Vətən müharibəsindən əvvəl ön xətdə, səngərlərdə əsgərlərlə günün nizam qaydalarına mane olmamaqla, müxtəlif vaxtlarda söhbətləşmişik. Döyüş növbətçiliyndən qayıdanlarla da, az sonra döyüş növbətçiliyinə gedəcək əsgərlərlə də söhbətlərimiz "Necəsiniz?"lə başlayardı, ancaq bitməzdi. Hər dəfə növbəti görüşə vədələşərdik. Onda döyüşlərdən, işğalın sonlandırılacağından danışardıq, növbəti görüşümüzdə qazanılacaq Qələbədən danışacağımıza əminliklə sağollaşardıq.
Gün yaxa-yaxda da, gecələr hərdən görünən, hərdən buludların daldasına çəkilən Ayın, gah tənhalaşan, gah bir-birinə yaxınlaşan ulduzların o qədər də gur olmayan işığında da əsgərlər qətiyyətlə "Səngərləri sərhədlərə köçürəcəyik!" deyirdilər. Onda bu qüdrət kəlmələrin gecənin içindən keçib haracan gedəcəyi haqqında zərrəcə düşünmürdük. Bilirdik ki, duru niyyətlər müqəddəslik mərtəbəsinəcən çatır.
Əsgərlərdən biri Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş babasının bir döyüş təəssüratını xatırlamışdı:
- Döyüşə hazır idik. Niyəsə, döyüş əmri verilmirdi. Gecə uzandıqca uzanırdı. Yaz gecəsinin həlimliyində ləng ötüşən vaxta görə gileylənirdik. Dan yeri söküləndə hazırlıq əmri verildi, səhər açılar-açılmaz - hücum. O səhər gözəl səhər idi. O səhər bizə qələbə vəd edən səhər idi. Əsgərlərin qarşı yaxaya yönələn baxışları bir-birinə sarılmışdı. Bu vəhdətdə güc görmüşdük, qüdrət görmüşdük. Doğma baxışların diləyini başa düşmək çətin deyildi: Açılan səhərimiz gözəl səhər olsun! Gözəl istək idi, bu gözəl istəyi dan yeri sökülən səhərə niyyət duası bilmişdik...
2020-ci ilin 27 sentyabrında hücuma keçən düşmənə atılan güllələr, mərmilər hücumu dayandırmaq istəyinin güllələriydi. 28 sentyabr səhəri atılan güllələr, mərmilər işğalı sonlandırmaq üçün başlayan Vətən müharibəsinin güllələriydi, mərmiləriydi; niyyətlərin səhəriydi 28 sentyabr səhəri, döyüş əzminin, qələbə ruhunun səhəriydi, şəhidlərin ruhunun harayına boy göstərən səhəriydi, qorxuya, səksəkəyə dönüb düşmənin canına daraşası qüdrətin səhəriydi, "Bir ovuc torpaq da Vətəndi!", "Dövlət sərhədlərimizin bu üzündə səngər olmayacaq!", "Şuşaya aparan yollar görünür!" deyənlərin səhəriydi...
İşğaldan azad edilmiş ərazidə əsgərlərin əhatəsindəydim. Əsgərlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elşad Səlimovun döyüş təəssüratlarını neçə dəfə eşidiblər. Bizimlə nəfəs-nəfəsə eşitmək də onlara xoş gəlirdi. Dinləyirdilər, həsəd apardıqları aydınlığıyla hiss olunurdu. Müqəddəs döyüşlərdə mahiyyətli söhbət indi də könül xoşluğu gətirirdi.
1992-ci ilin 31 dekabr gecəsi Tərtərdə Pənahla, Fəğanla düşmənin "beş-on addımlığında" postda dayanan əsgərlərlə könül söhbəti edirdik. "Gecənin içindən keçib ermənilərin postunu darmadağın edərik. Səhərə yaxın - dayaq məntəqələrini. Yəni, bir gecədə bir döyüşlük yolu yarılayarıq. Döyüş əmri olsa, gecəni gündüz bilib döyüşərik, döyüş əmri olsa, səhərimiz qələbəylə açılar...", - əsgərlərdən biri belə demişdi. Göy üzünə baxmışdıq, sonra qarşı tərəfə. Qarşı tərəfdə üzücü səssizlik vardı. Mənə elə gəlmişdi ki, burada xırdaca bir tərpəniş olsa, orada kimsə qalmayacaq; düşmənin səksəkəylə xidmət edən əsgərləri gecələrin səhərini səksəkəylə açırdılar. O əsgərlər Vətən müharibəsində xidmət edənlərin atalarına belə gecələrin necə uzandığını, necə keçdiyini, belə gecələrin səhərlərinin necə açıldığını danışıblar. Bunları eşidənlər, düşüncələrinə hopduranlar əsgər olanda ön xətdə xidmət edirdisə, günlərinin aya döndüyünə, aylarının il qədər uzandığına zərrəcə şübhəm yoxdu.
