Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2024 12:37

Sizi unutmadıq, unutdurmarıq, əziz şəhidlər!

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var unudulub gedir, elələri də var ki, heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən şəhidlərimiz…Onlar xalqın qəhrəmanı olaraq ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Canlarından keçməklə xalqın igidlik dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər… Vətəninə bağlı olan, onu canından üstün tutan elin oğlu heç vaxt yurdunun müdafiəsindən kənarda qala bilməz. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək, şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yüksək döyüş bacarığı göstərərək, torpaqlarımızı işğaldan azad etdi. Tarix yazanlar - ordumuzun igid, cəsur hərbi qulluqçuları Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər. Onlardan biri də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ramin Əli oğlu Kərimlidir.
Ramin 1999-cu il dekabrın 17-də İmişli rayonunun Qaragüvəndikli kəndində dünyaya göz açmışdı. Dünyaya gəlişiylə Kərimovlar ailəsinə sevinc, xoşbəxtlik, nur gətirmişdi… Hər bir övladın böyüyüb boya-başa çatmasında valideynin böyük əziyyəti olur. Raminin də boya-başa çatmasında ata, anası çətinliklərdən keçmişdi. Anası Solmaz xanım deyir ki, Ramin kiçik yaşlarında çox zəif uşaq olub, böyüdükcə möhkəmlənib. Qaragüvəndikli kənd məktəbini bitirdikdən sonra iki arzusunu dilə gətirərək, "Ana, ata, biz buradan şəhərə köçək, ya da rayon ərazisində bir ev tikək. Mən istəyirəm ki, rayonda, ya da Bakıda evimiz olsun. Həm də gələcəkdə hərbçi olmaq, Vətən torpaqlarının keşiyində dayanmaq istəyirəm", - deyib Ramin. Bu sözləri anası Solmaz xanım dilə gətirərək, böyük ürək yanğısı ilə söylədi. "Raminimin arzuları ürəyində qaldı. Hərbçi olmaq arzusu onu rahat buraxmırdı. Hərbi formanı çox sevirdi. Əsgəri xidmətdə olanda komandirlərinə "Mən hərbçi olmaq, xidmətimi davam etdirmək istəyirəm", - söyləmişdi. Lakin mən onun komandirlərinə "Evin tək oğlu olduğu üçün evə qayıtsın", - dedikdə oğlum bu fikrimə qəti surətdə etiraz edib, öz iradəsinin hökmü ilə israrla hərbçi olmaq arzusunu dilə gətirirmiş, "Mən mütləq hərbçi olacam", - demişdi.
Ramin böyük arzusuna çatdı, hərbçi oldu. Vətənin keşiyində ayıq-sayıq dayandı, torpaqlarımızın azadlığı uğrunda  Müzəffər Ali Baş Komandanın döyüş əmrini o da səbirsizliklə gözlədi. Nəhayət, o müqəddəs gün gəlib çatdı. 27 sentyabr 2020-ci il… Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əks-hücum əmri verdi… Ramin də silahdaşları ilə birlikdə Vətən torpaqlarının azadlığı uğrunda savaşa qalxdı. O, qorxmaz, igid bir əsgər kimi Füzuli istiqamətində gedən ağır döyüşlərdə 4 kəndin düşməndən azad olunmasında yaxından iştirak edərək, şəhidlik zirvəsinə ucaldı.
Dəfn mərasimində İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ramin Kərimlinin atasına Azərbaycanın üçrəngli bayrağını təqdim edərkən "Başını uca tut, əziz ata! Sən şəhid atasısan. Sənin oğlun Vətənimizin bütövlüyü naminə canından keçib, o, müqəddəs zirvəyə yüksəlib", - deyib.
Döyüş yoldaşları onun mərd, qoxmaz, düşmən üzərinə yeriyən bir əsgər olduğunu söyləyiblər. Ramin Kərimlinin arzuları böyük idi. Hərbin sirlərinə dərindən yiyələnmək istəyirdi…
Solmaz xanım yeganə övladının şəhid olmasından sonra  həyat yoldaşı ilə kənddə artıq yaşaya bilmədiklərini dedi. "Orada Raminimin nəfəsi duyulurdu, biz orada yaşaya bilmədik. Qərara gəldik ki, rayon ərazisinə köçək. Yoldaşımla birlikdə bir yurd yeri alıb, ev tikdik. O, Raminin həsrətinə dözə bilmədi, dünyasını dəyişdi. Ağır olsa da, indi mən iki dərdi qəlbimdə daşıyıram".
Bu gün Solmaz xanımın yeganə təsəllisi oğlunun xatirəsinin əbədi yaşadılması və onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən medallarla təltif edilməsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ramin Kərimli (ölümündən sonra) "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. Mükafatlar şəhidin anası Solmaz xanıma təqdim olunub.
Raminin ömür yolu Azərbaycan gənclərinə örnəkdir. Şəhidlərimizin xatirələrini əbədi yaşatmaq hər birimizin şərəf borcudur. Sizi unutmadıq, unutdurmarıq, əziz şəhidlər! Sizin hər birinizin adı qəlbimizdə yaşayır, yaşayacaq.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"