Döyüş hazırlığının ayrılmaz hissəsi olan sıra hazırlığının şəxsi heyətin intizamlı olmasında müstəsna rolu vardır. Yüksək intizamı olan bölmə isə qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir.
"N" hərbi hissəsində hərbi qulluqçuların sıra hazırlığı məşğələsində sıra vərdişlərini təkmilləşdirmələrinin şahidi olduq. Baş leytenant Ömər Əhmədovun nəzarəti altında əsgərlər müəyyən komandaları yerinə yetirirdilər. Zabitin kifayət qədər bacarıqlı və savadlı, seçdiyi peşəyə ürəkdən bağlı olduğu məşğələnin gedişatını izlədikcə hiss olunurdu. Müşahidələr də onu göstərdi ki, məşğələlər səmərəli keçir. Mövcud əyani vasitələrdən, tədris imkanlarından yetərincə bəhrələnən məşğələ rəhbəri dərs prosesində əsgərlərə hərbi bilikləri hərtərəfli öyrətməyə çalışırdı. Əsas məqsəd şəxsi heyətə döyüş vərdişlərini aşılamaq və ruh yüksəkliyi yaratmaqdır. Məşğələ bitdikdən sonra taqım komandiri ilə həmsöhbət olmaq imkanı qazandıq.
Sıra hazırlığının əhəmiyyətindən danışan zabit bildirdi ki, keçirilən dərslər əsgərlərimizə səliqəli və intizamlı olmağı aşılayır. "Təsdiq olunan məşğələ cədvəlinə uyğun olaraq hərbi qulluqçulara sıra hazırlığından məşğələlər keçirilir. Məşğələlərdə fəallıq göstərən əsgərlərimiz bilirlər ki, intizam sıradan başlayır. Ən əsası isə intizamlı ordu mütləq qələbə qazanır. 44 günlük Vətən müharibəsində olduğu kimi..."
Əsgər Yusir Qarazadə bildirdi ki, Vətənin əsgəri olmaq şərəflidir. "Biz qalib ordunun əsgəriyik. Döyüş hazırlığımızı yüksək səviyyədə saxlamaq üçün daim üzərimizdə çalışırıq. Xalqımızın hərbçilərə olan etimadı Vətən müharibəsində doğruldu. Bundan sonra da biz ərazi bütövlüyümüzün qorunmasında əlimizdən gələni əsirgəməyəcəyik".
İşğaldan azad olunan torpaqlarımızdan danışan əsgər Cahangir Novruzov bildirdi ki, Qarabağ füsunkar təbiətə malikdir. "Bir vaxtlar işğalda olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq azaddır. İndi orada yenidənqurma işləri aparılır. Artıq soydaşlarımız dədə-baba yurdlarına yenidən dönürlər. Biz də çalışmalıyıq ki, ordumuzun döyüş qabiliyyətini yüksək səviyyədə saxlayaq. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik. Qalib ordunun əsgəri olaraq hər an torpaqlarımızı düşməndən qorumağa hazırıq".
"Xidmətə gəldiyimiz ilk gündən komandirlərin diqqəti və qayğısı ilə əhatə olunmuşuq”, - deyən və məişət şəraitindən söz açan əsgər Azər Mikayılov bildirdi ki, müasir standartlara cavab verən yataqxanamız, yeməkxanamız və sanitar-qovşaq bizim istifadəmizdədir. Valideynlərimiz əsgərlər üçün yaradılan şəraiti görəndə çox sevindilər. Çünki heç nəyə ehtiyacımız yoxdur.
Valideynlərimiz yaradılan şəraitə görə Müzəffər Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.
Ordu sıralarında xidmət edən, peşəsini sevən komandirlərimiz vətənpərvər gənclərimizlə söhbət etdikdən sonra bir daha əmin olduq ki, torpaqlarımızın müdafiəsi əmin əllərdədir.
Elvin VƏTƏNDUST
"Azərbaycan Ordusu"