2020-ci il sentyabrın 27-də hücuma keçəndə də, Azərbaycan Ordusunun bölmələrinin ciddi müqaviməti ilə üzləşəndə də, az sonra gücündən çəkindiyi ordu əks-hücuma keçəndə də düşmənin əsgərlərinin, zabitlərinin barmağı tətik sıxanda titrəyib. Belə titrəyişlər onun müdafiəolunma instiktini, hərbi bacarığını üyüşdürüb. Geri çəkilə-çəkilə döyüşüb (döyüşməsə ölüm qorxusu yaşayıb). Azərbaycan Ordusu qətiyyətli hücumla düşmənin müdafiə sədlərini darmadağın etdi. İlkin qələbələr düşmənin əsgərlərinin olan-qalan müdafiəolunma istəyini əzirdi. Düşmənin özü də etiraf edirdi ki, əsəgərləri bəzən döyüşdən yayınır. Bu yayınma döyüşdən imtina səviyyəsində yayınma idi.
Səhərin açılması məfhumu mənə ötən il döyüşçülərdən eşitdiyim bir döyüşü xatırlatdı:
Şükürbəylinin yaxınlığındaydılar. Səhərin açılmasını gözləyirdilər.
Kapitan Orxan Qədirovun rəhbərlik etdiyi bölmə böyürtkən kollarının arxasındaydı. Bu, döyüşçülərin hərəkətini bir qədər məhdudlaşdırırdı. Orxan rabitə ilə sol cinahda olan Sirac Siracovun xidmət etdiyi manqaya bildirdi ki, atəşi öz üzərinizə çəkin, biz manevr etməyə məcburuq. Belə də etdilər. Orxangilin bölməsi manevr etdiyi anlarda düşmən snayperi Rahili vurdu. Orxan bunu duyunca özünü yaralı döyüşçüyə yetirdi. Ülfət Qasımov ordaydı. Rahilə ilk tibbi yardım göstərirdi. Dövran yaralını kürəyində döyüşün içindən çıxartdı. Kolluqdan çıxdıqları anda düşmən snayperi Dövranı sinəsindən vurdu. Dövran döyüşçü yoldaşını təhlükəsiz yerə çatana kimi kürəyindən yerə qoymadı. Ora çatanda yıxıldı...
Düşmən bütün silahlarından atəş açırdı. Tank əleyhinə reaktiv qumbaraatandan da. Ramiq Dövranın köməyinə tələsdi. Mövqedən çıxdığı anda ayağına güllə dəydi...
Orxanın əmri ilə birinci manqa mövqedə qalıb döyüşü davam etdirməli, digər manqa yaralıları təxliyə etməliydi. Ziyagil manqa ilə sağdan, Orxangil qarşıdan, Siracgil soldan yaxın məsafədən atışırdılar. Snayperlər yüksəklikdə döyüşçülərimizin mühafizəsinə cəlb olunmuşdu. Sirac da, Zakir də yaralanmışdılar. Vüsal onlara ilk tibbi yardım göstərirdi. Düşmən döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu sarsıda bilməzdi. Döyüşü az sayda döyüşçüylə davam etdirdilər - üç yaralı, yaralıları təxliyə edənlər döyüşə bilmirdilər. Qarşı tərəfə atılan güllələr sanki bir mətləbin carçısıydı: Mərə yağı, sən Azərbaycan əsgərinin qüdrəti qarşısında diz çökəcəksən!
Tab gətirə bilməyən düşmən qaçdı...
Gözəl bir səhər açıldı...
Belə səhərlər Azərbaycan əsgərinin döyüş əzmini də kükrədirdi, qələbə ruhunu da. Belə səhərlərin xoş ovqatı məmləkətə ən gözəl səhər vəd edirdi. O səhəri Azərbaycan əsgəri yetirəcəkdi. Onda hamımız döyüşçülərə ünvanlanan bir alqış eşidəcəkdik: Surunuz yerisin! Bu alqış Dədə Qorqudun alqışı olacaqdı. Bu alqış əsrlərdi dövlətçilik yolunda, torpaq yolunda möhtəşəm Zəfər qazananlara ünvanlanır.
Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarix yazdı. Onda bir məqalə yazmışdım: "Yazdığınız tarixin işığında yazıram, Azərbaycan əsgəri!". O işıq açılan səhərin işığıydı. O işıq noyabrın 9-u səhərinin işığıydı...
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. 9 noyabr səhəri dünyanı heyrətə gətirdi - milli-xəlqi ruhun qüdrəti ilə, möcüzəsiz möcüzəsiylə, azərbaycançılığın dönməzliyiylə, vətənpərvərliyin nəhayətsizliyiylə. Bizə ən gözəl olan səhər dünyaya heyrət səhəri oldu; bəşəri dövlətlər 9 noyabr səhərinə dünyəviliyə doğan səhər dedilər...
Ruhumuzun şəhərini işğaldan Azərbaycan əsgəri qurtardı. Sonralar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyəcəkdi: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Bu kəlmələr ən gözəl səhərin nurunda könlümüzü incə-incə telləndirir.
Zəfər - səhər qafiyəsinin könüləyatımlığı ən gözəl səhərin ecazkarlığındadı...
İşğaldan azad edilmiş ərazidə əsgərlərlə söhbətlərimizdə bu haqda da danışmışıq. Həm də dan yeri söküləndə...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"