44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Döyüşlərdə hər bir hərbi qulluqçu bu tarixi öz canı, qanı bahasına yazdı. Müharibədə hər kəs öz üzərinə düşəni layiqincə yerinə yetirdi. Tankçılar, topçular, motoatıcılar düşmən üzərinə od-alov ələdilər, helikopterlər, təyyarələr də səmadan düşmənə göz açmağa imkan vermədi. Qazanılan bu zəfər heç vaxt unudulmayacaq, gələcək nəsillərə ötürüləcək. Qəhrəmanlıq salnamələri yazılacaq, hərbçilərimizin keçdikləri döyüş yolları dərsliklərdə gənc nəsillərə nümunə göstəriləcək.
"N" hərbi hissəsində Vətən müharibəsi zamanı işğaldakı torpaqlarımızın səmalarında uçaraq düşmənə saysız-hesabsız zərbələr endirən hərbi təyyarəçilərimizin davamçıları olan gənc pilotlarımızla tanış olduq. Dəmir qanadlı şahinlərimiz bizləri maraqlandıran sualları cavablandırdılar.
Zabit V.Mərdanlı 2001-ci ildə Kürdəmir rayonunda anadan olub, məsuliyyətli hərbçilərdəndir. Hələ Kürdəmir rayonunun Dəyirmanlı kənd orta məktəbində təhsil aldığı zaman təyyarəçi olmaq qərarını verib. İlk dəfə hərbi formanı 2015-ci ildə geyinib. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib. 2022-ci ildən zabit kimi ordu sıralarında xidmətə başlayıb.
“İlk uçuşu necə xatırlayırsan?” sualına "İlk sərbəst uçuş hər bir təyyarəçinin yaddaşına həkk olunan bir hadisədir" deyə zabit söhbətə başladı. "Heç vaxt unuda bilmərəm. Həmin hissi sözlərlə ifadə etmək mümkün deyil. Təyyarəni havaya qaldırdıqda artıq bütün məsuliyyətin səndə olduğunu anlayırsan. Çünki təyyarənin havaya qaldırılmasında, idarə edilməsində, rahat şəkildə yerə endirilməsində artıq birbaşa cavabdeh şəxs sənsən. Bu çox məsuliyyətli bir işdir. Bu səbəbdən bizə olan etimadı doğrultmaq üçün daim öz üzərimizdə çalışırıq. Seçdiyimiz şərəfli və çətin yolda əsl hərbçi-təyyarəçi olmağın sirlərini bizə öyrədən təlimatçılarımıza, komandirlərimizə minnətdarıq", - deyə zabit bildirdi.
Yardımlı rayonunun Çayüzü kəndində anadan olan zabit K.Nəsirli 2018-2022-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Zabit K.Nəsirli Hərbi Hava Qüvvələrinin Azərbaycan Ordusundakı fəaliyyətindən danışdı: "Mütəxəssislərimizdən bu ixtisasın incəliklərini öyrənmişik və bu gün də öyrənməyə davam edirik. Azərbaycan Ordusu, həqiqətən də, güclü ordudur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordumuz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilib. Müzəffər Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğısı nəticəsində bu gün regionun ən güclüsüyük. Ordumuzu güclü edən təkcə arsenalımızda olan müasir silah və texnikalar deyil, şəxsi heyətin Vətənə olan sevgisidir.
Gənc zabit kimi mən də xidmətə başladığım ilk gündən rəhbərliyin diqqət və qayğısını öz üzərimdə hiss etmişəm. Xidmətimiz dostluq, qardaşlıq və nizamnamə çərçivəsində təşkil olunub. Təcrübəli komandirlərimiz, zabitlərimiz daim öz bilik və bacarıqlarını mənimlə bölüşüb, uçuşun, yaxşı pilot olmağın sirlərini öyrədiblər. Gənc yaşda qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməyi təlimatçılarıma borcluyam. Onların öyrətdikləri incəliklər sayəsində uçuşları rahatlıqla həyata keçirə bilirəm".
Şirvan şəhərində anadan olan zabit Ş.Əhmədov 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. İllər sonra işğaldan azad olunmuş doğma Qarabağımızın səmalarında uçmaqdan qürurlandığını deyən zabit söhbətinə davam etdi. "Bu gün ordumuz ölkəmizin təhlükəsizliyini və suverenliyini qorumaq üçün ən müasir texnologiyalar ilə təchiz olunub, peşəkar kadrlarla komplektləşdirilib. Azərbaycan Hərbi Hava Qüvələrinin mənsubları ölkəmizin hava məkanını müdafiə etmək üçün böyük bir məsuliyyət daşıyır və bu məsuliyyətin fərqində olaraq böyük səylə çalışırlar. Vətən müharibəsində əldə etdiyimiz qələbə xalqımızın iradəsinin və birliyinin simvolu oldu. Hərbi aviasiyamız bu müharibədə strateji üstünlük qazanmaq üçün həlledici bir rol oynadı. Təyyarələrimiz, pilotsuz uçuş aparatlarımız və helikopterlərimiz düşmənin hərbi infrastrukturuna və texnikasına sarsıdıcı zərbələr endirərək qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Vətən müharibəsi zamanı ordumuzun digər mənsubları kimi, Hərbi Hava Qüvvələrinin də göstərdiyi şücaət və fədakarlıqlar tarixə qızıl hərflərlə yazıldı. Bir hərbçi olaraq bu gün doğma Qarabağımızın səmalarında uçuşlar yerinə yetirmək, həqiqətən, qürurverici hissdir. Biz hər zaman Vətənimizin müdafiəsinə hazırıq, ölkəmizin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik".
Təbiidir ki, hərbi aviasiya dedikdə səhnəarxası olan texniki heyəti də unutmamalıyıq. Bunun üçün də hərbçi aviasiyamızın səmada təhlükəsizliyinin qarantı olan mühəndis heyətindən hərbi qulluqçu V.Əhmədovla həmsöhbət olduq. V.Əhmədov dedi: "Aviasiyada uçuş pilot tərəfindən icra olunsa da, əslində, təyyarənin səmaya qalxmasından tutmuş enməsinə qədər təhlükəsizliyin təmin edilməsində xeyli sayda insanın rolu vardır. Belə ki, uçuş prosesi komanda işidir. Onların hər biri öz vəzifəsinə uyğun olaraq fəaliyyəti təşkil edir, döyüş maşınlarını növbəti təhlükəsiz uçuşa hazırlayırlar. Təhlükəsizliyin təmini üçün də hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyə borcludur. Burada ən xırda səhvə belə yer yoxdur. Bunun üçün də texnik və mühəndis heyətinin peşəkarlığı, əzmkarlığı sayəsində Hərbi Hava Qüvvələrində yüksək nəticəli uçuşlar həyata keçirilir".
Söhbətimiz başa çatdıqdan sonra gənc pilotlarımıza xidmətlərində uğurlar arzulayıb ayrıldıq.
Oruc MUSTAFAYEV,
fotolar Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"