Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda yüzlərlə, minlərlə Vətən fədaisi canından keçdi. "Təki Vətən yaşasın", - deyən fədailər əsl igidlik, vətənpərvərlik, sonsuz sədaqət nümunələri göstərdilər. Canlarından çox sevdikləri Vətəni azad, müstəqil, firavan, abad görmək istəyirdilər.
Vətənə, xalqa sədaqəti ilə seçilən vətənsevərlərdən biri də Gədəbəy rayonunun Novo-Saratovka kəndinin yetirməsi Hüseyn Aslan oğlu Rzayevdir. Etibarlı Vətən müdafiəçisi kimi tanınan Hüseyn zəhmətkeş bir ailədə boya-başa çatıb. Hüseyni tanıyanlar onun anım mərasimində xatirələrini bölüşdülər.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olundu.
Sonra Vətən müharibəsində ordumuzun düşmən üzərində tarixi qələbəsinin əldə edilməsində igid Vətən övladlarının Vətən sevgisindən, igidlik və şücaətlərindən bəhs etdilər. İgid döyüşçü kimi tanınan Hüseyn Rzayevin həyatı, keçdiyi döyüş yolu haqqında məlumat verildi. Bildirildi ki, o, 14 may 1996-cı ildə anadan olub. Kənd orta məktəbində orta təhsil alıb. Təhsil illərində qədim mədəniyyət və incəsənətimizə, hərb tariximizə böyük maraq göstərib. Vətən müharibəsi qəhrəmanları haqqında kitablar oxuyub, onun odlu-alovlu günlərinə həmişə böyük diqqət yetirib. Şəhidlərin həyatına dair sənədli filmlərə maraqla baxıb. Əsgər olub Vətən keşiyində dayanmaq həmyaşıdları kimi onun da ən böyük arzusu olub. 2014-cü ildə hərbi xidmətə çağırılıb. Xidmət müddətində intizamlı əsgər kimi tanınıb. Atıcı silahlardan məharətlə istifadə etməyi öyrənib. Komandirlərin rəğbətini qazanıb, ailəsinə təşəkkür məktubu da ünvanlanıb. Cəsarətli, mərd, qorxmaz, vətənsevər oğul böyütdüklərinə görə valideynlərinə minnətdarlıq ifadə olunub. Hərbi xidmətdən tərxis olunduqdan sonra xidmətini davam etdirmək istəyini valideynlərinə bildirib. Onlar da Hüseynin istəyinə qarşı çıxmayıblar. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Taqım komandirinin müavini vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Silahdaşlarını da həmişə nümunəvi xidmətə sövq edib. Onun da ən böyük arzusu Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmək idi.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı birləşmələri sərhəd boyu ərazilərimizə geniş miqyaslı hücuma keçdilər. Mənfur düşmənin hücumlarının dəf edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuza əks-hücum əmri verildi. Hüseynin xidmət etdiyi hərbi hissə də Füzuli bölgəsində döyüş əməliyyatlarına qatıldı.
Qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vuraraq bir neçə kəndi azad edən hərbçilərimiz torpaqlarımızı düşməndən təmizlədi. Döyüşlərdən birində Hüseyn düşmən gülləsinə tuş gəldi. Canından çox sevdiyi Vətən yolunda şəhidlik zirvəsinə ucaldı. O, kənd qəbiristanlığında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların xatirələrinin əziz tutulacağını, heç vaxt unudulmayacaqlarını, onların həyatının, döyüş yollarının nümunə göstəriləcəyini vurğuladılar.
Hərbçilər və ictimaiyyət nümayəndələri ordu və xalqın yenilməz birliyindən, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətindən, həyata keçirdiyi daxili və xarici siyasətin böyük uğurlarından, Azərbaycanın dünya miqyasında artan nüfuzundan bəhs etdilər. Bildirdilər ki, dövlət rəhbərliyi tərəfindən şəhid ailələrinə, döyüşlərdə yaralananlara, sağlamlıqlarını itirən hərbçilərimizə yüksək diqqət, qayğı göstərilir. Sonra mərasim iştirakçıları kənd mərkəzində şəhidlərin xatirəsinə inşa olunmuş "Bulaq" kompleksinin açılışında iştirak etdilər. Tədbir iştirakçıları Hüseyn Rzayevin kənd qəbiristanlığındakı məzarını ziyarət edib üstünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"