Tarix boyu əsgərlər Vətənin, xalqın müdafiəsində əsas rol oynayıblar. Bu o anlama gəlir ki, hərbi qulluqçu sadəcə hərbi geyimli şəxs deyil, cəsarət, fədakarlıq və andına sadiqlik rəmzidir. Onların həyat hekayələri igidlik və möhkəmlik, eləcə də həm müharibə, həm də sülh dövrlərində qarşılaşdıqları gündəlik çətinliklərlə doludur. Hərbçi peşəsini seçmək, bu yolda mətin addımlarla irəliləmək uşaqlıqda yaranan arzuların gerçəkləşməsi deməkdir. Kiçik yaşlarından hərbi mundiri geyinmək arzusunu bəsləyən daha bir hərbi qulluqçumuz da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nail Nağıyevdir.
Bakı Kompüter Kollecini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Nail, komandirlərinə bildirir ki, xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmək istəyir. Bu qərarın həyatında böyük mahiyyət daşıdığını qeyd edən Nail, "Hərbi həyat insanın xarakterini və dünyagörüşünü formalaşdıran bir təcrübədir, məktəbdir", söhbətə başladı.
- Xidmət dövründə aşılanan hərbi intizam, məsuliyyət, fədakarlıq və liderlik qabiliyyəti insana həyatın hər dönəmində yardımçı olur. Günün nizam qaydalarına uyğun olaraq qurulan ciddi xidmət rejimi, fiziki hazırlığa üstünlük və qarşıya qoyulan müxtəlif tapşırıqlar isə həm fiziki, həm də psixoloji olaraq insanı daha möhkəm, daha sağlam edir. Kiməsə hərb peşəsi çətin gələ bilər, lakin olduqca şərəfli və qürurverici peşə olduğunu da vurğulamalıyam.
Bundan əlavə, ordu sıralarında xidmət hər bir fərd üçün unikal imkanlar da yaradır. Burada insan komandada fəaliyyət göstərməyi, özünü lider kimi nümayiş etdirməyi, istənilən vəziyyətdə düzgün qərarlar qəbul etməyi öyrənir. Hərbi həyatın formalaşdırdığı dostluq isə ömrün sonunadək sürdüyünü hər birimiz gözəl bilirik. Bu haqda neçə kitab yazılıb, neçə mahnı bəstələnib.
Bir sözlə, qeyd etmək istəyərdim ki, hərbi xidmət zamanı hərbi qulluqçunun yiyələndiyi bilik və vərdişlər ona mülki həyatda da çox faydalı olur.
Öyrəndik ki, kiçik çavuş Nail Nağıyev hərbi xidməti ilə yanaşı həm də 2011-ci ildən futbol hakimi olaraq da fəaliyyət göstərir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və beynəlxalq dərəcəli FİFA referisidir. 2015-ci ildə Türkiyədə keçirilən FİFA seminarı, 2017-ci ildə İsçveçrədə keçirilən UEFA-nın Hakimlik Mükəmməlliyi Mərkəzi (CORE) kursları və digər beynəlxalq tədbirlərin iştirakçısıdır. Hal-hazırda böyük futbol və çimərlik futbolu üzrə oyunlarda baş hakim kimi iştirak edir.
Onu da qeyd edək ki, Nail baş hakim olaraq ölkəmizin Premyer Liqa, 1-ci Divizion və kubok oyunlarında iştirak etməklə yanaşı, Avro Çimərlik Futbol Liqasının (Euro Beach Soccer League Georgia 2024) qrup və final qarşılaşmalarında iş başında olub. Bu ilin may ayında keçirilən Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan minifutbol turniri oyunlarını məhz kiçik çavuş Nail Nağıyev idarə edib.
Nail, hərbi xidmət ilə futbol hakimliyinin oxşar cəhətləri olduğunu qeyd edərək: "Hər iki peşə yüksək dərəcədə həyəcan doludur. Həm hərbçi olaraq, həm də referi olaraq hər kəsin səndən gözlədiyi xüsusiyyətlər var. İntizamlı olmalı, xırda detallara diqqət yetirməli və hər zaman düzgün qərar verməlisən. Bu bacarıqlara sahib olduğun zaman hər işin öhdəsindən müvəffəqiyyətlə gəlmək mümkündür.
Hərbi xidmət mənə məsuliyyətli olmağı, özünəinamlı olmağı, komandada işləməyi öyrədir. Bu bacarıqlar hər oyun situasiyalarının sürətli təhlili və ədalətli qərarlar tələb etdiyi futbol meydançasında çox faydalıdır. Öz növbəsində hakimlik mənə obyektivliyi və qərəzsizliyi - hərbi xidmətdə də vacib olan keyfiyyətləri inkişaf etdirməyə kömək edir.
Hərbi xidməti futbol hakimi işi ilə birləşdirmək prosesində aldığım dəstəyə və anlayışa görə rəhbərliyə səmimi təşəkkürümü bildirirəm. Göstərilən diqqət və qayğı hər iki sahədə uğurla inkişaf etməyə imkan yaranır", - dedi.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"