Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2024 12:46

“Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları” kitabının təqdimat mərasimi keçirildi

Strateji Kommunikasiyalar Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən həyata keçirilən layihə nəticəsində ərsəyə gələn "Zəngəzurun tarixi arxiv sənədlərinin fonunda etnoqrafik və geosiyasi reallıqları" (Historical and ethnographic panorama of Zangezur on the archive documents background) kitabının və Zəngəzurun tarixi haqqında videoçarxın təqdimat mərasimi keçirildi.
Tədbirdə nüfuzlu alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Təqdimat mərasimində kitabın müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova Zəngəzurun tarixi və etnoqrafik mənzərəsinin ingilis dilində işıqlandırılmasının əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilmiş arxiv sənədləri əsasında işıqlandırılan faktlar Qərb siyasi və akademik dairələr üçün təkzibolunmaz elmi baza mənbəyidir. "Kitabda çox sayda unikal faktlar yer alıb. Onlardan öncülü Zəngəzurun ilkin inzibati dəyişikliklərinin göstərilməsi, türk mənşəli tayfaların, minbaşılıqların təsviri, köçürülmüş ermənilərin azərbaycanlılara qarşı əsassız məhkəmə iddiaları, Comərdli kəndi və Sisian mahalı haqqında maraqlı məlumatlar, 1832 və 1873-cü illərdə ermənilərin Zəngəzura köçürülməsi barədə müfəssəl cədvəldir. Əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarım köçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Burada məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub".
Müəllif çıxışında maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə, kitabın hazırlanmasında əməyi olan redaktor-məsləhətçisi, arxiv işinin bilicisi Rəzzaq Xansuvarova və tərcüməçi Məmməd Nəcəfzadəyə təşəkkürünü bildirdi.
Təqdimat mərasimində  tarix elminin öncül alimləri Firdovsiyyə Əhmədova, Cəbi Bəhramov, görkəmli jurnalist, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov, tədqiqatçılar Əli Abdullayev, Bəxtiyar Həsənov, vətəndaş cəmiyyətinin fəalları Rauf Zeyni, Bahar Qasımova, İradə Rizazadə Şərqi Zəngəzur İqtisadi Zonasının yaradılmasının müstəsna əhəmiyyətini, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli, dədə-baba torpaqlarımıza, Zəngəzura qayıdışa ümidləri artırdığını bir daha diqqətə çatdıraraq, mövzunun aktuallğı, tarixi sənədlərin araşdırılmasının və ingilis dilində işıqlandırılmasının vacibliyi, kitabın xarici ölkələrdə yayılmasının əhəmiyyəti haqqında geniş danışdılar.
Sonda videoçarx nümayiş olundu.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"