Tərtər rayonunun İrəvanlı kəndindən olan əsgər deyir ki, kiçik yaşlarından güllə səsləri eşidib. Döyüşün, səngərin nə olduğunu hələ uşaqkən dərk edib. Ona görə də burada xidmət etməyin nə qədər məsuliyyətli və qürurverici olduğunu yaxşı bilir. Döyüşçü yoldaşlarına da çətin və ağır keçən uşaqlıq illərindən danışıb. "Qarabağ müharibəsi xalqımıza nə qədər zərbələr vurduğunu yaxşı bilirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirdiyimiz uğurlu əks-hücum, "Qisas", antiterror və başqa bu kimi əməliyyatlar bizi doğma torpaqlarımıza qovuşdurdu".
Hazırda döyüş mövqelərində bir an belə sayıqlığını itirməyən əsgərlərlə həmsöhbət olub, onların hərbi xidmətlə bağlı fikirlərini dinləmək bizim üçün xoş oldu.
Beləcə, daha bir döyüş postumuzdan, Vətənimizin məğrur əsgərlərindən ayrılmaq zamanı çatdı. Onlara gələcək xidmətlərində uğurlar arzulayıb, ayrıldıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"